Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:00

Vəkil: ‘Mirfeyzulla Seyidov ev dustağlığına buraxılıb’


Mirfeyzulla Seyidov
Mirfeyzulla Seyidov

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzulla Seyidov mayın 22-də axşam saatlarında ev dustaqlığına buraxılıb. O hazırda evindədir”.

Bu barədə vəkil Cavad Cavadov “Amerikanın Səsi” radiosuna bildirib.

Onun sözlərinə görə, mayın 22-də Nərimanov Rayon Məhkəməsi müdafiə tərəfinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətini təmin edib.

“İctimai dəstəyə görə hüquq-müdafiə təşkilatlarına, mediaya, bütün insanlara təşəkkürümü bildirirəm. Bizim müraciətə müsbət cavab verildiyinə görə, baş prokurora təşəkkür edirəm”, vəkil qeyd edib.

Ancaq mayın 21-də Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı Mirfeyzulla Seyidov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişməmişdi.

Vəkili Seyidovun müdafiəsindən ötrü hüquqi addımların davam etdiriləcəyini bildirmişdi.

Cavad Cavadov həmçinin vurğulamışdı ki, Mirfeyzulla Seyidov bir neçə gün öncə 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasından tibb hissəsinə köçürülüb

Müdafiəçiləri hesab edirdi ki, Seyidovun vəziyyətinin yaxşılaşmasından ötrü onun tibb hissəsinə köçürülməsi yetərli deyil, müxalifətçinin azad olunması lazımdır:

“Onu həftədə üç dəfə dializ proseduruna aparırlar, hər prosedur 4 saat davam edir. Sonra özünə gəlmək üçün daha 4 saat xəstəxanada qalmalı olur. Seyidov həm də diabet və hipertoniya xəstəsidir”.

Bir həftə əvvəl isə vəkil baş prokurora müraciət edərək, həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş etmişdi.

Xatırlatma

AXCP fəalı, milli-azadlıq hərəkatının iştirakçılarından olmuş Mirfeyzulla Seyidov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsi ilə ittiham olunur.

Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Onun mayın 9-da saxlandığı, məhkəmə qərarı ilə haqqında həbs-qətimkan tədbirinin seçildiyi bildirilirdi.

Amma AXCP Seyidova qarşı ittihamın saxta olduğunu, onun siyasi baxışlarına görə şərlənib həbs olunduğunu açıqlamışdı.

Hərçənd, Azərbaycan rəsmiləri ölkədə insanların siyasi əqidələrinə görə həbs edilməsi ilə bağlı deyilənləri düzgün saymırlar.

XS
SM
MD
LG