Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Oktyabr, Cümə, Bakı vaxtı 00:15

Əli Həsənov: ‘Prezident Mikayıl Müşfiqlə bağlı məsələni nəzarətinə götürüb’


Əli Həsənov

Stalin repressiyasının qurbanı, 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində (KİV) yayılan materiallar Azərbaycan prezidenti İlham Əliyevin diqqətini cəlb edib.

AZƏRTAC-ın xəbərinə görə, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Onun dediyinə görə, prezident məsələnin araşdırılmasından ötrü Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və başqa əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

Prezidentin köməkçisinin vurğulamasına görə, əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Əli Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlət başçısının nəzarətindədir:

“Əminliklə demək olar ki, məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlər görüləcək və nəticə barədə ictimaiyyətə məlumat veriləcəkdir”.

Xatırlatma

Son vaxtlar ölkə KİV-lərində Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən Mikayıl Müşfiqin qalıqlarının aşkar edildiyi haqda məlumatlar yayılıb.

Hətta qeyd edilib ki, bu haqda məlumat Mədəniyyət Nazirliyinin rəhbərliyinə də verilib.

Son günlər sosial şəbəkələrdə yayılan məlumatlara görə isə, bu məsələyə yer ayıran bəzi KİV-lər sonradan həmin yazıları öz səhfələrindən çıxarıblar.

Bir sıra sosial şəbəkə istifadəçilərinin fikrlərinə görə, “hansısa əl KİV-lərdə bu mövzunun qapanmasını istəyib”

Bu il iyunun 5-də Mikayıl Müşfiqin anadan olmasının 110 ili tamam olub.

XS
SM
MD
LG