ABŞ-ın cənubundakı Florida ştatında keçirilən mitinqdə vise-prezident Mike Pence Venesuelanın sosialist prezidenti Nicolas Maduronun hakimiyyətinə son qoyulması üçün “hərəkətə” çağırıb.
"Gəlin açıq danışaq – indi dialoq vaxtı deyil. İndi hərəkət vaxtıdır. İndi Maduronun diktaturasına birdəfəlik və həmişəlik son qoymaq vaxtıdfır”.
Fevralın 1-də keçirilən mitinqdə vise-prezident deyib ki, “Birləşmiş Ştatlar Venesuelada demokratiyaya dinc keçid üçün bütün diplomatik və iqtisadi təzyiq vasitələrindən istifadə edəcək”.
Fevralın 1-də habelə Abu Dabinin Noor Capital investisiya fondu təsdiq edib ki, şirkət yanvarın 21-də Venesuelanın Mərkəzi Bankından üç ton qızıl alıb və bundan sonra Venesueladakı siyasi vəziyyət stabilləşənədək bu ölkədən heç nə almayacaq.
Venesuela müxalifətinin lideri Juan Guaido venesuelalıları fevralın 2-də küçələrə çıxıb yeni seçkinin keçirilməsi üçün Maduroya təzyiq göstərməyə çağırıb.
O fevralın 2-də kerçiriləcək etirazı “Venesuela tarixinin ən böyük yürüşü” adlandırıb.
Bir neçə Avropa ölkəsi Maduroya bildirib ki, o fevralın 3-dək yeni seçki çağırmasa, bu ölkələr Guaido-nun keçid prezidenti kimi tanınması məsələsində Birləşmiş Ştatlara qoşulacaqlar.
Guaido böhranın çözülməsi üçün danışıqlarda vasitəçi olmaq barədə Meksika və Uruqvayın təklifini rədd edib.
O deyib ki, “müxalifət insan haqları pozuntularının hakimiyyətdə qalmasını təmin edən danışıq və müzakirələrdə iştirak etməyəcək”.
Hakimiyyətini qoruyub saxlamağa çalışan Maduro ötən mayda qeyri-demokratikliyinə görə geniş tənqid edilən seçkidə qalib gələrək ikinci müddətə prezidentliyini elan edib.
Son illərdə milyonlarla venesuelalı hiperinflyasiya, ərzaq və dava-dərman çatışmazlığı ucbatından ölkəni tərk edib.