Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 13:57

15 iyun -Milli Qurtuluş Günü kimi qeyd olunur


Əbülfəz Elçibəy və Heydər Əliyev, 1992

İyunun 15-i Azərbaycanda rəsmi olaraq Milli Qurtuluş günü kimi qeyd edilir. Bu tarix 1993-cü il iyunun 15-də keçmiş prezident Heydər Əliyevin parlamentin sədri seçilməsi və ya hakimiyyətə qayıtması ilə bağlıdır. Heydər Əliyev bundan öncə 1969-1982-ci illərdə də ( SSRİ dönəmində ) Azərbaycana rəhbərlik edib

1993-cü ilin iyununda Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi il hərbi hissələrdən biri hakimiyyətə itaətsizlik göstərib. İyunun 4-də Gəncədə bir sıra dövlət rəsmiləri girov götürülüb. Bundan sonra prezident Əbülfəz Elçibəy Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edib.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilsə də, polkovnik Sürət Hüseynovun Gəncədə nəzarəti ələ keçirən silahlı qüvvələri Bakıya doğru irəliləməyə davam edib.

İyunun 17-dən 18-nə keçən gecə prezident Ə.Elçibəy Bakını tərk edərək doğulduğu Ordubad rayonun Kələki kəndinə üz tutub. Ancaq o, istefa verməyib. Əvəzində Azərbaycan Milli Məclisi ona etimadsızlığını bildirib. İyunun 24-də Milli Məclisin qərarı ilə onun səlahiyyətlərinə son verilib.

Prezident səlahiyyəti Milli Məclisin sədri H.Əliyevə keçib.

1993-cü il oktyabrın 3-də isə Azərbaycanda prezident seçkisi keçirilib və H.Əliyevin qələbəsi elan edilib. Polkovnik S.Hüseynov isə dövlət başçısı Heydər Əliyevin namizəd verməsi ilə Baş nazir postuna gətirilib.

Amma bir il sonra S.Hüseynov baş nazirlikdən uzaqlaşdırılıb.

Qurtuluş gününə Azərbaycanda ikili münasibət var. Hakimiyyəti müdafiə edən adamlar hesab edirlər ki, H.Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alaraq ölkəyə sabitlik gətirib.

Mərhum prezident Ə.Elçibəyin tərəfdarları olan indiki müxalifət isə bildirir ki, H.Əliyev həmin hadisələrdə “qiyamçı polkovnik S.Hüseynovla birləşib”. Onların qeyd etməsinə görə, bunun ardınca ölkənin 6 rayonu işğal edilib, bütün demokratik institutlar sıradan çıxarılıb.

15 iyun qeyri iş günüsür. Bu il isə iyun 15-i şənbə gününə təsadüf etdiyindən iyunun 17-si istirahət günü elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG