Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

50 minlik rüşvətdə suçlanan sabiq məmur: 'Heç mənə təklif edən olmayıb'


Pul
Pul

Paytaxtın Xətai rayonunun icra başçısı Razim Məmmədov işdən kənarlaşdırılandan az sonra onun qohumu Xalid Məmmədov təqsirləndirilən şəxs kimi məhkəmə qarşısına çıxarıldı. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləmiş X.Məmmədov elə bu rayonda rüşvət alıb qanunsuz tikililərə şərait yaratmaqda suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan X.Məmmədov isə özünü təqsirli bilmir. Yanvarın 3-də 27 yaşlı sabiq məmur məhkəmədə təkcə bir tikintiyə görə 50 min manat rüşvət alması barədə ittihama münasibət bildirərkən deyib ki, nəinki bu pulu almayıb, heç ona təklif də edilməyib. Bildirib ki, tikinti məsələlərinin ona aidiyyəti olmayıb, əsasən, məhəllələrdəki daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi ilə məşğul olublar: «Mənim avtomobilimin ustası vardı, İlham Məlikov. 2018-ci ilin fevralında mənə zəng eləyib dedi ki, dostu Elsevər tikinti işinə görə mənim yanıma gələcək. Ona da dedim ki, tikinti mənim sahəm deyil. Bildirdi ki, sadəcə, bəzi məsələlərlə bağlı məsləhət almaq istəyir. Gəldilər, danışdıq, Xətai rayonu ərazisində tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım, bildirdim ki, o yerdə tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi alınmalıdır. Oradan sərəncam verilməli, layihə təsdiqlənməlidir. Ondan sonra heç nədən xəbərim olmadı...».

«Dedim, bunlar saxtadır...»

X.Məmmədovun dediyinə görə, bir də may ayında 97 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərindən eşidib ki, o ərazidə artıq bünövrə qazılır. Bunu eşidən kimi, gedib orada işi dayandırıb. Ertəsi gün avtomobil ustası İ.Məlikovla dostu Elsevər Rufullayev onun yanına gəliblər: «Elsevər dedi, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacağam. Ertəsi gün Əmlak Komitəsi və meriyadan sənədlər gətirdi. Dedim, bunlar saxtadır, şübhələndim. Tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və meriyada təsdiqlətsin. İyunda Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də ora getdim, meriyanın işçisindən soruşdum ki, bunların sənədləri qaydasındadırmı? Dedi, bütün sənədləri düzdür, sonra da tikintiyə davam etdilər. İki ay sonra da Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi...».

X.Məmmədovu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prokurorluğa göndərdiyi materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Ona CM-in 311 (rüşvət alma), 34.312-ci (rüşvət verməyə təhrik etmə) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham verilib.

Azərbaycan qanunvericiliyində külli miqdarda ziyan vurmaqla dələduzluq etməyə görə 5 ildən 10 ilə qədər, rüşvət almaya görə 4 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Razim Məmmədov dekabrın 13-də prezidentin sərəncamıyla Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG