Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

60 min dollara 'Mona Liza'?


'Mona Liza'
'Mona Liza'

Bu həftə Sotbi hərracının satışa çıxaracağı «Mona Liza» portreti ilk baxışdan Parisin Luvr Muzeyində saxlanılan orijinal əsərə çox bənzəyir. Ancaq bu əsərin orijinal olmadığını anlamaq üçün onun hər iki tərəfində çəkilmiş sütunlara diqqət yetirmək kifayətdir. Sanki, müəllif bununla əsərin orijinal olmadığı haqda xəbərdarlıq etmək istəyib.

İki portret arasındakı digər fərqsə onların qiymətindədir.

Legitim səbəblər

XVII əsrdə, güman ki, Leonardo-nun ölümündən 100 ildən çox vaxt keçdikdən sonra çəkilən bu «Mona Liza» portretinin 60 min – 80 min dollar arasında satılacağı gözlənilir. Sotbi hərracı bununla kifayətlənməyib, satışa orijinal olmayan daha altı əsər çıxaracaq. Satış hərracı cümə axşamı günü – yanvarın 30-da baş tutmalıdır.

Satışa çıxarılan əsərlər arasında Caravaggio-nun məşhur «Meduza», Hieronim Bosch-un «Dünya həzləri bağçası» triptixinin reproduksiyaları da var. Bundan başqa, XIX əsr Avropa incəsənətinin böyük təmsilçilərindən Diego Velázquez və Correggio-nun işləri də hərraca çıxarılacaq.

CNN yazır ki, bu nüsxələrin incəsənət fırıldaqçılığı ilə əlaqəli olması ehtimalı böyükdür. Ancaq Sotbi hərracının vitse-prezidenti Christopher Apostle deyir ki, onların çəkilməsinin bir çox legitim səbəbləri var.

«Tarixən [əsərin kopiyasına] sonradan olduğu qədər mənfi yanaşılmırdı. Biz bilirik ki, məşhur rəsm əsərlərinin kolleksiyaçıları xüsusi rəssamlara hədiyyə vermək, yaxud evlərindən asmaq üçün kopiyalar çəkdirirdilər», – o deyir.

«Düzgün nüsxələr»

Apostle-ın sözlərinə görə, hətta XX əsrdə də intibah və barokko dövrünün şedevrlərinin kopiyalarını çəkmək formal təsviri sənət təhsilinin adi bir hissəsi olub. Bu üsul tələbələrin rəng, çalar və kompozisiya bacarıqlarının inkişafına kömək edirdi. Hətta bəzi nüsxələr orijinal rəssamların öz tələbələri tərəfindən çəkilib. Proteje və şəyirdlərə çox zaman ustadın əsərlərini kopiyalamağa icazə verilirdi.

«Çox zaman kopiya rəssamın məşhur və uğurlu kompozisiyasını yaya bilməsi üçün yeganə yol idi. Rəssamların özlərinin emalatxanası olurdu. Onlar özlərinin hansısa bir əsərini çox bəyənəndə şəyirdlər həmin əsərin kopiyasını çəkirdilər», – Apostle deyir.

Apostle cümə axşamı hərraca çıxarılacaq yeddi kopiyanı «düzgün nüsxələr» adlandırır. Hərracın kataloqunda qeyd edilir ki, belə işlər nadir hallarda potensial alıcıları aldatmaq məqsədi daşıyır. «Ancaq onların hər birinin hekayəsi və orijinala yaxınlığı bir-birindən çox fərqlənir», – CNN yazır.

Bu rəsmlərin çoxu orijinal rəssamın ölümündən sonra çəkilib. Məsələn, Leonardo-nun «Çöllükdə dua edən müqəddəs Jerom» əsərinin bu həftə hərraca çıxarılacaq nüsxəsi müəllifin ölümündən bir neçə on il sonra çəkilib. Bosch-un yuxarıda adı çəkilən triptixinin kopiyası isə hətta XX əsrdə çəkilmiş ola bilər.

Hərraca çıxarılacaq nüsxələrdən ən qədimi flamand rəssamı Michael Sweerts-in «Qədim şəhərdə taun» əsərinin kopiyasıdır. Onun rəssamın yaxın ətrafına aid şəxs tərəfindən çəkildiyi ehtimal olunur. Ancaq bu şəxsin kimliyi bilinmir.

Uğurlu investisiya?

Orijinal əsərlərdən dəfələrlə ucuz olsa da, kopiyalar bazarda böyük qazanc gətirə bilər. Ötən il Sotbi hərracı «Mona Liza»nın başqa bir nüsxəsini təqribən 1.7 milyon dollara satıb. Hərrac bunun kopiya üçün rekord məbləğ olduğunu bildirib.

Sotbi hərracı nisbətən aşağı qiymətlərin kolleksionerləri cəlb edəcəyinə ümid edir. Apostle-ın sözlərinə görə, bu nüsxələr böyük rəssamların dünyasına daha uyğun qiymətə daxil olmaq imkanı verir. Velázquez-in «Baxusun qələbəsi» əsərinin XIX əsrdə çəkilmiş nüsxəsi satışa cəmi 10 min dollara çıxarılacaq.

«Bazarımız daha da qloballaşdıqca, Asiya… və digər bazarlardan daha çox alıcılarımız olur. Bu baxımdan, düşünürəm ki, kopiya çox uyğun bir başlanğıc nöqtəsidir. Onlar Leonardo, yaxud Caravaggio-nu orijinalı əks etdirməyən qiymətə ala bilirlər», – o deyir.

Bəs görəsən, belə bir nüsxəni almaq uğurlu investisiya sayıla bilərmi? Britaniyada yaşayan sənət məsləhətçisi Tim Warner-Johnson «Mona Liza» kimi həqiqətən məşhur rəsm əsərləri ilə daha az tanınan əsərlər arasında fərq qoymağı tövsiyə edir. Onun sözlərinə görə, əsər nə qədər məşhurdursa, ona qoyulan investisiya bir o qədər uğurludur. O həmçinin qeyd edib ki, kopiyanın çəkildiyi vaxt da çox vacibdir. «Məsələn, əgər bu Leonardo-dursa, müəllifin öz zamanında çəkilmiş rəsmi almaq XIX əsrdə çəkilmiş işi almaqdan daha yaxşıdır», – deyə o bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG