Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

İdrak Mirzəlizadə Rusiyada ‘ömürlük arzuolunmaz’ şəxs elan edildi


İdrak Mirzəlizadə
İdrak Mirzəlizadə

Prokurorluq aktyoru rus millətini alçaltmaqda ittiham edir

Rusiya Daxili İşlər Nazirliyi məzhəkəçi aktyor İdrak Mirzəlizadənin ölkə ərazisində “ömürlük arzuedilməz şəxs” olması barədə qərar qəbul edib.

CurrentTime saytı yazır ki, bu barədə nazirliyin internet səhifəsində məlumat dərc olunub:

"İdrak Mirzəlizadə ictimaiyyət qarşısında çıxışı zamanı rus millətinə qarşı nifrət oyadan və onun insani ləyaqətini alçaldan ifadələr işlədib. Bununla əlaqədar onun Rusiya Federasiyasının ərazisində olması ictimai asayişə, başqalarının hüquq və qanuni maraqlarına təhlükə yaradır”.

DİN hesab edir ki, “millətlərarası münasibətlərdə sabitsizlik yaradan çıxışlar hansı formada ifadə olunmasından asılı olmayaq yolverilməzdir”.

Nazirliyin məlumatında bildirilir ki, Mirzəlizadə son illərdə dəfələrlə Rusiyaya gəlib və bu ilin martında isə ona Rusiyada məskunlaşmaq hüququ verilib.

Bu da xəbər verilir ki, Mirzəlizadə avqustun 9-da Taqansk rayon məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub və ona qarşı düşmənçilik və nifrətin qızışdırılması ittihamı irəli sürülüb.

Məzhəkəçinin prokurorluğa çağırılmasına səbəb onun “Razqonı” adlı yumoristik şouda etdiyi çıxış olub.

Zarafat, yoxsa təhqir?

Bu çıxışında Mirzəlizadə ksenofobiya problemlərinə, qeyri-slavyan xarici görünüşə malik insanların Moskvada ev kirayələməkdə çəkdikləri çətinliklərə toxunmuşdu.

Bu çıxış nömrəsində aktyor qardaşı ilə əvvəllər “rusların” yaşadıqları mənzilə köçdüyündən və orada nəcisə bulaşmış döşək görmələrindən danışırdı.

Aktyor zarafat etmişdi ki, “yəqin ruslar yatmazdan əvvəl bədənlərinə nəcis sürtürlər”.

Prokurorluq isə aktyorun çıxışını zarafat yox, qanun pozuntusu kimi sənədləşdirib. Qurum bildirib ki, bu “zarafatda” “milli mənsubiyyətə görə müəyyən qrup insanların alçaldılmasının” əlamətləri var.

İdrak Mirzəlizadə məhkəmə dinləməsində ona qarşı millətlərarası düşmənçiliyin yaradılması ittihamını rədd edib:

“Bu çıxış yumoristik idi və əksinə ksenofobiyanı məsxərəyə qoyurdu”.

Onun sözlərinə görə, onun stendap çıxışı zamanı zalda müxtəlif millətlərin nümayəndələri vardı və onlar zarafatın ksenofobiyaya qarşı yönəldiyini bilirdilər.

Bununla belə məhkəmə həbsə qarşı apellyasiyanı rədd edib.

Rusiyanın bir sıra stendap aktyorları Mirzəlizadəni müdafiə ediblər:

“Rus qonaqpərvərliyi”

CurrentTime yazır ki, ötən iyun ayında Mirzəlizadə iki nəfərin hücumuna məruz qalmışdı. O bundan əvvəl həmkarı Kirill Selegeylə “Stendap-klub”-dan çıxarkən izləndiyini hiss etmişdi.

Onlar dayanacağa çatanda naməlum şəxslər Mirzəlizadəni arxadan vurmuş və ondan üzrxahlıq etməsini tələb etmişdilər.

Aktyor hadisədən sonra demişdi ki, ona hücuma görə adamlara mükafat vəd olunduğunu başa düşüb.

İdrak Mirzəlizadə habelə məhkəməyə adı çəkilməyən Telegram kanalından skrinşot təqdim etmişdi.

Həmin postda məzhəkəçiyə “rus qonaqpərvərliyi” göstərmək, bunu videoya çəkmək və 50 min rubl (700 dollar) mükafat almaq təklif olunurdu.

Vladimir Solovyov aktyorun cəzalandırılmasını tələb etmişdi

Rusiyanın Meduza qəzeti yazır ki, iyunun 5-də millətçi “Tsarqrad” telekanalı sözü gedən çıxışa görə Mirzəlizadəni sərt tənqid etmişdi:

“Stendap komik rusları təhqir edib. Xalqın səbir kasası daşıb: “Çemodan-Vağzal-Bakı”.

Başqa bir Telegram kanalında isə deyilirdi:

“7 ildir ki, Rusiya vətəndaşlığı almaq istəyən İdrak Mirzəlizadə zalın alqış sədaları altında rus millətini təhqir edir”.

Rusiya dövlət telekanalının aparıcısı Vladimir Solovyov isə Mirzəlizadəni “ayaq altında çirkab” adlandırmış və ona qarşı cinayət işi açılmasına çağırmışdı.

Əslən Azərbaycandan olan İdrak Mirzəlizadə Belarus vətəndaşıdır.

Onun atası, mərhum Kahin Mirzəlizadə Azərbaycan mediasında talış milli fəalı və separatçılıqda ittiham olunan Əlikram Hümbətovun yaxın adamı kimi təqdim olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG