Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

İlqar Məmmədov: 'Seçkilərə hazırlaşırıq'


İlqar Məmmədov
İlqar Məmmədov

ReAl Partiyası birmənalı olaraq gələn ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Bu barədə partiyanın sədri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya seçkilərə hazırlığını artıq, başlayıb:

"Biz əlbəttə ki, istərdik seçkilər bir az gec, yəni yazda keçirilsin. Amma madam belədirsə, biz hazır olmalıyıq və təyin olunmuş zamana kimi hazır olacağıq. Hesab edirəm kifayət qədər vaxtımız var. Biz seçkilərə hazırlaşırdıq, indi isə sadəcə bu prosesi sürətləndirəcəyik".

İlqar Məmmədov ReAl Partiyasının ilkin siyahısında 90-a yaxın namizədlərinin adlarının olduğunu vurğulayıb:

"Biz hazırda siyahı üstündə işləyirik. Orada 80-90 nəfərin adları var. Siyahı qısala da, böyüyə də bilər. Bu, digər partiyaların bizimlə əməkdaşlıq edəcəkləri və ya etməyəcəklərindən asılıdır".

Arif Hacılı : “Hər hansı bir siyasi islahat keçirilmədən…”

"Azərbaycanın Milli Məclisi müstəqil qanunvericilik hakimiyyətin funksiyasını həyata keçirə bilmirdi".

Bunu isə Azadlıq Radiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun sözlərinə görə, parlamentin belə buraxılmasının müəyyən səbəbləri var idi:

"Milli Məclisin belə tələsik buraxılması, hər hansı bir siyasi islahat keçirilmədən növbədənkənar seçkilərin təyin olunması göstərir ki, hakimiyyət Milli Məclisi öz funksiyalarını həyata keçirə bilmədiyi üçün buraxmayıb. Sadəcə olaraq bir tərəfdən hakimiyyətdaxili çəkişmələr sahəsində Milli Məclisdə olan bəzi adamların yaratdığı problemləri aradan qaldırmaq və eyni zamanda, cəmiyyəti seçkilərə köklənməmiş, sürpriz olaraq bu kampaniyaya qatmaq üçün növbədənkənar seçkilər elan edilib. Hakimiyyət hər halda yenə də qanunvericilik funksiyanı həyata keçirə bilməyən, icra, konkret olaraq dövlət rəhbərinin nəzarəti altında olan və əvvəlki Milli Məclislərdən çox şəxsi nəzarəti altında olan bir Milli Məclis yaratmaq məqsədilə növbədənkənar seçkilər elan edib".

Arif Hacılı qeyd edib ki, Müsavat Partiyası seçkilərdə iştirak məsələsini ciddi müzakirə edir:

"O cümlədən digər ictimai-siyasi təşkilatlarla, siyasi partiyaların rəhbərliyi ilə məsələni müzakirə edirik. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar məsələ dekabrın 7-də Müsavat Partiyasının Divanında müzakirə olunacaq".

'Sadəcə, seçki komissiyaları gərgin işləyəcək...'

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, seçkilərin gələn ilin fevralın 9-na təyin edilməsi hüquqi tərəfdən heç bir problem yaratmır:


«Dekabrın 23-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri bitməmiş parlament seçkilərinin elan edilməsi hüquqi tərəfdən qəbulediləndir. Parlament seçkiləri bələdiyyə seçkilərdən təqribən 2 ay sonra keçiriləcək. Sadəcə, seçki komissiyaları gərgin vəziyyətdə işləyəcək, onların işi ağırlaşacaq. Bu baxımından, narahatlıq ola bilər. Bir də imzatoplama kampaniyası gərgin keçəcək. Çünki qısa vaxtda 450 imzanı yığmaq bir az çətindir».

Ekspert hesab edir ki, namizədlərin təbliğat-təşviqat kampaniyası üçün də seçkilərə vaxtın az qalması hüquqi tərəfdən əngəl deyil. «Azərbaycanda seçkiöncəsi təbliğat 22 gün çəkir və bu, elan olunduğu dövrə tam uyğundur».

Milli Məclisin son iclasından görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Xatırlatma

Ötən ay, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə parlamentin buraxılmasının konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uğun sayıb.

«Azərbaycan Respublikasının Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarından da göründüyü kimi,... deputatlarının mütləq əksəriyyəti parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqe ortaya qoymuşdur», - qərarda yazılırdı.

Nəhayət, bu gün, dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Tanıdığınız məhşurlardan kimlərin deputat olmasını istərdiz?
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG