Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:10

Misir məscidində qətliam törədilib: Azı 235 nəfər öldürülüb (VIDEO)


Əl-Rəvda məscidi hücumdan sonra

Misirin Sinay yarımadasındakı məscidə silahlı basqın nəticəsində azı 235 nəfərin həlak olduğu xəbər verilir.

Hücum edənlər məsciddə bomba partlatdıqdan sonra ibadət edənlərə aramsız atəş açmağa başlayıblar.

Hökumət bildirir ki, Misirin tarixində ən qanlı basqın olan bu hücum nəticəsində daha 109 nəfər yaralanıb.

Hadisə yerindən göndərilən fotoşəkillərdə qana bulaşmış cəsədlərin yerə düzüldüyü görünür.

Polis mənbələri Associated Press agentliyinə bidlirib ki, 4 cip avtomobilində olan silahlılar əl-Rəvda şəhərinin məscidindəkilərə atəş açıblar.

İki şahid Reuters agentliyinə deyib ki, silahlılar cümə namazına gələn təhlükəsizlik əməkdaşlarını dəstəkləyənləri hədəfləyiblər.

Yerli MENA agentliyi isə xəbər verir ki, bu məscidə əsasən sufilər gəlir. İslam Dövləti ekstremist qruplaşması və bir sıra başqa ekstremist təşkilatlar sufiləri kafir hesab edirlər.

Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, 50-dək ambulans yaralıları xəstəxanalara daşıyırdı.

Misir baş prokuroru Nabil Sadiq ölənlərin azı 235 nəfər olduğunu bəyan edib.

Səhiyyə rəsmiləri Al Jazeera telekanalına bildiriblər ki, məscidin kiçikliyinə baxmayaraq hadisə zamanı burda çox sayda adam olub.

Şahidlərin dediyinə görə, silahlılar hücum yerindən qaçanları güllələyirdilər.

Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasında islamçı silahlılara qarşı uzun illərdir mübarizə aparsa da, basqınların intensivliyi 2013-cü ildə islamçı prezident Məhəmməd Morsi devriləndən bəri artıb.

Oktyabr ayında Misir polisi üzərinə hücuma görə məsuliyyəti öz üzərinə Ənsar əl-İslam adlı yeni qruplaşma götürmüşdü.

Misir prezidenti Abdel-Fattah el-Sissi təhlükəsizlik rəsmiləri ilə keçirdiyi müşavirədən sonra ölkədə üç günlük matəm elan edib.

ABŞ prezidenti Donald Trump hadisə ilə bağlı tvit yazıb: “Misirdə günahsız və müdafiəsiz möminlər üzərinə dəhşətli və xain terror hücumu edilib. Dünya terrora dözümlülük göstərə bilməz. Biz onları hərbi baxımdan məğlub etməli və onların varlığının əsasını təşkil edən ekstremist ideologiyasını puça çıxarmalıyıq”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG