Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:16

Həbsdəki MTN polkovnikinin cəzası 3 ilə endirildi


MTN işi

Həbsdə olan MTN polkovniki, nazirliyin Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş Mirəziz Əsgərovun cəzası yüngülləşdirilib. Bakı Hərbi Məhkəməsinin ona təyin etdiyi 4 illik həbs cəzası 3 ilə endirilib. Bu haqda oktyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Qərar elan olunmamışdan əvvəl təqsirləndirilən polkovnik çıxış edib. O, günahsız olduğunu, iş üzrə zərərçəkmiş qismində tanınan Vidadi Əzizov tərəfindən şərləndiyini bildirib, məhkəmədən ona bəraət verilməsini istəyib.

Qısa müşavirədən sonra onun apellyasiya şikayətinin qismən təmin olunduğu, haqqındakı hökmün dəyişdirildiyi elan olunub.

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan sonra həbs olunan M.Əsgərov hədə-qorxu ilə tələb etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinərək, 4 il həbs cəzası alıb. Bakı Hərbi Məhkəməsi ona münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edib.

MTN polkovnikinin onu həbs etdirib, 340 min dollarını aldığını iddia edən zərərçəkmiş V.Əzizov da apellyasiya şikayəti vermişdi. O isə əksinə, M.Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyirdi. Zərərçəkmiş M.Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı isə 1 milyon 200 min manatlıq mülki iddiasının təmin olunmasını istəyir. Əzizov deyir ki, MTN dövlətin mühüm orqanı olub, onun məsul şəxslərinin qanunsuzluğuna görə də dövlət məsuliyyət daşıyır.

M.Əsgərov isə bildirir ki, V.Əzizovdan həbs olunmaması üçün 300 min, daha sonra da biznesinə mane olmamaqdan ötrü 40 min dollar alması haqda zərərçəkmişin söylədikləri ağ yalandır. Təqsirləndirilən şəxsin sözlərinə görə, V.Əzizovun xarici kəşfiyyata işləməsi haqda MTN-də kifayət qədər sübut olub, onu bu üzdən saxlayıblar:

«Onun sahibkarlıqla məşğul olması haqda dedikləri yalandır».

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG