Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:38

Avtoritar rejimləri lağa qoyan məşhur rejissor Miloş Forman vəfat etdi


Milos Forman (2004)
Milos Forman (2004)

Azərbaycanda çoxları onu dünya kinosunun klassikası sayılan "Ququ quşu yuvası üzərindən uçuş" filminə görə tanıyır.

Cek Nikolsonun baş rolu oynadığı həmin film həqiqətən də Miloş Formanın şah əsəri sayılsa da, rejissorun ilk filmləri də xüsusi diqqətə layiqdir.

1932-ci ildə Çexoslovakiyada anadan olan Forman elə ilk filmlərini də bu ölkədə çəkib.

Çexiyanın sosialist rəhbərliyi 1960-cı illərdə liberal islahatlar aparmağa başlayanda və kino sahəsində çalışanlara daha çox azadlıq verəndə Forman da sərt avtoritar üsul-idarəsini ələ salan filmlər çəkməyə başlayıb.

Stalinin vəfatından sonra SSRİ-də olduğu kimi şərqi Avropanın bir çox sosialist ölkələrində də kütləvi repressiyalar pislənməyə başladı.

Çexiya rəhbərliyi daha irəli gedib "insan simalı sosializm" qurmağı qarşısına məqsəd qoydu.

1968-ci ilin yayında Sovet qoşunları Çexoslovakiyaya soxulub "Praqa payızı" adlanan bu islahatlar dövrünə son qoyanacan yerli rejissorlar tamam yeni ruhlu filmlər yarada bildilər.

Bu filmlərdə bolşeviklərin "şücaətlərindən", "möhtəşəm beşillik planlardan", "kommunizmin mənfur düşmənlərindən" bəhs edilmirdi.

Bu ekran əsərləri repressiv rejimin riyakarlığından, insanların həyatını necə məhv etməsindən danışırdı.

Miloş Forman, 2007
Miloş Forman, 2007

QARA PETR

O dovrdə Formanın çəkdiyi "Qara Petr" filmi bir yeniyetmənin özü istədiyi kimi yaşamaq istəməsindən və valideynlərinin, eləcə də avtoritar idarəçiliyin bunun qarşısına sədd çəkməsindən bəhs edir.

Ata-anası onun hər addımını güdür, hər axşam sanki bir müstəntiq kimi gün ərzində nə etdiyini soruşur. Bu cür izləmə, sorğu-sual cəmiyyət həyatının hər bir sahəsində var.

Petr peşə məktəbinin tələbəsi kimi ərzaq dükanında təcrübə keçir. Ondan istənilən budur ki, müştəriləri güdsün, onları oğurluq etməyə qoymasın.

Amma Petr müştərilərin birindən şübhələnib onun dalınca düşəndə onu həm evdə "sənə tapşırılan işi atıb gedibsən" deyə tənbeh edirlər, həm də dükan rəhbərliyi ondan narazı qalır.

Sonra məlum olur ki, onun şübhələndiyi adamın dükanın müdiri ilə gözəl münasibətləri varmış...

Petr daha dükandan oğurluq edənlərin dalınca düşmür və daha başı ağrımır, işləri də yaxşı getməyə başlayır.

Cəmiyyətdəki absurdluğu göstərən bu filmdən sonra Forman "Bir sarışının sevgisi"və "Yanğınsöndürənlərin məclisi" filmlərini çəkib.

Çexiya - Miloş Forman sosialist rejimi çökəndən sonra öz ölkəsində (ortada). 1990-cı ilin Karlovı Varı Film Festivalı. Soldakı sosialist rejimini çökdürən dissidentlərdən olmuş Vaslav Haveldir.
Çexiya - Miloş Forman sosialist rejimi çökəndən sonra öz ölkəsində (ortada). 1990-cı ilin Karlovı Varı Film Festivalı. Soldakı sosialist rejimini çökdürən dissidentlərdən olmuş Vaslav Haveldir.

BİR SARIŞININ SEVGİSİ

Bu film Çexoslovakiyada tətbiq edilən plan iqtisadiyyatını tənqid edir.

Məmurların cəmiyyətdəki problemləri necə absurd üsullarla həll etməyə çalışmasından bəhs edir.

Toxuculuq fabriklərinin yerləşdiyi şəhərdə "kişi qıtlığı" var. Fabrikdə işləyən qızların ailə qurması üçün "kifayət qədər" kişi yoxdu.

Məmurların qərarı ilə şəhərin yaxınlığında hərbi hissə yaradılır və başqa bölgələrdən oraya hərbçilər köçürülür.

Amma məsələ burasındadır ki, buraya köçürülən hərbçilərin çoxu gənc deyil. Özü də ailəlidir.

Onlar toxucu qızlarla "beşgünlük" münasibət qurmaqda maraqlıdır.

Hərbi hissənin açılması münasibətilə təşkil olunan şənliyə "mərkəzdən" çalğıçılar da gətirirlər. Toxucu qızlardan biri yaşlı hərbçilərin içində dərhal diqqəti cəlb edən gənc musiqiçiyə aşiq olur.

Musiqiçi onunla yatandan sonra şəhərə qayıdır. Sadəlövh qız bu sevginin "əbədi" olduğunu düşünüb şəhərə gedir və sevgilisini axtarmağa başlayır. Anlamır ki, şəhərli oğlan, onun ailəsi tamam başqa mentalitetin daşıyıcısıdır...

Film totalitar rejimin hətta insanların şəxsi seçimlərinə də müdaxilə etməyə çalışdığını, bu müdaxilənin insanlar üçün acı və gülünc sonluqla bitməsindən bəhs edir.

YANĞINSÖNDÜRƏNLƏRİN MƏCLİSİ

Miloş Forman bu filmdə avtoritar idarəçiliyi açıq şəkildə lağa qoyur.

Film oğru və pozğun məmurların başqalarını oğurluqda və pozğunluqda suçlamasından bəhs edir.

Məmurların hamısını yaşlı aktyorlar oynayır. Bu da çox simvolikdir.

Onlar məclisdə guya gözəllik müsabiqəsi təşkil edirlər. Amma məqsədləri özülərinə gənc qızların əzalarına baxmaq imkanı yaratmaqdır.

"Lotoreya" təşkil edirlər. Amma əsl məqsədləri hədiyyələri müxtəlif yollarla ələ keçirməkdir...

MÜHACİRƏT İLLƏRİ

Sovet qoşunlarının Çexoslovakiyanı işğal etməsindən sonra kino sahəsindəki liberallığa da son qoyulur.

Sınmayan ziyalıların bəziləri ölkəni tərk edir. Miloş Forman ABŞ-a köçür.

Amerikada Forman "Ququ quşu yuvası üzərindən uçarkən" adlı filmi ilə məşhurlaşır.

Əslində bu filmdə də Forman rejimin insanı necə əzməsindən bəhs edir.

ABŞ- Miloş Formana "Amadeus" filminə görə "Oskar" təqdim edilir. (1985)
ABŞ- Miloş Formana "Amadeus" filminə görə "Oskar" təqdim edilir. (1985)

C.Nikolsonun oynadığı MakMörfini həbs edib ruhi xəstəxanaya ona görə salırlar ki, “dəli olub-olmadığını” yoxlasınlar.

O aqressivdir, dörd dəfə kimlərəsə hücum edib, bundan başqa zorlamada ittiham olunur. Amma Mak-Mörfi hesab edir ki, sadəcə, aqressivlik onun xasiyyətindərir, seks isə qarşılıqlı razılıqla olub...

MakMörfi ilə onu həbs edən, ruhi xəstəxanaya salanlar tam fərqli həyat tərzinə və əxlaq normalarına malik insanlardır. Cəmiyyətin gözündə o, cinayətkar və “dəli”dır, öz gözündə isə normal adam.

MakMörfi həkim və tibb bacılarının xəstələrin şəxsi həyatını müzakirə mövzusuna çevirdiyinin şahidi olur.

Bir xəstənin arvadı başqası ilə gəzir və tibb bacısı bunu müzakirəyə çıxararaq başqa xəstələrin də bu barədə fikrini deməsini istəyir.

Xəstələr ən maraqlı idman yarışlarına baxmaqdan məhrum edilir.

MakMörfi özü də bu qaydalara qarşı çıxır, xəstələri də inqilaba səsləyir, amma xəstələrin çoxu buna biganədir, onların haqlarını tələb edənin arxasınca getmir. Bir sözlə xəstəxanadakı qaydaları dəyişmək demək olar ki, mümkün deyil.

Əgər tibbi personal istəblişment, bürokratiyanın obrazıdırsa, xəstələr onların idarə etdiyi cəmiyyətin üzvləridir. Onların çoxu öz xeyrini anlamır, öz hüquqları uğrunda mübarizə aparmır.

İstəblışmənt özünü əxlaq mücəssəməsi kimi göstərməyə çalışsa da, ən böyük əxlaqsız elə özüdür.

MakMörfi gecə gözətçisinə rüşvət verərək xəstəxanaya əylənmək üçün qızlar da gətirə bilir. Əxlaqsız kimdir? Qızla əylənən, yoxsa rüşvət alan. Əylənmək yalnız bir insana aid məsələdir, rüşvət isə cəmiyyətin problemidir...

MakMörfinin istəyi ruhi xəstəxanadan qaçmaqdır, amma nə qədər çalışsa da, buna nail ola bilmir.

Bundan ötrü beton altlıqlı əlüzyuyanı yerindən qoparıb dəmir barmaqlıqlı pəncərəyə çırpmaq, azadlığa gedən yolu açmaq lazımdır, amma həmin beton altlığı yerindən qoparmaq üçün çoxluğun gücü lazımdır.

"Ququ quşu yuvası üzərindən uçarkən" filmindən kadr
"Ququ quşu yuvası üzərindən uçarkən" filmindən kadr



LAL-KAR OYUNU...

Sonda həkimlər MakMörfini “ağıllandırmaq” üçün öz qəddar müalicə üsullarını işə salır, onu da sıradan bir xəstəyə çevirə bilirlər.

Xəstəxanadan isə yalnız bir nəfər qaçır.

Özünü lal-kar kimi təqdim edən, boyu 2 metr olan cantaraq bir hindu. Əslində o, nə xəstədir, nə də lal-kar. Sadəcə, azadlığa qovuşacağı günü gözləyərək rol oynayır.

Fürsət düşən kimi beton altlıqlı əlüzyuyanı qaldırıb pəncərəyə çırpıb qaçan da o olur.

Filmin ideyası budur ki, bu cəmiyyətdə sağlam adamlar var, amma onların qarşısında iki yol var.

Ya MakMörfi kimi məğlubiyyət və ölüm, ya da özünü “dəliliyə vurmaq”, cəmiyyətin qoyduğu qaydalarla oynamaq və qaçış gününü gözləmək...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG