Hikmət Hacızadə: ‘İslahatlardan... söz gedə bilməz’
“Prezident komandasını gəncləşdirir, idarəçilik üsulu dəyişir və son istefalar, xüsusi olaraq Ramiz Mehdiyevin istefası məhz bununla bağlıdır”
Bunu AzadlıqRadiosuna politoloq Hikmət Hacızadə deyib.
Politoloqun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda idarəçilik üsulu tamamilə dəyişəcək. Onun fikrincə, bundan sonra mövcud proses menecerlər vasitəsilə həyata keçirəcək.
Amma politoloqun fikrincə, mahiyyət dəyişmir: “Dəyişən sadəcə budur. Hər hansı islahatlardan, demokratikləşmədən söz gedə bilməz".
Hikmət Hacızadə həmçinin əlavə edib ki, son istefaları "klan savaşı" ilə izah etmək düzgün deyil. Onun fikrincə, belə olsaydı, istefaya göndərilmiş şəxslə eyni klanda olanlar da vəzifələrdən kənarlaşdırılardı:
“Lakin onlar hələ də neft, tikinti, polis və digər sahələrdə rəhbər vəzifələrdə təmsil olunurlar. Dediyim kimi, bu sadəcə idarəçilərin dəyişməsidir".
Azərbaycan rəsmiləri isə hakimiyyətdə klanların təmsil olunmasi ilə bağlı fikirləri qəbul etmir və bunu qərəzli sayırlar.
Ramiz Mehdiyev AMEA prezidenti oldu
Bu gün, oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.
Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilib.
AMEA prezidenti, akademik Akif Əlizadənin səhhəti ilə bağlı istefa ərizəsi yazdığı bildirilib.
A.Əlizadənin özü AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.
Səsvermə ilə akademik R.Mehdiyev növbəti müddətə AMEA-nın prezidenti seçilib.
AZƏRTAC-ın xəbərinə görə, oktyabrın 23-də dövlət başçısı İlham Əliyev də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş R.Mehdiyevi bu vəzifəyə təsdiq edib.
85-yaşlı A.Əlizadə 2013-cü ildən AMEA-nın prezidenti idi. Onun xələfi R.Mehdiyevin isə 81 yaşı var.
+++
Bu gün, oktyabrın 23-də prezident İlham Əliyev Ramiz Mehdiyevi Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edib.
Prezidentin başqa sərəncamı ilə R.Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.
Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub.
1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.
1982-ci ilin dekabrında Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub.
1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunub.
1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib.
1994-cü il fevralın 4-dən 1995-ci il fevralın 7-nə kimi Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsində işləyib.
1995-ci ildən bu gün, oktyabrın 23-nə qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışırdı.
O,2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Nemət Əliyev: 'Bu, yanlış yanaşmadır'
«Mən bu qurumların birləşdirilməsini yanlış yanaşma sayıram».
Bunu AzadlıqRadiosuna AXCP İqtisadiyyat komissiyasının sədri Nemət Əliyev oktyabrın 23-də prezidentin fərmanı ilə Vergilər Nazirliyinin və daha bir sıra qurumların İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı bildirib.
N.Əliyevə görə, iqtisadiyyat naziri səlahiyyətində olan sahənin inkişafında, böyüməsində maraqlıdır. Onun fikrincə, bu iki nazirlik əks mövqelərdə dayanır: «Düşünürəm ki, bu birləşmə iqtisadi idarəetmə baxımından da optimal deyil. Necə ki, indiyə kimi inhisar əleyhinə mübarizə aparmaqla bağlı danışaraq bununla kifayətlənirdilərsə, bundan sonra da elə olacaq».
Vergilərə də İqtisadiyyat Nazirliyi baxacaq
Dövlət başçısı oktyabrın 23-də İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman da imzalayıb.
Fərman iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədilə izah edilir.
Sənədə əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilir.
M.Cabbarov iqtisadiyyat naziri oldu
Bu gün, oktyabrın 23-ü prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən azad edilib.
Dövlət başçısının başqa bir sərəncamı ilə M.Cabbarov iqtisadiyyat naziri təyin edilib.
Oktyabrın 21-də iqtisadiyyat naziri Şahin Mustafayev prezidentin sərəncamları ilə həmin vəzifədən çıxarılaraq Baş nazirin müavini postuna gətirilmişdi.
Mikayıl Cabbarov isə 2017-ci il dekabrın 5-də vergilər naziri təyin edilmişdi. Ondan əvvəl də 4 ildən çox təhsil naziri vəzifəsində çalışmışdı.