Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Əli Kərimli: ‘İnsanlar əqidəsinə görə, həbs edilir, işgəncəyə məruz qalır…’


Milli Şuranın yürüşü. 28 may 2019
Milli Şuranın yürüşü. 28 may 2019

Bu gün, mayın 28-də saat 17:00 radələrində Milli Şura tərəfdarları da Xalq Cümhuriyyətinin 101-ci il dönümünü qeyd etmək məqsədi ilə Novxanı kəndinə gəliblər. Onlar Məhəmməd Əmin Rəsulzadənin heykəli önünə yürüş ediblər.

Tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından M.Ə.Rəsulzadəyə xitabən «Heykəli bircə kənddə, nüfuzu məmləkətdə» şüarı səsləndiriblər.

Əli Kərimli daha sonra təxribatlardan danışıb:

“Baxin bir neçə gündür təxribatlar başlayıb. Əvvəlcə Facebook səhifəsindən yalan yaydılar. Əli Kərimli 28 mayda təxribat planlaşdırır. İndi gördünüzmü? O polislərin etdiyi təxribatı mənmi tapşırmışdım? Biz bu yola millətimizə sevgi ilə çıxdıq. Rəsulzadə bizim tariximizin ən böyük şəxsiyyətidir. Biz heç vaxt belə tədbirlərə azacıq da olsa, pislik qarışdırmarıq. Amma siz gördünüz, bunları edən kimlərdir. Bu gün səhərdən çoxlu saxta səhifələr açıblar, güya bu tədbirin təxirə salındığını yazıblar. Kömək eləməyib. Sonra bizim dostlar burada atəşfəşanlıq nəzərdə tuturdular. Mənə yazıb bildirdilər ki, siz bunu etməyin. Demələrinə görə, daha böyük fişənglər doldurulub ki, onlar daha böyük ziyan vursunlar, orada hadisə törənsin, bizim adımızla bağlansın.”

Əli Kərimlinin vurğulamasına görə, bəlkə də bu məlumatlar bilərəkdən yayılıb ki, bura daha az adamlar gəlsin: “Görürsünüzmü nə qədər cılız siyasət aparırlar”.

Müsavat Partiyası Novxanıda yürüş etdi
Gözlə

No media source currently available

0:00 0:57:07 0:00

AXCP sədri daha sonra deyib ki, “Rəsulzadə bizim üçün həm də inam, əminlik nümunəsidir ”.

Əli Kərimli vurğulayıb ki, çətin zamanlardan keçilir:

“İnsanlar əqidəsinə görə, həbs edilir, işdən çıxarılır, ailələri təqib olunur, işgəncəyə məruz qalır. Mən əminəm ki, bu insanlar arasında müəyyən qədər “axı nə qədər fədakarlıq etmək olar” sualının özünü verənlər olur”.

Əli Kərimlinin sözlərinə görə, belə insanlar gözünün önünə Məhəmməd Əmin Rəsulzadəni gətirməlidirlər:

“İki oğlunu gülələdilər - 19, 17 yaşlarında. Qızı və qızının qızı Qazaxıstan çöllərində aclıqdan, şaxtadan məhv oldu. Həyat yoldaşının ürəyi dözmədi. Rəsulzadə yolundan dönmədi…"

Tədbirin aparıcısı AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynin deməsinə görə isə Rəsulzadə indi doğulsaydı görərdi ki, dövlət kimi qurduğunu obyektə çevriblər.

Polislə cəbhəçilər arasında gərgin anlar
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Cəmil Həsənli: “Ailə hakimiyyəti qurulub”

Milli Şuranın sәdri, tarixçi Cәmil Hәsәnli isə öz çıxışında Rəsulzadəni ulu öndər adlandırıb.

Cəmil Həsənlinin deməsinə görə, Xalq Cumhuriyyəti hökumətinə, xəzinəsinə rəhbərlik edən Nəsib bəy Yusifbəyli atasına yazıb ki, əməkhaqqısı ilə ailəsini dolandıra bilmir, bağlarını satışa çıxartsın:

“İndi hansı ofşor şirkət açılır, oradan Əliyevlərin adı çıxır”

Cəmil Həsənlinin dediyinə görə, hətta o vaxt Avropada bəzi şəxslər Xalq Cümhuriyyətini bir sıra Avropa ölkələrinə nümunə sayıb.

Tarixçinin sözlərinə görə, Xalq Cümhuriyyəti hökumətində təmsil olunanlar, hətta öz əlehdarlarının mətbu orqanlarına şəarit yaradıblar, çoxpartiyalı sistem höküm sürüb. Milli Şura sədrinin sözlərinə görə, bu gün faktiki olaraq təkpartiyalı sistem qurulub:

“Əslində o partiyanın da cəmiyyətin siyasi sistemində elə bir rolu, nufuzu yoxdu. Ailə hakimiyyəti qurulub”.

Tofiq Yaqublunun saxlandığı deyilir

Çıxışların sonunda da qeyd edilib ki, tədbirə gələn 10 nəfər, o cümlədən Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu saxlanaraq aparılıb. Üstəlik, gənc fəallardan zorakılıqla üzləşənlərin olduğu da bildirilib.

Amma bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların deməsinə görə, heç kim dinc, sivil mübarizəyə görə həbs və təzyiqlərlə üzləşmir. Üstəlik, onlar polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olmasına dair iddiaları da təsdiq etmirlər.

Hakimiyyət rəsmiləri ölkədə korrupsiya və ailə hakimiyyətinin qurulması haqqında da fikirləri qəbul etmirlər. Rəsmilərin fikrincə, indi Azərbaycanda korrupsiya, kölgə iqtisadiyyatı ilə ciddi mübarizə aparılır, həm sosial, həm də məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilir.

Saxlananlar buraxılıb

Milli Şuranın tədbirində saxlananların buraxıldığı açıqlanıb.

Bu gün, mayın 28-də Milli Şura tərəfdarlarının Xalq Cümhuriyyətinin 101-ci il dönümü ilə bağlı Novxanı kəndinə keçirdikləri tədbirdə saxlananların buraxıldığı bildirilir.

Bu barədə qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu məlumat verib:

“Mən və mənimlə bərabər saxlanan daha 7 nəfər Abşeron Rayon Polis İdarəsindən buraxıldıq. Barəmizdə inzibati protokol tərtib edildi və məhkəməyə göndəriləcək”.

Milli Şura tədbirində ümumilikdə 10 nəfərin saxlandığını açıqlamışdı.

Bu 8 nəfərdən başqa da saxlanıb sonra buraxılanların olub-olmadığını dəqiqləşdirmək, cəhdləri hələlik, nəticə verməyib.

Baş verənlərə, Daxili İşlər Nazirliyindən də münasibət almaq mümkün olmayıb.

Dövlət başçısı İlham Əliyev isə dünən, mayın 27-də 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda demişdi ki, indi ölkə haqqında yalan məlumatlar geniş vüsət alıb:

“Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik”.

Xatırlatma

28 may Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Qeyri-iş günüdür. Bu gün, mayın 28-də Müsavat Partiyası Bakının Novxanı kəndində, Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin buradakı abidəsi önündə anım mərasimi keçirib. Həmin anım mərasimində də polislə gərginlik yaşanmışdı.

Dünən, mayın 27-də isə prezident İlham Əliyev Respublika Günü münasibəti ilə Bakının mərkəzindəki İstiqlal abidəsini ziyarət etmişdi.

O, həmçinin Xalq Cümhuriyyətinin 101-ci il dönümü ilə bağlı qəbul da keçirmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

***

Milli Şura Novxanıda

İlk söz AXCP sədri Əli Kərimliyə verilib. Amma o, çıxışa başlamamış elektrik kəsilib.

Aksiya iştirakçıları bunun ardınca «istefa!» şüarı səsləndiriblər.

«Görünür, bu mikrofonu kəsənlər bizdən də ciddi müxalifətçidirlər. Deyəsən, «istefa» qışqırılmasını istəyirlər», - AXCP sədri vurğulayıb.

Bundan sonra mikrofon işə düşüb, amma az sonra səs yenidən kəsilib…

«Heykəli bircə kənddə, nüfuzu məmləkətdə»

Bu gün, mayın 28-də saat 17:00 radələrində Milli Şura tərəfdarları da Xalq Cümhuriyyətinin 101-ci il dönümünü qeyd etmək məqsədi ilə Novxanı kəndinə gəliblər. Onlar Məhəmməd Əmin Rəsulzadənin heykəli önünə yürüş ediblər.

Tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından M.Ə.Rəsulzadəyə xitabən «Heykəli bircə kənddə, nüfuzu məmləkətdə» şüarı səsləndiriblər.

Onlar bundan başqa, «Azadlıq!», «Rəsulzadə!» kimi də şüarlar dilə gətiriblər.

Yürüşdən əvvəl bu aksiya iştirakçıları ilə də polis arasında gərginlik yaşanıb.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli AzadlıqRadiosuna deyib ki, elə polislər onun gözünün qarşısında 5-6 fəalı saxlayıb aparıblar.

Amma onun bu dediklərini, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Hazırda heykəlin önündə çıxışlar başlayıb. Çıxışlardan öncə isə milli himn səslənib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG