Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 00:53

Hökumət mis ixracını məhdudlaşdırdı


Azərbaycanda mis ehtiyatları, əsasən, Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşib.
Azərbaycanda mis ehtiyatları, əsasən, Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşib.

Bu gün – avqustun 6-da media hökumətin Azərbaycandan mis və mis ərintilərinin ixracına görə dövlət büdcəsinə ödənilən rüsumların artırılmasını nəzərdə tutan qərarını diqqətə yetirib.

Qərar 30 gündən sonra qüvvəyə minəcək

Mis emalçıları, ən azı, 5 il bu qaydalarla işləyəcəklər. Qərarda göstərilir ki, mis ixracatçıları indən belə malın gömrük dəyərinin 10 faizi həcmində, ancaq hər 1 tona 300 ABŞ dollarından az olmamaqla, rüsum ödəməlidirlər. Əvvəlki qaydalarda ixrac rüsumunun məbləği 15dollar/ton idi. Başqa sözlə, indi ixracatçılar qazancın xeyli hissəsini dövlət büdcəsinə ödəməyə məcbur qalacaqlar.

London qiymətli metallar birjasında (LME) bir ton misin alış qiyməti 4 min 760 ABŞ dolları civarındadır. Halbuki, ötən ilin sentyabrında qiymət 5 min 200 dollardan yuxarı idi. Düzdür, son bir ayda qiymət «dalğalana-dalğalana» 4 min 981 dollaradək yüksəlib.

Buna da bax - Gömrükdə 'möcüzə'

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN MƏLUMATINA GÖRƏ…

Bu ilin birinci rübündə Azərbaycanın mis emalçıları xaricə ilkin emaldan keçmiş 2 min 314 ton mis göndəriblər. Əldə olunan gəlir 4.3 milyon dollar və ya hər tona 1857 dollar civarındadır. Başqa sözlə, ixracatçıların bəyan etdikləri qiymət dünya bazarındakı qiymətlərdən təxminən 3 min dollar aşağıdır. Azərbaycanın əlvan metal emalçıları ötən il 4 min 45 ton misi 4 milyon 415 min dollara ixrac etdiklərini açıqlamışdılar.

Mütəxəssislərin fikrincə, misin ixrac qiymətinin aşağı həddə göstərilməsi, adətən, mənfəət vergisindən yayınmaq məqsədi güdür.

Yeni ixrac rüsumları mis emalçılarının vergi intizamını gücləndirə, gömrük yığımlarını artıra bilər.

15 İL ÖNCƏKİ QƏRARIN HƏDƏFİ

Azərbaycanda gömrük rüsumu ödənən malların siyahısı və ixrac rüsumlarının dərəcələri 2001-ci ilin aprelində təsdiqlənib. Sözügedən siyahıya çuqun, ferroərinti və qara metal tullantıları, emalsız alüminium, eləcə də qurğuşun, sink, qalay və onlardan hazırlanan məmulatlar daxildir. «Baku Steel Company» poladəritmə zavodu işə salınarkən - 15 il öncə verilən bu qərar həmin müəssisənin xammalla təminatını asanlaşdırmaq məqsədi güdürdü.

XS
SM
MD
LG