Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 23:39

Ararat Mirzoyan Azərbaycanın müqavilə imzalamaq istəmədiyini iddia edib


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşada keçirilən beynəlxalq təhlükəsizlik konfransında
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşada keçirilən beynəlxalq təhlükəsizlik konfransında

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 2-də iddia edib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamaq üçün “siyasi iradəsi” yoxdur və ola bilsin, Ermənistana qarşı hərbi hərəkətlərə hazırlaşır.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xatırladır ki, bundan bir həftə əvvəl Mirzoyan Nyu Yorkda ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşmüşdü.

Mirzoyan oktyabrın 2-də gileylənib ki, Bakı Yerevanın “keçid sülh müqaviləsi” imzalamağa dair təklifini dəfələrlə rədd edib.

Onun sözlərinə görə Azərbaycan və Ermənistan artıq aralarında razılaşıdırılmış müqavilə bəndlərinin əsasında ilkin keçid və ya çərçivə sənədi imzalaya bilərdilər:

“Bəzi səbəblərə, bəzi təxminlərə görə onlar hər dəfə yeni ön şərtlər irəli sürürlər və biz görürük ki, onlar sadəcə olaraq bu sənədi imzalamaq istəmirlər... Biz bunun edilməsi üçün Azərbaycan tərəfindən siyasi iradə görmürük”.

“Yeni təcavüzdən narahatlıq”

Polşada keçirilən beynəlxalq təhlükəsizlik konfransında Mirzoyan bunun narahatlıq doğurduğunu deyib:

“Bizim ciddi narahatlığımız var ki, Azərbaycan Ermənistan əraziləri ilə bağlı yeni hərbi planlara malik ola bilər. Mən bir misal gətirmək istəyirəm. Bugünlərdə Azərbaycan “Qərbi Azərbaycan” deyilən bir coğrafi termindən istifada edir. Bu ərazi əslində Ermənistan Respublikasının demək olar bütün ərazisi ilə üst-üstə düşür. Onlar bizi əmin etməyə çalışırlar ki, bu, ərazi iddiası deyil, amma təəssüf ki, tamamilə fərqli təsəvvür yaradır”.

Azərbaycan XİN isə A.Mirzoyanı Varşava Forumunda “dezinformasiya, təbliğat və manipulyasiya işləri həyata keçirməkdə” ittiham edib, məqsədin Azərbaycan əleyhinə fikirlər aşılamaq olduğunu bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X”də yazıb ki, “Mirzoyan beynəlxalq ictimaiyyəti çaşdırmaqdansa, Ermənistanın hərbi təcavüzü və 30 il ərzində Azərbaycan ərazilərinin işğalda olması ilə bağlı niyə səssiz qaldığını izah etsə, daha düzgün olardı”.

Bundan əvvəl, hələ iyun ayında Ermənistan XİN iddia etmişdi ki, Azərbaycan noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransının ardınca Ermənistana qarşı “yeni təcavüzə” başlaya bilər.

Azatutyun xatırladır ki, baş nazir Nikol Paşinyan bu ilin əvvəllərində dörd kəndin Azərbaycana qaytarılması zamanı bəyan etmişdi ki, əks halda Azərbaycan Ermənistan üzərinə hücum edə bilər.

Paşinyan da ötən avqustda sülh müqaviləsi layihəsinin artıq razılaşdırılmış bəndləri əsasında sənəd imzalanmasını təklif etmişdi. O demişdi ki, müqavilənin əksər maddələri razılaşdırılıb.

Lakin Paşinyan razılaşdırılmayan maddələrdən söz açmamışdı. O oktyabrın 2-də parlamentdə də bu suala cavab verməyib.

Paşinyan keçid sülh müqaviləsinin imzalanması təklifini, Bakının dəfələrlə rədd etməsinə baxmayaraq, yenidən dilə gətirib.

Öz növbəsində Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ön şərt kimi Ermənistanın öz konstitusiyasını dəyişdirməsini tələb edir.

Rəsmi Bakı Yerevanla heç bir “yarımçıq” sənəd imzalamayacağını bildirib.

Bundan əvvəl

Prezident İlham Əliyevin siyasət məsələləri üzrə baş müşaviri Hikmət Hacıyev Bakının bu şərtini İtaliyanın La Repubblica qəzetinə ötən ay verdiyi müsahibədə bir daha dilə gətirib.

O deyib ki, “bizə qarantiyalar” lazımdır. Hacıyev vurğulayıb ki, Ermənistanın davam edən hərbiləşməsi sülh prosesinə daha bir əngəldir.

Hacıyevin sözlərinə görə Ermənistan üçün ən yaxşı variant Azərbaycana hədə yaradan hərbi ittifaqlara üzvlük yox, neytrallıq olardı.

ABŞ dövlət katibi Antoni Blinken BMT Baş Assambleyası dövründə azərbaycanlı və erməni həmkarları – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirib.

Görüş haqqında Ermənistan və Azərbaycan tərəflərinin verdiyi rəsmi məlumatların mətni bir çox mənalarda identikdir: “nazirlər sülh müqaviləsinin yekunlaşdırılması üçün əlavə səylər göstərilməsinə dair razılığa gəliblər”.

Azatutyun yazır ki, Ermənistan XİN tərəflər arasında mövqe fərqlərinin nə dərəcədə dəyişməsi məsələsinə hələ ki, aydınlıq gətirməyib.

Azatutyun yazır ki, amma Birləşmiş Ştatların da Ermənistan baş nazirinin təklifinə münasibəti məlum deyil. ABŞ rəsmiləri bu təklifə dəstək barədə heç bir ictimai açıqlama verməyiblər.

ABŞ Dövlət Departamentinin rəsmi məlumatında yalnız bu deyilir ki, Blinken “tərəfləri razılaşmanın mümkün qədər tez yekunlaşdırılmasından ötrü davamlı irəIiləyişə çağırıb”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Daha sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxarılıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG