Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

2016-cı ildə minalardan rekord sayda uşaq həlak olub


Ukraynada mina xəbərdarlığı edən lövhə
Ukraynada mina xəbərdarlığı edən lövhə

Əfqanıstan, Liviya, Ukrayna və Yəməndəki silahlı münaqişələr ikinci ildir ki, minaların törətdiyi tələfatın göstəricisini “müstəsna şəkildə yüksək” saxlayır.

Landmine Monitor məcmuəsinin illik hesabatı dekabrın 14-də Nobel mükafatlı beynəlxalq Minalar Qadağan Edilsin kampaniyası tərəfindən açıqlanıb. Bu hesabata görə 2016-cı ildə minalardan zərərçəkənlərin sayı 8605 nəfər olub. Bunlardan 2100 nəfəri ölüb.

Bu, 1999-cu ildə hesabatların açıqlanmasına başlanandan bəri ən yüksək rəqəmdir. Bu da qeyd olunmalıdır ki, ötən il minalardan ən çox sayda uşaq tələf olub.

Landmine Monitor hesabatının həmredaktoru Loren Persinin sözlərinə görə bunlar onu göstərir ki, bütün ölkələr Minaların Qadağanı Müqaviləsinə qoşulmalı, mina qurbanlarına yardımın səviyyəsini yüksəltməlidirlər.

Hesabatda qeyd olunur ki, bütün mina və piyadalara qarşı minalar kimi işləyən əldəqayırma partlayıcı qurğulardan həlak olanların üçdə ikisi mülkilərdir.

1999-cu ildən bəri 1544 uşaq mina partlayışı nəticəsində xəsarət alıb. Bu, bütün mülki qurbanların 42 faizini təşkil edir.

Bu da bildirlir ki, insanla təmasdan partlayan silahlardan istifadəni, onların anbarlanmasını və köçürülməsini qadağan edən müqavilənin 1999-cu ildə tərtib edilməsindən bəri minaların istehsalı və onlardan istifadə xeyli azalıb. Bu beynəlxalq müqavilə hazırda dünyanın 162 ölkəsi tərəfindən imzalanıb.

Bu müqaviləyə üzv olmayan Suriya və Myanmar yeganə ölkələrdir ki, burada hökumət qüvvələri ötən il ərzində piyadalara qarşı minalardan fəal istifadə edib.

Əldəqayırma partlayıcı qurğulardan və minalardan Əfqanıstan, Pakistan, Ukrayna və azı 6 başqa ölkədə qeyri-dövlət qruplaşmaları da istifadə ediblər.

Hesabatda deyilir ki, minaların təmizlənməsi və anbarlarının ləğv olunması üçün son möhlətə əməl edə bilməyən Ukrayna da Minaların Qadağanı Müqaviləsinə əməl edə bilmir.

Yaxşı hal budur ki, 2016-cı ildə müqaviləyə üzv ölkələrdə 2, 2 milyon piyadalara qarşı mina məhv edilib. Belarus özünün mina anbarlarının ləğvini 2017-ci ilin aprelində başa çatdırıb.

2016-cı ildə ölkələrdən alınmış məlumata görə 170 kvadrat kilometrlik sahə minalardan təmizlənib. Bu müddət ərzində 232 min mina məhv edilib.

XS
SM
MD
LG