Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:23

Çavuşoğlu: 'Türkiyə ABŞ-dan yaxınlıq istəyir'


Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

«The Washington Post» qəzeti Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun məqaləsini dərc edib. Nazir ölkəsinin ABŞ-la əlaqələrindən, türk xalqının Birləşmiş Ştatlara münasibətindən, münasibətləri korlayan səbəblərdən yazıb.

M.Çavuşoğlu ABŞ-ın dostları və müttəfiqlərinin gözlərini indi Vaşinqtona dikdiyini, hamının ölkənin yeni prezident Donald Trump-ın gəlişindən sonrakı mövqeyini öyrənməyə çalışdığını və buna ciddi səbəb olduğunu yazır. ABŞ-la müttəfiqlərinin kollektiv təhlükəsizliyinin hazırda ciddi sınaqla üz-üzə olduğunu vurğulayan M.Çavuşoğlu terrorçuluq və ekstremizmin, həmçinin kütləvi miqrasiyanın nəzarətsiz qaldığını, bütün transatlantik birliyin stabilliyini pozmaq potensialına çevrildiyini deyir.

YOL ETİMAD VƏ HƏMRƏYLİKDƏN KEÇİR

Yeni il ərəfəsində və bayram günləri Türkiyə və Avropa ölkələrinə terror hücumlarını yada salan nazir müttəfiqləri birliyə, xüsusi strategiya üzrə hərəkət etməyə çağırır: «Bu sınaqların qarşısını vaxtında almaqdan, onların analizi və səbəbinə varmaqdan ötrü problemin düzgün və birgə həlli yollarını tapmalı, qərarlı davranmalıyıq. Strategiya olmadan və plan üzrə hərəkət etmədən nəyəsə nail olacağımıza ümid edə bilmərik».

Nazir «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına üstün gəlməyin, Suriya və İraqda uğur qazanmağın, kütləvi miqrasiyanı tənzimləməyin yolunu birlikdə, müttəfiqlər arasında etimadda və həmrəylikdə gördüyünü vurğulayır. Və etimadın bərpasına Türkiyədən başlamağı məsləhət görür, çünki məhz Türkiyə sadalanan bütün təhlükələrin qarşısında birinci dayanan ölkədir.

R.T.Erdoğan və B.Obama
R.T.Erdoğan və B.Obama

M.Çavuşoğlu ABŞ-la Türkiyə münasibətlərinin korlandığını etiraf edir, amma həm daxildən, həm də xaricdən təzyiqə və tənqidə məruz qalan ölkəsinin son zamanlar laqeydliklə üzləşdiyini, çox vacib məqamlarda ona məhəl qoyulmadığını və bunun türk cəmiyyətini məyus etdiyini vurğulayır.

TÜRKİYƏNİN ABŞ-LA BAĞLI MƏYUSLUĞUNUN SƏBƏBİ NƏDİR?

Türkiyənin xarici işlər naziri Vaşinqtonla bağlı məyusluğa hər şeydən öncə ABŞ-ın Suriyada kürd silahlı qüvvələriylə – kürdlərin terrorçu təşkilatı PKK-ya bağlılığı olan YPG/PYD ilə əməkdaşlığının səbəb olduğunu yazır. Onun sözlərinə görə, ölkənin bir tərəfdən İŞİD-in hücumlarına məruz qalması, həm də ABŞ-ın bütün digər müttəfiqlərindən çox Türkiyənin İŞİD-dən əziyyət çəkməsi, digər tərəfdən PKK-nın Türkiyədə terror aktlarını bu gün də davam etdirməsi cəmiyyətdə ABŞ-ın kürd yaraqlılarıyla əməkdaşlığı barədə haqlı suallar doğurur.

M.Çavuşoğlu ABŞ-ın Türkiyədə yayda baş verənlərə – iyuldakı çevriliş cəhdinə münasibətinə də toxunub. Birləşmiş Ştatların bu cəhdi yalnız 4 gündən sonra pislədiyini, həmrəylini bildirmək üçün Ankaraya düz 40 gündən sonra nümayəndə heyəti göndərdiyini xatırladır.

M.Çavuşoğlu ölkəsinin «demokratiyanı və konstitusional rejimi qorumaq məqsədilə» apardığı siyasətə görə haqsız tənqid olunduğunu, «çevriliş cəhdinin arxasında dayanan» Fethullah Gülen-insə ABŞ-ın Pensilvaniya ştatında rahat yaşadığını, öz «terrorçu təşkilatı» FETÖ-nü azad idarə etdiyini deyir. Çevriliş cəhdinin qurbanı olan türk xalqının suallarına cavab axtardığını, cavabında isə «gərəkli proses, mümkün səbəblər və açıq-aydın standartlar haqda mühazirələr» eşitdiyini bildirir.

XS
SM
MD
LG