Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:19

Flynn-in istefası administrasiyaya etimadı sarsıdıb


Michael Flynn
Michael Flynn

Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Michael Flynn-in istefaya getməsi ABŞ-da böyük qalmaqal yaradıb. Qəzetlər bunun Ağ evi böhrana saldığını, bəziləri administrasiyaya etimadı alt-üst etdiyini yazırlar.

M.Flynn vəzifə başına keçməmiş Rusiyanın ABŞ-dakı səfiriylə mütəmadi danışıqlar apardığına, siyasi məsələləri müzakirə etdiyinə görə qınaqla üzləşib və dünən – fevralın 14-də istefaya getdiyini elan edib.

RUS KƏŞFİYYATIYLA DƏFƏLƏRLƏ ƏLAQƏ SAXLAYIBLAR

«The Washington Post» qəzeti yazır ki, Trump administrasiyası M.Flynn-in təcili istefaya getməsi haqda qərar qəbul etməklə qalmaqala son qoymağa çalışsa da, məsələ bir az da uzanıb. Həm Demokrat, həm də Respublikaçı konqresmenlər araşdırma aparılmasını, Ağ evin müşavirlərinin Rusiyayla əlaqələrinin öyrənilməsini tələb edirlər.

Senatdakı çoxluğun lideri Mitch McConnell deyib ki, M.Flynn-in gedişinə səbəb olan hadisələr Rusiyanın ABŞ seçkilərinə müdaxiləsiylə bağlı tədqiqat işinə əlavə edilməlidir.

«The New York Times» qəzeti isə D.Trump-ın seçki kampaniyası köməkçilərinin rus kəşfiyyatıyla dəfələrlə əlaqə saxladığını, bunu əldə edilən səs yazılarının, telefon danışıqlarının sübut etdiyini yazır. Qəzet 4 Amerika rəsmisinə istinad etdiyini bildirir. Araşdırma davam etdiyindən rəsmilər adlarının açıqlanmasını istəməyiblər. Amma D.Trump-ın ətrafındakıların ruslarla telefon danışıqlarının sayının çox olmasının kəşfiyyatı ciddi şübhələndirdiyini söyləyiblər.

Paul Manafort
Paul Manafort

MANAFORT DA İNKAR EDİR

Ruslarla danışıqları qeydə alınanlardan biri D.Trump-ın seçki kampaniyasına keçən il başçılıq etmiş Paul Manafort-dur. Digərlərinin adı açıqlanmır.

P.Manafort «The New York Times»a müsahibəsində ittihamları qəti rədd edib, deyilənləri «cəfəngiyat» adlandırıb. M.Flynn də əvvəl hər şeyi inkar edirdi.

Qəzet D.Trump-ın ətrafında Rusiyayla iş əlaqələri olan biznesmenlərin çox olduğunu xatırladır, amerikalı iş adamlarının Rusiya, ya da Ukrayna kimi ölkələrdə, yəni casusların geniş yayıldığı yerlərdə kəşfiyyatla əlaqəyə girməsinin qeyri-adi şey olmadığını qeyd edir. Amma bu əlaqələrin biznes həddini keçmədiyini necə müəyyən edirlər? Hüquq-mühafizə orqanları bu haqda danışmırlar.

DANIŞIQLARA KİMİN QATILDIĞI AÇIQLANMIR

Adının açıqlanmasını istəməyən rəsmilər də təkcə Trump administrasiyasının şübhəli üzvlərinin deyil, danışıqlarda iştirak edən rus kəşfiyyatı nümayəndələrinin də haqqında bir söz demirlər. Sadəcə, Rusiyanın seçki kampaniyasına müdaxilə etdiyini və danışıqların da bu yöndə aparılan tədqiqatın bir hissəsi kimi araşdırıldığını bildirirlər. Federal Tədqiqatlar Bürosu (FBI), eləcə də Ağ ev bu haqda danışmaqdan imtina edir. Ağ evin sözçüsü Sean Spicer bircə onu deyib ki, D.Trump-ın kampaniyasından heç kim seçkidən öncə rus rəsmiləriylə danışmayıb.

Amma «The New York Times» qəzeti Rusiyanın xarici işlər nazirinin müavini Sergei A.Ryabkov-un ABŞ-da seçkidən iki gün sonra dediklərini xatırladır. O zaman S.Ryabkov kampaniya zamanı D.Trump-ın komandasıyla ünsiyyətdə olduqlarını söyləmişdi. Rusiyanın «Interfax» agentliyinə müsahibəsində nazir müavini D.Trump-ın ətrafındakı adamların çoxunun onlara tanış olduğunu da demişdi.

D.Trump özü isə keçən yay seçiciləriylə görüşlərindən birində deyibmiş ki, o, rusların kəşfiyyat xidmətinin Hillary Clinton-un e-mail-lərini ələ keçirdiyinə və bu e-mail-ləri ictimaiyyətə açıqlayacağına ümidlidir.

Donald Trump və Michael Flynn
Donald Trump və Michael Flynn

İSTEFAYA QƏDƏR OLANLAR

BBC təhlükəsizlik müşaviri M.Flynn-in istefasına qədər baş verənləri, sadəcə, ardıcıl sadalamaqla D.Trump administrasiyasına etimadı oxucularının öz öhdəsinə buraxır.

18 noyabr, 2016: M.Flynn Rusiyayla əlaqələri haqda şübhələrə rəğmən ABŞ-ın yeni təhlükəsizlik müşaviri elan edilir. Qanuna görə, Senatın bu vəzifəyə təyinatı təsdiqləməsinə ehtiyac yoxdur.

28 dekabr, 2016: M.Flynn və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak Milad bayramı münasibətilə bir-birinə SMS göndərirlər.

29 dekabr, 2016: ABŞ prezidenti Barack Obama Rusiyanın 35 diplomatının ölkədən qovulması haqda sanksiyalarını elan edir.

29 dekabr, 2016: M.Flynn Rusiya səfiriylə telefonla danışır.

15 yanvar, 2017: Vitse-prezident Mike Pence CBS telekanalına müsahibəsində M.Flynn-lə söhbət etdiyini, onun səfirlə söhbətinin sanksiyalarla əlaqəsi olmadığını deyir.

20 yanvar, 2017: prezident D.Trump və onun komandası, o cümlədən müşavir M.Flynn vəzifə başına keçir

22 yanvar, 2017: «The Wall Street Journal» qəzeti ABŞ əks-kəşfiyyat idarəsinin M.Flynn-lə bağlı araşdırma apardığını yazır.

8 fevral, 2017: M. Flynn «The Washington Post» qəzetinə müsahibəsində Rusiya səfiriylə sanksiyaları müzakirə etmədiyini deyir.

10 fevral, 2017: Prezident D.Trump jurnalistlərlə söhbətində M.Flynn haqda yazılanlardan xəbərsiz olduğunu söyləyir.

12/13 fevral, 2017: Prezidentin əsas siyasi müşaviri Stephen Miller D.Trump-ın M.Flynn-ə arxa durmasıyla bağlı suallara cavab verməkdən imtina edir.

Fevral, 2017: Kremlin sözçüsü Dmitry Peskov M.Flynn-in səfir S.Kislyak-la sanksiyaları aradan qaldırmaq məsələsini müzakirə etmədiyini deyir. Söhbətdə sanksiyalara toxunulub-toxunulmadığını soruşanda, Ağ evin sözçüsü S.Spicer: «Xeyr, qətiyyən toxunulmayıb. Heç bir yolla», – deyə cavab verir.

D.Trump-ın köməkçisi Kellyanne Conway prezidentin M.Flynn-ə etibar etdiyini deyir.

K. Conway-in çıxışından az sonra S.Spicer D.Trump-ın M.Flynn-in məsələsinə baxdığını bildirir.

M.Flynn istefaya gedir və məktub yazaraq, vitse-prezidentə və başqa rəsmilərə səfirlə söhbətinin məğzi haqda «səhvən» tam məlumat vermədiyini yazır.

XS
SM
MD
LG