Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

1 milyon dolları keniyalı müəllim udub


Keniyalı müəllim Peter Tabichi
Keniyalı müəllim Peter Tabichi

Keniyalı riyaziyyat və fizika müəllimi Peter Tabichi ötən bazar günü Dubayda keçirilən təmtəraqlı tədbirdə «Varkey» Fondunun Ümumdünya Müəllim Mükafatına layiq görülüb. Mükafat 1 milyon ABŞ dolları təşkil edir.

Mərasimə atası ilə birlikdə gələn Tabichi deyib ki, mükafat müəllimlərin əhəmiyyətini və müəllimliyin kübar peşə olduğunu göstərməyə imkan verir.

Tabichi özəl məktəbdəki işindən çıxaraq Pvani kəndindəki Keriko orta məktəbində işə başlayıb. Burada şagirdlərin 95%-i yoxsul ailələrdən, 1/3-nə qədəri isə yetimdir. Narkotik aludəçiliyi, uşaq hamiləliyi, uşaqların məktəbi yarımçıq buraxması, intiharlar geniş yayılıb. Məktəbin cəmi bir kompüteri, çox zəif internet bağlantısı var. Üstəlik, hər 58 uşağa 1 müəllim düşür. Uşaqlar hər gün məktəbə 7 kilometrdən artıq məsafə qət edib gedirlər. Yağışlı günlərdə isə palçıqlı kənd yolları ilə məktəbə getmək daha da çətinləşir.

Müəllimliyin dəyərini göstərmək

Bütün bunlara baxmayaraq, Tabichi-nin şagirdləri müxtəlif milli fənn müsabiqələrində qalib olaraq, ABŞ-da keçiriləcək 2019-cu il «Intel» Beynəlxalq elm və mühəndislik sərgisində iştirak imkanı qazanıblar. Əgər 2017-ci ildə məktəbin 59 şagirdindən yalnız 16-sı universitetə daxil olmuşdusa, 2018-ci ildə bu say 26-ya çatıb.

Tabichi-nin 36 yaşı var. O, fransiskan ordeninin üzvüdür. Məvacibinin, demək olar, hamısını yoxsul uşaqların təhsilinə xərcləyib.

Mükafatı «The Greatest Showman» mahnısının sədaları altında aktyor Hugh Jackman təqdim edib. Aktyor 10 finalçını ürəkdən təbrik edib. Videomesajla çıxış edən Keniya prezidenti Uhuru Kenyatta deyib ki, Tabichi-nin hekayəsi Afrikanın «istedadla dolu gənc qitə» olduğunu göstərir.

Qalib dünyanın 179 ölkəsini təmsil edən 10 mindən artıq namizədin arasından seçilib.

Mükafatlandırma mərasimi Dünya Təhsil və Bacarıqlar Forumunun yekununda baş tutub. Bu üçgünlük konfrans «Təhsil sahəsinin Davosu» adlandırılır. Bütün dünyadan onlarla təhsil naziri və təhsil lideri tədris, texnologiya və təlim məsələlərini müzakirə etmək üçün toplaşıb. Şənbə gecəsi keçirilən konsertdə Rita Ora, Little MixLiam Payne kimi musiqiçilər çıxış edib.

«Varkey» Fondunun bu mükafatı təsis etməkdə məqsədi dünyada kəskin müəllim azlığının yaşandığı vaxtda müəllimlik peşəsini önə çəkərək onun dəyərini göstərməkdir. Araşdırmalar göstərir ki, yoxsul ölkələrin daha zəngin ölkələrlə uçurumu doldura bilmələri üçün 100 il gərəkdir. «Bu mükafat gənclərin həyatını dəyişən minlərlə qəhrəmanın hekayələrini üzə çıxarmaqla bütün dünyada milyonlarla müəllimin müstəsna işini canlandırmaq məqsədi daşıyır», – deyə Fond bildirib.

İcmaya təsir göstərmək

Bu tədbir çox zaman gözə çarpmadan, az maaşla və resursların çatışmadığı mühitdə çalışan müəllimlərin bayramıdır. Tabichi bu mükafatın beşinci qalibidir. Bundan öncə mükafatı Amerika, Britaniya, Fələstin və Kanadadan müəllimlər qazanıb. Ötənilki qalib Böyük Britaniyada Alperton icma məktəbinin sənət və tekstil müəllimi Andria Zafirakou olub.

«Bundan sonra afrikalı gənclər daha aşağı gözləntilər ucbatından inkişafdan qalmayacaq. Afrika adları bir gün dünyanın hər yerində məşhur alimlər, mühəndislər, sahibkarlar istehsal edəcək. Özü də qızlar bu hekayənin nəhəng hissəsini təşkil edəcək», – Tabichi deyib.

Mükafat 10 il ərzində ödənilir. Mükafatçıların təcrübəsi ölçülə bilən, innovativ olmalı, sinif otağından kənara çıxaraq icmaya təsir göstərməlidir. Mükafat həmçinin, uşaqların dünya vətəndaşına çevrilməsinə imkan yaradan praktikalara üstünlük verir. Uşaqlara …yaşayacaqları, işləyəcəkləri və müxtəlif millətlərdən, mədəniyyətlərdən və dinlərdən insanlarla ünsiyyətdə olacaqları dünyaya hazırlamaq üçün dəyərli təhsil verən müəllimlər və praktikalar önə çəkilir.

«Uğursuzluğa düçar olmursansa, öyrənmirsən və öyrənmirsənsə, dəyişə bilmirsən», – Tabichi deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG