Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Mike Pompeo: 'Biz istəyirik ki, İran özünü normal ölkə kimi aparsın'


ABŞ dövlət katibi Mike Pompeo fevralın 14-də AzadlıqRadiosuna müsahibə verib
ABŞ dövlət katibi Mike Pompeo fevralın 14-də AzadlıqRadiosuna müsahibə verib

Fevralın 14-də Varşavada keçirilən Yaxın Şərq konfransı başa çatıb. Konfransı Polşa və Birləşmiş Ştatlar təşkil etmişdi.

Bir çox Qərbi Avropa ölkələri bu konfransda iştirak etmirdilər. İran tədbirə dəvət olunmamışdı, Rusiya isə konfransa gəlməkdən imtina etmişdi. Tehran bu konfransın anti-İran mahiyyət daşıdığını bildirmişdi.

Bütün bunlara baxmayaraq, ABŞ dövlət katibi Mike Pompeo AzadlıqRadiosuna müsahibəsində konfransın uğurlu keçdiyini bildirib.

O deyib ki, “bu toplantıdan məqsəd bütün Yaxın Şərq boyunca, sülh və stabillik yaratmaq, Yəməndəki, Suriyadakı müşkül problemlərin, fələstinlilər və İsrail arasında münaqişə ilə bağlı təhlükəsizlik riskləri ilə bağlı problemin həlli məsələlərini müzakirə etmək və bunun üzərində işləmək idi”.

Dövlət katibi vurğulayıb ki, tədbirdə 60-dan çox ölkə eyni məqsədlə bir araya gəlmişdi.

“Hizbullah haqqında danışırsansa, gərək İran haqqında da danışasan…”

Konfransın anti-İran səciyyə daşıması ilə bağlı söylənənlərə aydınlıq gətirən Mike Pompeo deyib:

“Burada belə bir hal mövcuddur ki, əgər sən Hizbullah haqqında danışırsansa, gərək İran haqqında da danışasan, hutilərin Yəməndəki bəd əməllərindən danışırsansa, demək həm də İran barəsində danışmalısan. İran heç şübhəsiz burada müzakirə olunan məsələlərdən biri idi. Amma mən sizə deməliyəm ki, koalisiya güclüdür. Burada bircə adam da, bircə ölkə də inkar etmədi ki, İrandan gələn təhlükə realdır. İstər ərəb ölkələri olsun, istər Asiya, Cənubi Amerika və ya Yaxın Şərqin özündən olan ölkələr – hamı İran İslam Respublikasından onların vətəndaşları üçün qaynaqlanan təhlükəni başa düşür”.

Dövlət katibi İranla bağlı məsələdə Qərbi Avropa ilə ABŞ adminsitrasiyası arasında yaranmış fikir ayrılığına da toxunub:

“Əlbəttə burada problemə münasibət məsələsində aşkar fikir ayrılıqları var. Avropalılar nüvə sazişinə bağlıdırlar, biz fərqli qərar qəbul etmişik. Biz düşünürük ki, İran İslam Respublikasına gedən bütün pullar Qassem Soleimaniyə çatır və bəd əməllərəvə ən önəmlisi İran xalqının həyatını ağırlaşdırmağa xərclənir. Ona görə də biz əmin olmaq istəyirik ki, İran xalqının səsi eşidilsin. Biz, bu gün bura toplaşanlar, fikrimizi bildirdik və mən əminəm ki, indi bütün Yaxın Şərq boyunca mövcud olan təhlükələrə kollektiv şəkildə daha yaxşı cavab verməyə hazırıq”.

Dövlət katibinin 12 tövsiyəsi

AzadlıqRadiosunun müxbiri xatırladıb ki, bir çoxları bu konfransa Vaşinqtonun son nəticədə İranda rejim dəyişikliyinə nail olmaq gündəliyinin bir hissəsi kimi baxırlar.

