Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:44

Köçkün sığınacağında sənət aləmi...


Mirsiyab Abdullayev
Mirsiyab Abdullayev

-

Bilmirik onu necə təqdim etmək doğru olar: keçmiş döyüşçü, sürücü, masabəyi, yoxsa heykəltəraş? Bu peşələrin hər birində silinməz iz buraxıb, yaxşı ad çıxarıb. Ağdamın Qiyaslı kəndinin keçmiş sakini, hazırda məcburi köçkünlər üçün salınmış «Dördyol-1» qəsəbəsində yaşayan Mirsiyab Abdullayev barədə söz açarkən adam sanki «dörd yol ayrıcı»nda qalır...

«TEXNİKAYA MARAQ HƏR ŞEYİ ÜSTƏLƏDİ...»

«Uşaq yaşlarımdan incəsənətə marağım olub. Şeiri, musiqini sevmişəm. Plastilinlə müxtəlif fiqurlar düzəldirdim. Ağdamdakı musiqi məktəbinə- qarmon dərsinə getmişəm. Amma texnikaya maraq bunları üstələdi. Atam mexanizator olub, şəxsi «Niva»sı vardı. Bu, elə ailə maşını idi. Ağdamdakı texniki peşə məktəbini bitirib sürücü oldum. Müharibədə hərbi texnikaları da idarə etmişəm...».

Mirsiyab Abdullayev etiraf edir ki, uşaq yaşlarında çox nadinc, «ipə-sapa yatmayan» olub. «Davalı» filmlərə maraqla baxıb. Tale elə gətirib ki, o, gənc yaşlarında əsl davaya düşüb, aldığı zərbələrin ağrılarını bu gün də yaşamadadır:

«Kəndimizin işğalınadək gözəl yaşamışıq. Baxmayaraq ki, 1988-ci ildə münaqişə başlamışdı. 1991-ci ildə Ağdamda milli özünümüdafiə batalyonu yarananda, onun ilk üzvlərindən olmuşam. Allah qəni-qəni rəhmət eləsin Şirin Mirzəyevə, gözəl sərkərdə idi. Onun ilk sürücüsü olmuşam. Orduda taqım komandiri vəzifəsinədək yüksəlmişəm».

«UAZ»DAN DÜŞÜB BTR-Ə MİNİB...

Müsahibimə müharibə xatirələrini danışmaq heç də rahat deyil. Yurd yerini, yaxın dostlarını itirib, ömrün şirin gənclik çağında məhrumiyyətlər yaşayıb:

Qarabağda döyüşlər - 1992
Qarabağda döyüşlər - 1992

«1991-ci il noyabrın 15-də bir döyüşçümüz- səhv etmirəmsə o, Beyləqanlı idi- əsir düşmüşdü. Şirin, Əlabbas, bir də Vüqar Ağdam rayonunun komendantı ilə getdilər Qarakəndə ki, danışıqla onu əsirlikdən qurtarsınlar. Mən də qaldım Mərzili yolunda. Qarşı tərəf isə yeni gələnləri də əsir götürmək istəyib. Komendant onların bura gəlmələrindən mənim məlumatlı olduğumu deyib, yerimi də nişan verib. Mən ehtiyat tədbiri olaraq zəng edib harada olduğumu döyüş yoldaşlarıma məlumat vermişdim. Məni gülləyə tutdular, «UAZ»ımı yandırdılar. Amma birtəhər güllələrdən yayına bildim. Sonralar dəstəmiz erməni hərbi birləşmələrinin əlində olan BTR-i alıb mənə verdilər....».

QİYASLIDAN «TÜRK ÇADIRI»NA UZANAN ƏZABLI YOLLAR...

Mirsiyab Abdullayev orduda olduğu bir vaxtda- 1993-cü il iyunun 21-də ailəsi Qiyaslı kəndini tərk etməli olub. Qaçaqaçda şəkər xəstəsi olan anası yıxılıb və ayağından ciddi zədə alıb. Bu, sonradan həmin ayağın amputasiyası ilə nəticələnib.

Köçkünlük ailə üzvlərini pərən-pərən salıb: valideynlər Bərdənin Zümürxan kəndində yaşayan qızlarının yanına sığınıb, Mirsiyabın Ağdamda yaşayan bacısı Neftçalaya köçüb, qardaşları isə Bərdə, Tərtər və Ağdaşda məskunlaşıb.

Fəvvarəli hovuzun ətrafında timsah, pələng, bir qədər ətrafda ceyran, durna, ilan, qoç və başqa heyvan heykəlləri var.
Fəvvarəli hovuzun ətrafında timsah, pələng, bir qədər ətrafda ceyran, durna, ilan, qoç və başqa heyvan heykəlləri var.

1996-cı ildə ordudan tərxis olunan Mirsiyab Abdullayev valideynlərini Bərdə ilə Yevlax arasında salınan «türk çadırı»nda tapıb:

«Kiçik çadırda üç nəfər qalmaq narahatlıq yaradırdı. Əlimizdən hər şey çıxdığından dolanışacaq da çətinləşmişdi. Ona görə məcbur olub Qazaxıstana getdim. Ta 2003-cü ilədək orada yaşadım. Qayıdanda...».

«NADİNC OĞLAN»IN TOYBƏYİLİYİ

Burdan belə qəhrəmanımızın qəmli hekayəsi bitir. Daha yaşa dolduğundan «nadincliyindən» də əl çəkir. Şəxsi həyatını qurmaqla yanaşı, başqalarına da «toy tutur»:

«Özümə bir iş tapa bilmədiyimdən toylarda aparıcılıq etməyə başladım. İnanın ki, təmənnasız insanam- qiymət danışan deyiləm, nə versələr qane oluram. Varlının da toyuna gedirəm, kasıbın da. Elə olub çıxıb gəlmişəm evə, zəng ediblər ki, «ay qardaş, haqqını almamış niyə getmisən?». Demişəm, «narahat olmayın, xeyir-duamı vermişəm». Evə «pay-püş» göndərənlər olub.

«Qarabağ» futbol klubunun uğurlu çıxışından sonra Qarabağ atının heykəlini ucaldıb.
«Qarabağ» futbol klubunun uğurlu çıxışından sonra Qarabağ atının heykəlini ucaldıb.

Tamadalıq da məsuliyyətli işdir. Gərək sözükeçərli, tədbirli olasan ki, yersiz söz-söhbətləri dərhal kəsə biləsən. Üz-üzə dayanan tərəfləri barışdırasan. Adi bir mübahisə dava-dalaşa, toyu vaya çevirə bilər».

HƏYƏTDƏ MUZEY YARADIB

Amma toy da hər gün olmur ki... Mirsiyab Abdullayevin isə bekar oturmaqla arası yoxdur. «Döryol-1» qəsəbəsində məskunlaşandan sonra atası bağ salıb. Mirsiyab isə uşaqlıq arzusunu gerçəkləşdirir- həyətdə müxtəlif fiqurlar düzəldir, kompozisiyalar işləyir.

Deyirlər, heykəltəraşlıq insanın mənəvi aləminin, onun həyata bədii-estetik münasibətinin ifadəsidir. Fəvvarəli hovuzun ətrafında timsah, pələng, bir qədər ətrafda ceyran, durna, ilan, qoç və başqa heyvan heykəlləri var. «Qarabağ» futbol klubunun uğurlu çıxışından sonra Qarabağ atının heykəlini ucaldıb. Həyət açıq havada yaradılmış muzeyə bənzəyir- burada qədimi ütü, nehrə, çıraq, səhəng, küp, dolça, bıçaq, qaşıq və daha nələr, nələr var...

KÖÇKÜN SIĞINACAĞI HƏM DƏ «ATA OCAĞI»DIR

Həyat yoldaşı, Azərbaycan Pedaqoji Universitetində metodist vəzifəsində işləyən Sevinc Abdullayeva deyir ki, ona işlərində dəstək olur:

Sevinc Abdullayeva və Mirsiyab Abdullayev
Sevinc Abdullayeva və Mirsiyab Abdullayev

«Bu, onun hobbisidir. Hər gün heykəllərinə sığal çəkir, onlarla nəfəs alır. Fəsillərə uyğun onların rənglərini də dəyişir. Rahatlığım üçün mənə həyətdə mətbəx hazırlayıb. Mirinin yaratdığı şəraitə görə qonaqlarla həyətdə oturmaq xoş olur».

Mirsiyabın atası onlarla bir yerdə qaldığından bu ev «kötük» hesab olunur. Yaxında, uzaqda yaşayan bütün qohumlar tez-tez onları yoluxmağa gəlir. Mirsiyab deyir, yay vaxtı o qədər qonaq olur ki, bəzən ev adamları həyətdə skamyanın üstündə yatmalı olurlar:

«Atamın 50-dən çox nəvəsi, bir neçə nəticəsi, hətta kötükcəsi var. Onları düşünüb kababxananı tikmişəm, fəvvarəli hovuz quraşdırmışam. Ki, gələndə ata-baba ocağından şirinlik tapsınlar. Uşaqlar hovuza yaxın gələndə timsaha, pələngə də əl sürtürlər. İstəyirəm onlar heyvanları qəddar kimi tanımasınlar».

... Yox, o, özünü «müharibə adamı» hesab etmir. Çıxışlarında və sənət əsərlərində sülhə, ədalətə çağırış edir, bütün canlılara mərhəmət hissi aşılayır...

XS
SM
MD
LG