Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölümü ilə bağlı yayılan xəbərləri araşdırıb.
Nazirliyin sözü gedən ərazidə keçirilən baxışın nəticələri ilə bağlı açıqlamasında balıqların ölümünə dair məlumatlar təsdiqlənib.
“Baxış zamanı Goran körfəzinin dayaz sulu sahələrində çoxlu sayda ölmüş çapaq balığı müşahidə olunub”, nazirlik bu gün, mayın 14-də bildirib.
Su anbarının müxtəlif nöqtələrindən su və balıq nümunələrinin götürüldüyü, bioloji, morfoloji, fizioloji, histoloji analizlər aparıldığı, nümunələrdə infeksion xəstəliklərin törədicilərinin, zəhərlənmə hallarının aşkar edilmədiyi bildirilir.
Nazirlik vurğulayır ki, körfəzin dayaz sulu sahələrində suyun temperaturunun yüksəlməsi, nümunələr götürülən günü ( gün açıqlanmır) balıqların yaşadığı mühitin fiziki-kimyəvi vəziyyətinin əlverişsiz olduğu müəyyən edilib. Balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmamasının onların ölümünə səbəb ola biləcəyi güman olunur.
Nazirlik mütəxəssislərinin rəyinə görə, balıqların oxşar kütləvi tələf olması son dövrdə iqlim dəyişiklikləri, havanın qəflətən anomal istiləşməsi, su mühitində hidrofiziki göstəricilərin qeyri-optimal dəyişilməsi ilə bağlıdır.
Xatırlatma
Mingəçevir Su Anbarı Azərbaycandakı ən iri su bəndidir.
Bu anbar iki kanalı - 172 km uzunluğundakı Yuxarı Qarabağ, 123 km uzunluğundakı Yuxarı Şirvan kanalını su ilə təchiz edir. Qeyd edilən kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir.
Su anbarından həmçinin, balıqçılıq, su təchizatı və rekreasiya məqsədindən ötrü də istifadə olunur.
Mingəçevir su anbarının bəndində su-elektrik stansiyası (SES) tikilib.