Müxbirin “İran təhlükələri” ilə bağlı problemin konkret necə həll olunacağı barədə sualına cavab olaraq Mike Pompeo deyib ki, bu konfransda ərəb ölkələri ilə İsrail bir masa arxasında İranın təşkil etdiyi təhlükələri müzakirə ediblər:

“Bu, arxasında Vaşiqntonun dayandığı bir cəhd deyil. Biz əlbəttə ki, İran İslam Respublikası ilə bağlı narahatlıqlarımızı aydın ifadə etdik və biz bu risklərin azaldılmasına əhəmiyyətli resurslar sərf etmişik. Biz bunu davam etdirəcəyik, çünki biz son nəticədə İran xalqının səsinin eşidilməsini istəyirik. Biz İranın özünü normal ölkə kimi aparmasını istəyirik. Mən 2018-ci ilin mayında İranın dünya icmasına qoşula bilməsi üçün etməli olduğu 12 mühüm məsələdən danışmışdım. Biz bu məqsədə nail olmaq üçün hər gün müxtəlif siyasətlər işləyib hazırlayırıq. Biz buna nail olanda, əlbəttə, bütün Yaxın Şərq və əlbəttə bütün dünya daha təhlükəsiz bir yer olacaq”.

“Zarif də, Rohani də eyni dərəcədə inqilabçıdırlar…”

Daha sonra AzadlıqRadiosunun müxbiri sual verib: “Məsələ burasındadır ki, sizin fikrinizdə hədəflədiyiniz davranış İslam Respublikasının varlığının bir hissəsidir və onun dəyişməsi mahiyyətcə elə rejim dəyişikliyi demək olardı…”

Pompeo bu sualın cavabında deyib:

“Son nəticədə davranışların necə dəyişilməsi məsələsini İran xalqı həll etməlidir. Onlar səslərini eşitdirəcəklər və güclərini göstərəcəklər. Bu, ağıllı, dərin və zəngin tarixə malik qabiliyyətli bir xalqdır. Onlar öz ölkələrinin işlərini idarə etməyə tamamilə qabil insanlardır. Odur ki, bizim əldə etməyə çalışdığımız davranış dəyişikliyi bütün Yaxın Şərq boyunca təhlükəsizliyin yaradılması və İran xalqı üçün daha yaxşı yaşayışın yaradılması məqsədini güdür. Odur ki, biz həmin iranlı səslərini onların öz ölkəsində dəstəkləyirik ki, onlar istədikləri həyata nail olsunlar. Elə bir həyata ki, Yaxın Şərq boyunca və dünyanın başqa yerlərindəki adamlar üçün təhlükə təşkil etməsin”.

Fevralın 13-də İranda İslam İnqilab Keşikçiləri Qvardiyası üzərinə intihar bombası hücumu 27 keşikçinin ölümü ilə nəticələnib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif yazdığı tvitdə bu hücumu Varşavada keçirilən konfransla bağlayıb və bu iki hadisənin eyni vaxtda baş verməsini təsadüf saymadığını deyib.

AzadlıqRadiosu müxbirinin bu barədə sualına cavab verən Mike Pompeo deyib:

“Yox bu məsələnin amerikalılarla heç bir bağlılığı yoxdur. Mən bunu deyə bilərəm: Bilirsiniz, Avropa ölkələri də daxil bir çox ölkələr bu adamla, yəni Zariflə görüşüblər. Yeri gəlmişkən, o hazırda Münhenə yollanıb və orada bir çox Avropa ölkələri onunla görüşəcəklər. Mən çox istərdim, həmin ölkələr cənab Zariflə görüşəndə ondan soruşsunlar ki, belə bir hiddət doğuran sözləri niyə deyir? Bəzən o özünü mötədil kimi təqdim etməyə çalışır. İsrailliləri və ya amerikalıları qətldə ittiham etmək mötədillik deyil axı. Məncə bu onu göstərir ki, cənab Zarif və prezident Rohani də İrandakı başqa liderlər kimi eyni dərəcədə inqilabçıdırlar”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG