Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:46

Milli Şura yenidən mitinq qərarı verib


Cəmil Həsənli
Cəmil Həsənli

Demokratik Qüvvələrin Milli Şurası mitinqlə bağlı növbəti qərar verib.

Bu barədə qurumun rəhbəri Cəmil Həsənli bildirib. Onun sözlərinə görə, aksiya aprelin 6-na təyin edilib.

“Mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış vəsaitlərin geri qaytarılması və hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsindən ibarətdir”, Cəmil Həsənli vurğulayıb.

Hakimiyyət rəsmiləri isə, ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Amma prezidentin bu il martın 16-da imzaladığı əfv sərəncamına siyasi məhbus hesab edilən şəxslərdən də 50-dən çoxu düşüb.

Hazırda, yerli hüquq müdafiəçilərinin açıqlamasına görə, cəzaçəkmə müəssisələrində, hələ də 80 civarında siyasi məhbus qalmaqdadır.

Hakimiyyət rəsmiləri üstəlik, korrupsiya ilə bağlı tənqidləri də qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə var.

Azərbaycanda 2006-cı ildən ünvanlı sosial müavinətlərin verilməyə başlanması ilə uşaqlara aylıq müavinətlərin verilməsi dayandırılıb.

İndi yenidən bu müavinətlərin bərpası ilə bağlı müxtəlif təkliflər səslənir.

Hakimiyyət rəsmiləri, hələlik, belə təkliflərə bir elə də müsbət yanaşmırlar. Bəzi deputatlar əvvəllər olduğu kimi 17 yaşa qədər yox, yalnız 3 yaşa qədər olan uşaqlara belə müavinətlərin verilməsini mümkün sayırlar.

Milli Şura mitinq istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət göndərəcək. BŞİH də qanunverciliyin tələblərinə uyğun olaraq yaxın günlərdə müraciətə cavab verməlidir.

Xatırlatma

Milli Şura sonuncu aksiyasını yanvarın 19-da keçirib. Bundan sonra, şəhər rəhbərliyi düz 3 dəfə qurumun eyni məqsədli müraciətini mənfi cavablandırıb.

Şəhər İcra Hakimiyyəti bu cavablarını əsasən, Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına aid polisin müraciəti və həmin aksiya keçirilən məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırmışdı.

Milli Şura isə bunu bəhanə sayaraq, mitinqə icazə verilməməsini hakimiyyətin yanvarın 19-da keçirilən aksiyalarının kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirmişdi. Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılmışdı.

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib.

O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi.

Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı.

Bloqer ittihamı qurama sayırdı. Yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Mehman Hüseynov martın 2-də cazası başa çatdığından azadlığa çıxıb.

XS
SM
MD
LG