Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Prezident jurnalistlərə yalançı avtomat tuşlayıb


Milos Zeman
Milos Zeman

«The Washington Post»

Çexiya prezidenti Milos Zeman çoxdan bəri ABŞ prezidenti Donald Trump-ın pərəstişkarıdır. Onların hər ikisi Rusiya ilə əlaqələrdə ittiham edilir və immiqrantları ölkəyə buraxmamağın yollarını axtarır. Hər ikisi mediaya müharibə elan edib.

«JURNALİSTLƏRƏ QARŞI»

Ancaq Çexiyada seçkilərin keçirildiyi ötən cümə günü Zeman jurnalistlərə nifrətini Vaşinqtonda bugünədək görünməmiş səviyyəyə çatdırıb. O, mətbuat konfransında çıxışı zamanı üzərində «Jurnalistlərə qarşı» yazılmış yalançı avtomat silah çıxarıb. Avtomatın mağazasının yerinə çex likörünün şüşəsi taxılmışdı.

Zeman-a bu yalançı silahı Çexiyanın qərb bölgələrinə səfəri zamanı hədiyyə veriblər. Görünür, mediaya hücumları ilə tanınan prezident hədiyyəni çox bəyənib.

Hüquq müdafiə qrupları mətbuat konfransında jurnalistlərə qarşı bu yarımgizli təhlükəni sərt tənqid ediblər. Mətbuat konfransı maltalı jurnalistin maşınının partladılaraq qətlə yetirilməsindən cəmi bir neçə gün sonraya təsadüf edib. İnsident Avropa qəzetlərinin ön səhifələrində yer alıb, Malta və başqa yerlərdə hökumətlərin mətbuat azadlığını məhdudlaşdırmaq cəhdlərinə qarşı etiraza səbəb olub.

Çexiyada hələlik, əsasən, nominal gücə malik Zeman qanunvericilikdə mətbuat azadlığını məhdudlaşdırmağa hər hansı təzyiq göstərə bilmir. Ancaq o, ötən həftəki parlament seçkiləri nəticəsində bu durumun dəyişəcəyinə ümid edir.

BABIS-İN QƏLƏBƏSİ NƏ VƏD EDİR

Onun çoxdankı müttəfiqi, mərkəzçi-populist ANO hərəkatının rəhbəri Andrej Babis səslərin 29.6 faizini toplayaraq, ciddi qələbə qazanıb. Babis-in qələbəsi, böyük ehtimalla, onu Çexiyanın növbəti baş naziri edəcək. Bu qələbə həm də sağçı koalisiyanın yaranmasına yol açacaq. Liberallar ehtiyatlanırlar ki, prezident Babis-i təkliflərinin bir hissəsini qəbul etməyə inandıra bilər. Bu təkliflər arasında Rusiyaya qarşı daha yumşaq mövqe tutmaq siyasəti də var.

Andrej Babis
Andrej Babis

Babis özünün media imperiyasını yaratmaqla ölkənin ikinci ən zəngin adamına çevrilib. Bu isə çex jurnalistlərinin ölkədəki müstəqil media qurumlarının taleyindən narahatlığına yol açıb.

Şərqi və Mərkəzi Avropanın bir çox ölkəsində, o cümlədən Polşa və Macarıstanda jurnalistlər iqtisadi və siyasi təzyiqlərlə üzləşirlər. Polşada hakim Hüquq və Ədalət Partiyası son illərdə ölkənin ictimai kanalı olan TVP INFO-nu hökumətin ruporuna çevirməklə öz gücünü artırıb.

Polşada hökumət bundan başqa, parlamentə çıxışı olan jurnalistlərin sayını azaltmağa cəhd edib. Ancaq bu cəhd uğursuz olub. Burada artmaqda olan özünüsenzura, azad sözün məhdudlaşdırılması və ictimai mediaya müdaxilə ölkənin «Freedom House» insan haqları təşkilatının Mətbuat Azadlığı İndeksində geriləməsiylə nəticələnib. Bu il Polşa həmin reytinq cədvəlində «qismən azad» ölkələr sırasında yer alıb.

YENİ «REKORD»

«Freedom House» hələlik Çexiyanı azad mətbuata malik ölkələr sırasında görür. Ölkə «Sərhədsiz Reportyorlar» təşkilatının siyahısında da yaxşı mövqedədir. «Freedom House» özünün son hesabatında siyasətçilərin «bəzən media qurumlarına qarşı düşmən ritorikası ortaya qoyması» haqda xəbərdarlıq edib. Ancaq həm də vurğulayıb ki, media qurumları və əməkdaşlarına qarşı fiziki hücumlar və təhqirə nadir hallarda rast gəlinir.

Cümə günü baş verən insident mətbuata daim hücum edən Çexiya prezidenti ilə media arasındakı gərgin münasibətlərdə yeni «rekorda» yol açıb. 2002-ci ildə o zaman hələ baş nazir olan Zeman medianı «çürüntü çəni» adlandırıb.

«Bu gün çex jurnalisti dünyanın ən şüursuz məxluqudur», – o deyib.

Bu ilsə Zeman Rusiya prezidenti Vladimir Putin-ə jurnalistləri məhv etməyin vacibliyindən danışıb. Hərçənd, sonradan tənqidçilər bir neçə jurnalistin qətlində Rusiya izinin ola biləcəyini deyəndən sonra Zeman sözlərini geri götürüb.

Rusiya «Sərhədsiz Reportyorlar»ın mətbuat azadlığı reytinqində Zimbabve, Pakistan və Əfqanıstan kimi ölkələrdən də aşağı nəticə göstərərək, dünyanın 180 ölkəsi arasında 148-ci yeri tutub. Təşkilat Rusiyada mətbuat azadlığını boğan amillər arasında «əjdaha qanunları və saytların bloklanmasını», habelə tənqidçilərə qarşı milli və yerli səviyyələrdə göstərilən təzyiqləri xüsusi qeyd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG