Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 06:22

Mis ixracına yeni rüsumlar gəlib


Mis yataqları.

Hökumət mis məmulatı ixracına dair ötən ilin avqustunda verdiyi qərara əlavələr edib. Siyahı yeni mis məmulatı çeşidləri (saflaşdırılmış misdən məftil və prokat hazırlamaq üçün biçmələr, mis profil və çubuqlar və s.) ilə genişlənib. Qərar dərc edildiyi tarixdən (12 yanvar) 30 gün sonra qüvvəyə minir və 5 il qüvvədə olacaq.

TƏŞƏBBÜS İQTİSADİYYAT NAZİRLİYİNDƏN GƏLİB

Qərar İqtisadiyyat Nazirliyinin (İN) təklifi ilə qəbul edilib. Siyahıya yeni artırılan məhsullara da ixrac rüsumu malın ixrac dəyərinin 10 faizi həddində müəyyənləşdirilib. Ancaq rüsumun məbləği ixrac edilən malın hər tonuna görə 300 ABŞ dollarından az ola bilməz.

Mis məmulatına ixrac rüsumunun tətbiqi haqqında qərar 2016-cı il avqustun 2-də qəbul edilib və sentyabrın 5-dən qüvvəyə minib.

MİS İXRACI 24 MİLYON DOLLAR QAZANDIRIB

Qərar mis filizləri və konsentratlarına şamil edilmir. Ötən ilin 9 ayında Azərbaycandan xaricə 8 min 114.5 ton mis filizi göndərilib. Onun satışından 10 milyon 280 min dollar gəlir götürülüb.

Buna da bax-Dəri ixracına rəmzi rüsum dönəmi sona çatdı

Mis məmulatına gəlincə, Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, 2016-cı ilin 9 ayında, yəni ixrac rüsumları tətbiqinədək 6 min tondan çox belə məhsul ixrac edilib. İxracatçıların gəliri 13 milyon 888 min dollar olub.

RÜSUM NƏYİ HƏDƏFLƏYİR?

Hökumət mis ixracına rüsum tətbiqinin səbəblərini açıqlamır. DGK da son 3 ayda mis ixracından dövlət büdcəsinə daxil olan rüsumlar haqqında məlumat vermir. Mütəxəssislər deyirlər ki, bu qərar istehsalı stimullaşdırmır, məqsəd, sadəcə, büdcə gəlirlərini artırmaqdır.

Hökumət ötən il dəri ixracını da vergiyə cəlb edib. Bunadək 2001-ci ildə qara metal qırıntısı və tullantılarının ixracı gömrük rüsumuna cəlb olunmuşdu.

XS
SM
MD
LG