ABŞ Dövlət katibi Mike Pompeo Şimali Koreya lideri Kim Çen In-la (Kim Jong Un) növbəti görüşünü müsbət qiymətləndirib.
AP və AFP agentliklərinin məlumatına görə, görüş oktyabrın 7-də Pxenyanda keçirilib.
Pompeo, ABŞ nümayəndə heyətinin qəbuluna görə ölkə rəhbərliyinə təşəkkür bildirib və qeyd edib ki, tərəflər iki ölkə prezidentinin bundan əvvəl Sinqapur görüşündə əldə etdikləri razılaşmada "irəliləyişə nail olmaqda” davam edirlər.
Dövlət katibi bunu özünün “Tvitter” səhifəsində yazıb.
Pompeo-nun Pxenyana səfərində məqsəd, iki ölkə prezidenti arasında növbəti görüşə hazırlıq görməkdir.
Mike Pompeo görüşün nəticələri barədə Cənubi Koreya rəhbərliyinə məlumat vermək üçün Pxenyandan Seula yollanacaq.
Pompeo-nun Pxenyana səfəri ilkiin olaraq avqusta planlaşdırılmışdı, amma Vaşinqton, Şimali Koreyanın nüvə proqramının ləğvini ləngitməsindən şikayətlənərək görüşü təxirə salmışdı.
ABŞ prezidenti Donald Trum iyunda Kim Çen In-la Sinqapur görüşünün nəticələrini dəfələrlə müsbət qiymətləndirsə də Vaşinqton Şimali Koreyaya qarşı sanksiyaları ləğv etmədi.
Buna da bax:Şimali Koreya ABŞ-la danışıqların nəticəsindən təəssüf bildirib
Həmin görüşdə Şimali Koreya nüvə proqramını ləğv edəcəyini vəd edib.
Amma Şimali Koreya rəhbərliyi dəfələrlə bəyan edib ki, ABŞ danışıqlara əsasən Pxenyana qarşı sanksiyaları ləğv etməlidir və əks halda o bunu birtərəfli qaydada etməyəcək.
Pxenyan həmin görüşdən sonra beynəlxalq müşahidəçiləri özünün bir sıra nüvə obyektlərinə də buraxıb.
Amma bundan sonra tərəflər bir sıra ziddiyətli bəyanatlar veriblər.