Son aylar Danimarka qaçqınlara qarşı sərt mövqe seçib. Məsələn, hakimiyyət rəsmiləri hələ sentyabrda sığınacaq almaq fikrinə düşən əcnəbilər üçün Livan qəzetlərində unudulmayacaq elan verib: “Danimarkaya gəlməyin!”
İndi isə ölkədə daha bir ekstremal addım müzakirə olunur. Hökumət ölkəyə gələn qaçqınlardan zinət əşyalarının və nəğd pullarının müsadirə olunması haqqında qanunu nəzərdən keçirir. Təklif böyük ehtimalla parlamentdən keçəcək.
Kopenhagen Universitetinin qaçqınlar və inteqrasiya üzrə araşdırmaçısı Zachary Whyte deyir ki, bəzən Damimarkanın apardığı cari siyasi xəttində onun ciddi olduğunu, yoxsa kəf gəldiyini anlamaq müşkülə çevrilir. Amma bu halda deyilənlər realdır.
“2015-ci il dekabrın 10-da təqdim olunmuş qanun layihəsi Danimarka hakimiyyətinə sığınacaq istəyənlərin və icazəsi olmayan miqrantların üst-başlarını və yüklərini axtarmaq səlahiyyəti verir. Məqsəd onlara cəkiləcək xərclərin ödənilməsini təmin etməkdir”. Bu barədə Danimarkanın İnteqrasiya nazirliyinin The Washington Post-a göndərdiyi elektron məktubda deyilir.
Qanun layihəsi qəbul olunsa, bu, ölkədə olan qaçqınlara da aid ediləcək. Onun gələn ilin yanvarında parlamentdən keçərək artıq fevral ayından qüvvəyə minəcəyi gözlənilir. Bununla da polislərə kifayət qədər qiymətli hesab elədiyi şeyləri götürmək icazəsi veriləcək.
SAATLAR, MOBİL TELEFONLAR GÖTÜRÜLMƏYƏCƏK, AMMA...
İnteqrasiya nazirinin dediyinə görə, yeni qaydalar yüksək dəyəri olacaq şeylərə aid olunacaq: “Sadə yaşayış tərzi üçün lazım olacaq şeylər, məsələn, saatlar və mobil telefonlar götürlməyəcək. Həmçinin, xüsusi mənəvi-sentimental dəyəri olan şəxsi əşyalar da müsadirə olunmaya bilər. Bu isə o halda mümkündür ki, həmin əşyanın böyük dəyəri olmasın”.
Ölkənin aparıcı iki partiyası qanunu müxtəlif cür izah ediblər.
Whyte deyir: “Televiziyada qanunu izah edərkən ədliyyə nazirinin qanunun ancaq brilyant dolu çemodanlarla gələn qaçqınlara aid ediləcəyini söyləməsi absurddur! Bundan çıxış edərək Danimarka Xalq Partiyası daha az dəyəri olan əşyaların müsadirəsinin vacibliyindən danışır”- araşdırmaçı əlavə edir.
O hesab edir ki, belə qanuna ehtiyac yoxdur: “Sığınacaq istəyənlər Danimarkaya bir qayda olaraq böyük miqdarda pul və zinət əşyaları ilə gəlmirlər”.
QIZIL DİŞLƏR DƏ MÜSADİRƏ EDİLƏCƏK?
“Təklif oppenentlərin “kiçik və qəddar sualı ilə ləkələndi. Onlar soruşdular ki, hökumət qaçqınların qızıl diş qapaqlarını da müsadirə edəcəkmi” , - Whyte deyir.
Öz yurdlarından didərgin düşənlərin qiymətli əşyalarının müsadirəsi ideyası Avropada nasistlərdən qalan acı xatirədir. Onlar bunu yəhudilərə və başqalarına tətbiq etmişdilər.
Danimarka İnteqrasiya Nazirliyi bu qaydaların tətbiqi nəticəsində əldə olunan maliyyə vəsaitlərinin elə qaçqınların özlərinin saxlanma şəraitinə yönələcəyini desə də, nəticədə müsadirə edilənlərin maliyyə dəyəri cox az ola bilər. Odur ki, ekspertlər bu məsələdə hökümətin məqsədinin, əslində, mesaj göndərmək olduğunu deyirlər.
PULSUZ TƏHSİL VƏ SƏHİYYƏ VƏD OLUNUR
İnteqrasiya Nazirliyi qanunu müdafiə edir: “Avropa indi çox böyük miqdarda qaçqın axını ilə üzləşib. Danimarka öz payını almaq istəyir. Buna baxmayaraq böyük sayda qaçqın bizim cəmiyyətə təzyiq edir və onların uğurla inteqrasiyasını təmin etmək get-gedə daha çox çətinləşir”.
Nazirlik bildirir ki, yaşam icazəsi olan qaçqınların uşaqları pulsuz məktəblərdə oxumaq, o cümlədən ali təhsil almaq hüququna malik olacaq, danimarkalıların aldığı yüksək səviyyəli səhiyyə xidməti ilə təmin ediləcək.
Danimarka həm də 3 illik inteqrsiya prosedurları təqdim edir. Buraya dil öyrənmək, peşəkar hazırlıq da daxildir. “Danimarka dövlətinin məqsədi qaçqınların gələcəkdə fəal və maddi cəhətdən müstəqil vətəndaş olması üçün onlara dəstək verməkdir”, - naizrlik bildirir.
Danimarkanın TV2 kanalına müsahibəsində İnteqrasiya naziri Inger Støjberg tənqidləri rədd edib, o nasist praktikası ilə paralellər aparanların düz demədiklərini söyləyib. Telekanal həm də Sosial-Liberal partiyanın xarici işlər üzrə eksperti Martin Lidegaard-dan sitat gətirib ki, bu təklif olunan siyasət ölkənin beynəlxalq imicinin zədələnməsinə gətirə bilər.
Tənqidçilər Danimarka rəsmilərinin bu ölkənin qaçqınlar üçün daha az cəlbedici olması üçün çalışdıqlarını deyir. Son vaxtlarda hökumət qaçqınlar üçün sosial müavinətləri 50 faiz azaldıb.
Araşdırıcı Whyte-ın qənaətincə, qonşu İsveç bu yaxınlarda qaçqın axını qarşısında məhdudiyyətləri artırandan sonra Danimarka göstərmək istəyir ki, onun siyasəti daha məhdudlaşdırıcı xarakter daşıyır. “Bu Danimarkanın qaçqınlara sığınacaq verilməsi barədə siyasətinin əsas xəttidir. Yəni göstərmək istəyir ki, qonşuları ilə müqayisədə daha az qonaqpərvərdir”, - araşdırmaçı söyləyir.