Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 15:19

'Mikayıl Cabbarovun növbəti yüksəlişi baş nazir təyinatı olacaq'


M.Cabbarov
M.Cabbarov

«İşgüzar, bacarıqlı, mədəni Mikayıl Cabbarov»

Siyasi şərhçi Zərdüşt Əlizadə Mikayıl Cabbarovun son 6 ildə üç fərqli sahədə nazir təyin olunmasını hakim komandada çox yüksək dəyərləndirilməsi ilə izah edir.

«Savadına, mədəniyyətinə söz yoxdur. Nazirlər sırasında xeyli müsbət cəhətlərinə görə fərqlənir, əlbəttə. İşgüzardır, bacarıqlıdır, mədənidir. Dünya haqqında düzgün və geniş təsəvvürü var», – siyasi şərhçi iqtisadiyyat nazirini bu cür xarakterizə edir.

Yeri gəlmişkən, 43-yaşlı nazir vaxtilə intellektual yarışların, televiziya proqramlarının iştirakçısı və qalibi olub. İctimaiyyət onu həm də oradan tanımaqdadır.

Cabbarovun vəzifə pilləsində irəli çəkilməsini isə Z.Əlizadə ölkədə kadr qıtlığı ilə bağlayır: «Əksəriyyəti dünyadan bixəbər, büdcə oğurluqlarıyla məşğul olan adamlardır. Ona görə də, sədaqəti şübhə doğurmayan belə kadr ələ düşəndə etimad durmadan artır, onu irəli çəkirlər».

M.Əliyev
M.Əliyev

M.Əliyev: «...o, İlham Əliyev üçün əhəmiyyətlidir»

«Onun növbəti yüksəlişi baş nazir təyinatı olacaq», - «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev AzadlıqRadiosuna deyir.

Agentlik rəhbəri M.Cabbarovun Təhsil və Vergi nazirliklərinə təyinatının yeni komandaların formalaşması məqsədi daşıdığını bildirir: «Vergilər Nazirliyində müəyyən addımlar atılıb. Bunun nəticəsində iqtisadiyyatı daha açıq, daha şəffaf edib. O cümlədən Gömrük Komitəsinə də nəzarət etməyə başladı, orda da müəyyən dəyişikliklər baş verdi, leqallaşma getdi. Yəni, kadrlar dəyişdirilib, müəyyən islahatlar aparılıb, ona görə də İqtisadiyyat Nazirliyində də nəticə olacaq. Amma problemlər yenə də qalmaqdadır. İçərişəhər Dövlət Qoruğunda da onun işi tənzimləmə, komandanı dəyişməkdən o yana getməmişdi. Sadaladığım bu keyfiyyətlər daxilində o, İlham Əliyev üçün əhəmiyyətlidir. Onun növbəti yüksəlişi baş nazir olacaq».

Yeni iqtisadiyyat naziri M.Cabbarov bu vəzifəyə gələnə qədər təhsil və vergilər naziri olub.

2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

2004-cü ildə İqtisadi inkişaf nazirinin müavini, 2009-cu ildə Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazir Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunudur.

Z.Əlizadə
Z.Əlizadə

«Yerində olmayan nazir»

Z.Əlizadə M.Cabbarovun təhsil naziri kimi yerində olmadığını, ancaq Vergilər Nazirliyində özünü müsbət yöndən göstərə bildiyini, rüşvəti xeyli yığışdırdığını düşünür. Siyasi şərhçi keçmiş təhsil naziri kimi onun uğursuzluğunun səbəbini həmin sahənin hakimiyyət sistemi ilə bağlı olmasında görür: «Məsələn, məktəbin direktorunun əsas vəzifəsi seçkiləri saxtalaşdırmaqdır, hakim zümrənin qələbəsini təmin etməkdir. O əsas işi görməklə bərabər korrupsiya ilə məşğuldur. Seçki saxtakarlıqları icra hakimiyyəti ilə, təhsil isə nazirliklə bağlıdır. Mikayil Cabbarov təhsil sahəsində nəsə etmək istəyəndə arxası icra hakimiyyətinə bağlı olan həmin direktorların müqaviməti ilə rastlaşırdı. Onların arxasında Ramiz Mehdiyev dururdu. Onları işdən çıxara bilmirdi. Ona görə çox əlləşdi-vuruşdu, nəyəsə nail ola bilmədi».

Siyasi şərhçi Təhsil Nazirliyindən fərqli olaraq Vergilər Nazirliyində ona kart-blanş verildiyini və «dəyiş» deyildiyini bildirir: «Məndə olan məlumata görə, o, vergi üzrə beynəlxalq təşkilatın nümayəndələrini, özəl sektorun nümayəndələrini yığdı, beyin fırtınası rejimində, dünya təcrübəsini nəzərə alaraq vergi sisteminin dərin təhlilini apardı, onun yaxşılaşdırılması yollarını müəyyən etdi və xeyli irəliləyişə nail oldu. Əlbəttə, əlavə dəyər vergisindən başqa ümumi vergi sistemində qayda yaratdı. Artıq vergi müfəttişi gəlib demir ki, mənim haqqımı ver, dövlətin vergisini ödəmə».

M.Əliyev Z.Əlizadədən fərqli olaraq M.Cabbarovun Təhsil Nazirliyində işlədiyi müddətdə bəzi məsələləri həll etdiyini, məsələn, çoxlu pulların fırlandığı bir ali məktəbdən digərinə köçürülmə məsələsinin dayandırıldığını, bəzi sahələrdə rüşvətə son qoyulduğunu bildirir.

N.Əliyev
N.Əliyev

N.Əliyev nazirin pinəçilərdən vergi yığmasını tənqid edir

AXCP üzvü, iqtisadçı Nemət Əliyev M.Cabbarovun nəinki təhsil, heç vergilər naziri kimi də fəaliyyətini yüksək dəyərləndirmir: «Xırda sahibkarlıqla məşğul olanların hamısını, məsələn, pinəçiləri, bir köşk açıb dolanmağa çalışanları vergiyə cəlb etdilər. Bu, doğru deyildi. Və ya onun dövründə dövlət büdcəsinə daxilolmaların miqyası sürətlə artdı, xüsusən də gömrük xəttiylə. Ancaq son 9 ayda idxal olunan malların qiymətində də 30 faizədək artım var. Deməli, qiymət artımı hesabına büdcəyə daxilolmalar artır? Və ya cənub bölgəsində deputata yaxın insanların işlətdiyi bir istirahət mərkəzi, sən demə, vergidən uzun zamandır yayınırmış, qəpik-quruş ödəyirmiş. Mikayıl Cabbarov bunun qarşısını ala bildi? Yaxud bunun kimi çox sayda arxalı sahibkarlarla bağlı biabırçılığı aradan qaldırdı? Ən böyük rüsvayçılıq isə SOCAR-da, «Dəmir Yolları»nda, AZAL-da, metropolitendə, «Azərenerji»də yaşanır».

İqtisadiyyat naziri kimi nə edə biləcək

Z.Əlizadənin M.Cabbarovun iqtisadiyyat naziri kimi fəaliyyətindən gözləntiləri çox deyil. Onun qənaətinə, islahatlardan çox danışılsa da, «korrupsiyaya qurşanmış, avtoritar siyasi sistemdə səmərəli demokratik islahatların keçirilməsi mümkün deyil».

N.Əliyev isə yeni İqtisadiyyat Nazirliyində struktur islahatları aparılmasını məqsədəuyğun saymır. O, keçmiş iqtisadiyyat naziri Fərhad Əliyevin dövründə Heydər Əliyevin İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərini genişləndirdiyini xatırladır: «Həmin Dövlət Əmlak Komitəsi, Antiinhisar Xidməti və s. həmin nazirliyin tabeçiliyinə idi. Bunu analoqsuz iqtisadiyyatın təntənəsi kimi təqdim etmişdilər. Aradan bir müddət keçəndən sonra İlham Əliyev İİN-nin strukturlarını dağıtdı, Əmlak Komitəsini və başqalarını ayırdı. Onu da islahat kimi təqdim etdilər. O vaxt dağıtdıqlarını yenə Mikayıl Cabbarovun təsiri altına yığır. Ölkənin dövlət orqanlarının idarə edilməsində hökumətin konkret, bitkin baxışı yoxdur, Azərbaycanı eksperiment meydançasına döndəriblər, nəticə də ortadadır».

Onun fikrincə, nə Əmlak Məsələləri Dövlət Komitəsi, nə də Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdirilməli idi, əksinə, Gömrük Komitəsi, Vergilər Nazirliyi ləğv edilməli, onların səlahiyyətləri Maliyyə Nazirliyinə verilməli idi. İqtisadçı hesab edir ki, «sadəcə, pul gətirən sahələr komanda daxilində bir əldən başqa ələ ötürülür».

Bir neçə il öncə Azərbaycanda Nəqliyyat Nazirliyi ləğv edilib, Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi yaradılanda da bu təəccüblə qarşılanmışdı. O zaman da hər iki sahənin hakim ailəyə yaxın şəxsə etibar edildiyi iddia olunmuşdu.

Prezident İlham Əliyevsə yeni təyin etdiyi iqtisadiyyat naziri M.Cabbarovla görüşündə bildirib ki, yüz minlərlə insan zərflərdə maaş alır, ölkədə kölgə iqtisadiyyatının mövcudluğundan, sahibkarlara «zəli kimi yapışan» dövlət məmurlarından, qeyri-neft sektorunun zəif inkişafından narazıdır. Ona bir sıra tapşırıqlar verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG