Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:04

"Mən milli bomjam" 


Larisa Aleksandrovna
Larisa Aleksandrovna

Ramin Deko

(AzadlıqRadiosu üçün)

...Övladları xaricdə - öz gün-güzəranlarını yaşayırlar, Larisa da burada zir-zibil içində günü günə calayır...

O, hər gün bir binanın həyətində gecələyir. Havalar soyuq olanda zirzəmilərə baş vurur, istilər düşəndə küçədə - zibil qutularının yanında yatır. Bu həyatı özü seçməsə də, indi ona belə daha rahatdı. Öyrəncəlidir, zir-zibillikləri eşələyərək gündəlik azuqəsini toplayır, geyim yığır, satlıq üçün bir şey tapırsa, təhvil verib bir-iki manat qazanır.

homeless in Baku Larisa Aleksandrovna
homeless in Baku Larisa Aleksandrovna

İçi dolu uşaq arabası

Larisa Aleksandrovna Bakıda doğulub. 66 yaşı var. İllər öncə anası və bacısı evini sataraq ölkəni tərk ediblər. Ona isə mənzilindən 2 min 500 manat qalıb. Bir müddət bu pulla yaşayıb, sonra isə küçələrdə sərgərdan ömür sürməyə möhtac olub. Deyir, bu məmləkətdə bacaracağı bir işin qulpundan yapışmağı ona rəva görmürlər.

"Təqaüd üçün müraciət etdim, alınmadı. Küçələri süpürmək istədim "yer yoxdur" söylədilər. Çarəsiz qalıb zibil qutularını eşələyirəm", - söyləyir Larisa Aleksandrovna.

O qədər də böyük həyat hekayəsi yoxdu. Öz dünyası sısqa canı boydadı. Övladları xaricdə - öz gün-güzəranlarını yaşayırlar, Larisa da burda zir-zibil içində günü günə calayır.

Küçədən tapdığı uşaq arabası həmişə dolu olur. Özünün yemədiyi tullantıları da sellofanlara yığaraq küçədəki sahibsiz heyvanları bəsləyir.

Hər gün birinci it-pişikləri yemləyir, sonra...

15 ildir ki, belə yaşayır. Küçələrdə, binaların dəhlizlərində, zirzəmilərində yatsa da, özünü qorumağa çalışır. Axı xəstələnsə, heç kim ona baxmayacaq. Bu illər ərzində özünə bir rəfiqə tapıb. Ancaq onun da Larisaya baxmaq imkanı yoxdur, yenə öz sağlamlığının qayğısına qalmağa çalışır. Hər gün süd içməlidir, deyir, bunsuz yaşaya bilmir. Hətta tapılmayanda belə, butulka yığıb sataraq dükandan alır. Onun üçün adiləşib, özünümüdafiə instinkti yaradıb.

Düzü, zibil qutularının başına dolanmasa, bomj olduğu heç bilinməz. Üzündə kirşan, dodaq və barmaqlarında dırnaq boyaları açıq-aydın sezilir. Danışanda da naz-qəmzəsi göyün yeddinci qatındadı. Ancaq yaşayışdan sual verən kimi “yeddinci qat”dakı naz-qəmzə yerə şappıltıyla elə çırpılır ki, bir az öncəki adamın sir-sifəti tamam başqa məcraya yönəlir.

Larisa hər gün səhər zibil qutularına doğru gedəndə birinci süd məhsullarını axtarır.

12 iti, bir o qədər də pişiyi var. Hər gün birinci onları yemləyir. Sonra öz başına çarə qılmağa çalışır.

"Qışda yaşamaq çox çətindi. Heç nə tapılmır. Elə vaxt olur, günlərlə ac-susuz qalıram. Nə edim? Bu da mənim taleyimdi. Mən milli bomjam", - bunları deyə-deyə donmuş barmaqlarının qatını açmaq üçün əllərini ovuşdurur. Pırtlamış şəkildə çəhrayı rəngə boyanan damarları isə göz deşir. Yaşadıqları məhrumiyyətlərin, əzabların hamısı ora bir-bir həkk edilib.

Ümidini itirməyib - ancaq kimdən?

Larisayla söhbət edəndə hər iki kəlməsindən bir "görəsən, mənə kimsə kömək edəcək?" sözləriydi. O, ümidini itirməyib, baxmayaraq ki, neçə vaxtdı daha dövlət idarələrinin qapısını döymür. Gözləntisi kimdəndi, özü də müəyyənləşdirməyib, ancaq nəyinsə yaxşı olacağını düşünür.

Sağollaşıb ayrılanda bir xahişini dönə-dönə tapşırır: "Orada yazarsan ki, milli bomj hələ çox yaşayacaq, həyat uzundu".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG