Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:10

“Mövsümi meyvəyə həsrət qaldıq...” (media icmalı)


Xəzərin Azərbaycana aid “Dayazsulu Abşeron” ərazisində neft-qaz axtarışı, mövsümi meyvələrin bahalığı, yerli istehsalda itkilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“KƏMƏRLƏRİ SIXIN, DOSTLAR...”

Azadlıq.info” saytında “Bizi böyük bahalaşma gözlәyir” sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı Nemət Əliyevin düşüncə və təxminləri yer alır.

“Sentyabr ayının 1-dən əməkhaqlarına gözlənilən artımlar (minimum əməkhaqlarının 180 manatdan 250 manata qaldıırlması və bəzi dövlət qurumlarında maaşların 20-50 faiz civarında artırılmasını nəzrdə tutur-A.R) böyük bahalaşmanı gündəmə daşıyıb, yerli istehsalda yaşanan problemlər isə bahalaşmanı daha da aktuallaşdırıb”, deyə, o yazıb.

İqtisadçı hesab edir ki, bahalaşma xeyli aktuallaşıb:

“Hətta elektrik enerjisinin, təbii qazın qiymətləri də qalxa bilər. Çünki bu məhsulların maya dəyərinin ölkədaxili satış qiymətlərindən yüksək olmasını bəhanə tutub dövlət büdcəsindən milyonlarla qrant, subsidiya çəkən Dövlət Neft Şirkəti qiymətləri dövlət tərəfindən tənzimlənən bu məhsulların qiymət artımı üçün əvvəlcədən zəmin hazırlaya bilib. Əməkhaqqı artımları hesabına dövriyyədə çoxalacaq nağd pul kütləsi bu zəmini çox cəlbedici edəcək.”

İqtisadçının bildirməsinə görə, artıq idxal malları 31 faizə qədər bahalaşıb:

“Bu ilin yanvar-may aylarında idxal 51 faiz və ya 2 milyard dollar (3,4 milyard manat) artıb. Bu artımın 62 faizə qədəri və ya 2,1 milyard manatı bahalaşma hesabınadır. Hələ yalnız idxalın yaratdığı bu dalğa, ötən ilə nəzərən, əmtəə bazarlarını 15 faizdən çox , istehlak bazarlarını isə 12 faizdən çox bahalaşdırıb...”

Ekspertə görə, yerli istehsalda inkişafa nail olmaqla daxili bazarlara əlavə mal kütləsi çıxarılaraq ümumi bahalaşma səviyyəsini aşağı salmaq mümkün olardı. Amma onun fikrincə, bu varianta ümid bəsləməyə dəyməz.

Nemət Əliyevin hesablamalarına görə, bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə daxili bazarlara çıxarılan yerli malların həcmi 12,6 faiz azalıb:

“... Sonrakı dövrdə yerli istehsal hesabına bazarlara mal təklifinin azalacağı ehtimalı çox yüksəkdir. Yerli istehsalçıların bu cür davranışı idxal mallarının yaratdığı bahalaşma dalğasına nəinki zəiflədici təsir göstərməyəcək, əksinə, əlavə təkan verəcək. Odur ki, kəmərləri sıxın, dostlar, bahalaşmadan bahalaşma törəyəcək”.

MÖVSÜMİ MEYVƏLƏRDƏ BAHALIĞIN SƏBƏBLƏRİ...

Oxu.az” saytında “Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız-yemişin qiyməti necə olacaq?” sualı gündəmə daşınır.

Lənkəran, 2016-cı il
Lənkəran, 2016-cı il

Yazıda bildirilir ki, bazarda mövsümi meyvələrin qiyməti hər il olduğundan daha bahadır. Müəllif bunun səbəbləri ilə bağlı aqrar sahə üzrə ekspertlərdən Nicat Nəsirli ilə söhbət edib.

Müəllif yazıb ki, indi Bakı bazarlarında müəyyən qədər keyfiyyətli gilasın bir kiloqramı 8-10 manata təklif olunur:

“Rayon yerlərində isə 3-4 manata almaq mümkündür. Rayonlarda yığılan məhsulun yüksək keyfiyyətli hissəsi Rusiya bazarlarına ixrac edilir, 3-4 manata təklif edilən isə orta və aşağı keyfiyyətli meyvələrdir. Xaçmazda gilasın “Napoleon” və “Öküz ürəyi” növlərinin kilosu 4 manata təklif edilir”.

N.Nəsirli isə sayta mövsumi meyvələrin baha olmasının ilkin səbəbi kimi ağaclar çiçəkləyən ərəfədə hava şəraitinin əlverişi keçməməsini və məhsuldarlığın aşağı düşməsini göstərib:

“Əgər keçən ilin müvafiq dövründə bir hektar gilas bağından 8-12 ton məsul yığılırdısa, bu il 6-7 ton məhsul yığılır. Keçən il bir hektar ərik sahəsindən 6-7 ton məhsul yığılırdısa, bu il xeyli az – 2-3 ton məhsul toplanıb. Keyfiyyətli məhsul azdır və o, xarici ölkəyə ixrac edilir”.

Bununla belə N.Nəsrili hesab edir ki, bu il bazarda qarpız və yemişin qiyməti ötən illə müqayisədə, kifayət qədər aşağı olacaq:

“2018-ci ildə bostan meyvələrinin qiyməti baha idi. Keçən il qarpızın ölkə üzrə ümumi əkin sahəsi iki dəfə artıb. Qarpız bazara 40-50 qəpik qiymətlə girib. Normal qiymətlərdir. Nəzərə almaq lazımdır ki, qarpızın bioloji yetişmə dövrü iyul ayıdır. Açıq sahədə yetişən qarpızlar yerli bazara daxil olduqda qiymətlər bir qədər də düşəcək. Bostan məhsullarında bu il ciddi artım gözlənilmir, çünki ötən il əkin sahələrində kifayət qədər artım olub”.

"XƏZƏRİN PERSPEKTİV STRUKTURLARI"

Azərbaycan” qəzetində isə “Xəzərin perspektiv strukturları: “Dayazsulu Abşeron”” sərlövhəli yazı dərc edilib. Yazıda Xəzər dənizinin Azərbaycan sektorundakı hissədə yeni neft-qaz axtarışları dəyərləndirilir.

Xəzər dənizi
Xəzər dənizi

Müəllif xatırladıb ki, 2014-cü il dekabrın 22-də SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılması və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. Yazıda vurğulandığına görə, bu, Azərbaycanın neft-qaz sənayesi qarşısında duran əsas vəzifələrdən biri - Xəzərin Azərbaycana məxsus sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması istiqamətində atılan mühüm addım idi:

“"Dayazsulu Abşeron” üzrə sazişini imzalamaqda məqsəd həm Azərbaycanın, həm də BP şirkətinin qarşılıqlı faydalanmaları üçün ölkəmizin karbohidrogen ehtiyatlarının tam işlənməsini təmin etməkdir. Saziş imzalanandan bir neçə ay sonra Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Sazişə əsasən, müqavilədə "BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkətinin və SOCAR-ın hərəsinin 50 faizlik iştirak payı var. Bu sənəd 30 illik müddəti əhatə edir”

Müəllifin qeyd etməsinə görə, müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır.Yazıda bildirilir ki, həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir.

Yazının sonunda isə oxuyuruq:

“"Dayazsulu Abşeron” neftlə, yoxsa qazla zəngindir? Mütəxəssislər strukturun sərvətinin neft olacağını ehtimal edirlər. Qazma yaxın aylarda başlanacaq və mərhələlərlə aparılacaq”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG