Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:50

Prezident nazirləri əyalətlərə köçürəcəyini deyir


Özbəkistan prezidenti Şavkat Mirziyoyev
Özbəkistan prezidenti Şavkat Mirziyoyev

Özbəkistan prezidenti Şavkat Mirziyoyev aprelin 26-da deyib ki, ölkənin əksər kabinet nazirlərinin iş yerini əyalətlərə keçirəcək. Prezidentin sözlərinə görə, bununla da nazirlər sadə adamların çəkdikləri əziyyətin birbaşa şahidi olacaqlar:

“İndiyədək Daşkənddə oturan nazirlərin və başqa yüksək vəzifəli rəsmilərin 70 faizi bundan sonra əyalətlərdə yaşayacaq. Mən onların heç birinin Daşkənddə qalmasına yol verməyəcəyəm. Biz əyalətdəki insanların necə yaşadıqlarını yalnız televizorda görürük: susuz, qazsız, müasir kanalizasiya sistemi olmadan və elektriksiz…Ölkənin 32 milyonluq əhalisinin 2, 5 milyonu paytaxt Daşkənddə yaşayır, qalanları əyalətlərdədir”.

Mirziyoyev hansı nazirlərin və nə müddətə əyalətlərə keçiriləcəyini deməyib. O habelə bu addımın nə vaxt atılacağını da açıqlamayıb. O sadəcə olaraq bildirib ki, “bu barədə tezliklə prezident fərmanı olacaq”.

2016-cı ilin dekabrında prezident seçiləndən bəri Mirziyoyev bir neçə çıxışlarında hökumət rəsmilərini təkəbbürlükdə və reallıqla əlaqələrini itirməkdə ittiham edib.

Aprelin 26-də etdiyi çıxışda prezident Daşkənd rayonlarının rəhbərlərini tənqid atəşinə tutub.

Mirziyoyev paytaxtın 11 rayonunun rəhbərlərinə ya insanların həyatını yaxşılaşdırmaq, ya da vəzifələrini itirmək seçimi qoyub:

“Əgər rayon rəhbəri milyon dollarlıq xarici investisiya gətirə bilmirsə, mənə belə rayon rəhbəri lazım deyil. Mən onların hamısını işdən çıxaracağam…Biz altı ay gözləyəcəyik. Əgər həmin müddətdə yaxşılaşma olmasa, biz onların hamısını işdən kənarlaşdıracağıq. Yalnız Daşkənd meri və onun rayonlara baxan 11 müavini qalacaq”.

Bu görüşün keçirildiyi gün, aprelin 26-da zəngin biznesmen, 43 yaşlı Jahongir Ortıqxocayev paytaxtın mer əvəzi vəzifəsinə təyin edilib. Ondan əvvəl bu postu son 6 ildə Rahmonbek Usmonov tuturdu.

Mirziyoyev deyib ki, keçmiş merin fəaliyyəti qənaətbəxş olmayıb. Onun sözlərinə görə sakinlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri “tısbağa sürəti ilə” aparılırdı.

Prezident xəbərdarlıq edib ki, Özbəkistan rəsmiləri xalqın razı olmasına nail olmalıdırlar, çünki bu onların vəzifədə qalmasının yeganə yoludur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG