Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:03

Parlamentin keçmiş işçisi: 'Obyekt əxlaqsızlıq yuvası kimi...'


Milli Məclisin mətbuat xidmətinin keçmiş əməkdaşı hakim önünə çıxarılıb

Milli Məclisin mətbuat xidmətinin keçmiş əməkdaşı indi reketlikdə suçlanaraq hakim önünə çıxarılıb. Söhbət "millitv.az" saytının baş redaktoru Rövşən Qasımovdan gedir. O, müttəhimlər kürsüsündə tək deyil, saytın üç xanım əməkdaşı - Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova da mühakimə olunur. Onlara CM-in 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsiylə ittiham verilib.

İşadamının “jam.az” rəhbərindən də şikayəti olub

Cinayət işinin materiallarında yazılıb ki, işadamı Şirin Abdullayevdən pul alarkən, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCQMİ) əməkdaşları onları saxlayıb. İddiaya görə, həmin pul sözügedən işadamının özü və obyekti barədə rüsvayedici materialların yayılmamasından ötrü alınırmış.

Şirin Abdullayev vaxtilə "Jurnalist Araşdırmalar Mərkəzi"nin (jam.az) rəhbəri, 7 il həbs cəzası almış Fikrət Fərəməzoğlunun işində də zərərçəkmiş sayılıb. İşadamı onun da hədə-qorxuyla pul istədiyini iddia etmişdi.

R.Qasımov özünü qismən təqsirli bilsə də, ittihamda yazılanları qəbul etmir, deyir ki, zərərçəkmiş Ş.Abdullayevin massaj salonu adıyla işlətdiyi obyekt gerçəkdə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib:

“Mənə qadın təklif etdilər”

"Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Təklif etdi ki, bu problemi yazıb, belə yerlərin fəaliyyətinin qarşısını alaq. Sonra biz çəkilişlə gəldik, həmin məkanda çəkiliş apardıq. Şirin Abdullayevin işlətdiyi obyektə müştəri kimi yaxınlaşdım. Orada 30 manat müqabilində mənə qadın təklif etdilər. Biz bu faktları qeydə aldıq və sübutları polisə təqdim etdik”.

Polisin hansı tədbir gördüyü məlum deyil.

R.Qasımovun sözlərinə görə, bir neçə gün sonra Şirin adlı şəxs ona zəng edərək, bu məsələ ilə əlaqədar görüşüb danışmağı təklif edib. Görüşərkən də deyib ki, əməliyyat olunub, vəziyyəti yaxşı deyil, çəkilişi yaymasınlar:

"Bizə söz verdi ki, ayın sonunda həmin obyekti bağlayacaq. Amma biz onu eşitmədik, polisə verdik. Bir neçə gün sonra Şirin Abdullayev yenə görüşməyi təklif etdi. Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

MCQMİ əməkdaşı “3 min manat”dan danışır

İdarənin əməkdaşı Şahlar Cəfərov əməliyyatın zərərçəkmiş Ş. Abduallayevin şikayəti əsasında hazırlandığını söyləyib. Bu əməkdaşın sözlərinə görə, təqsirləndirilən şəxsləri restoranda 3 min manat alarkən saxlayıb idarəyə gətiriblər.

"Millitv.az" saytı 2016-cı ildə təsis olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG