Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:43

Metronun xərci çoxalıb


Bakı metrosu

Ötən ilin maliyyə göstəriciləri hələ tam hesablanmasa da, həmin ilin 9 ayındakı zərərin məbləği bilinir. Dövlət Statistika Komitəsinin (DSK-nın) «Bakı Metropoliteni» QSC-yə istinadən AzadlıqRadiosuna verdiyi məlumatdan görünən odur ki, bu dövrdə sərnişin daşınmasından zərər 52.4 milyon manatdan çox olub.

GÖSTƏRİCİLƏR PİSLƏŞİB

İlin 3 rübündə ödənilən gediş haqlarının məbləği 30 milyon 643.5 min manat, metropolitenin xərcləri isə 83 milyon 118.1 min manat olub. Buraya metroda reklam və ticarət yerlərinin icarəsindən əldə olunan vəsait daxil deyil.

Buna da bax-Metroda qiymət qalxa bilər - rəsmilər xərclərin 82 qəpiyi keçdiyini deyirlər

DSK-ın hesabatına görə, dövr ərzində metro nəqliyyatının xidmətlərindən yararlanmış sərnişin sayı 2015-ci ilin 9 ayı ilə müqayisədə 2.9 faiz azalaraq 157.7 milyon nəfərə düşüb. Metrodan istifadə edənlərin sayca azalma səbəbləri açıqlanmır.

MİLYONLARCA SƏRNİŞİN GEDİŞHAQQI ÖDƏMIR?

«Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ötən il «Trend» agentliyinə müsahibəsində demişdi ki, sərnişinlərin bir hissəsi xidmətlərdən güzəştlə istifadə edir və gedişhaqqından azaddır. Düzdür, 2015-ci ilin 6 ayında 4 milyon sərnişin metroda pulsuz gedib-gəlmişdisə, ötən ilin birinci yarısında bu göstərici 3.1 milyona (sərnişinlərin ümumi sayının 2.9 faizi) düşmüşdü. Daha öncəki ildə hər min sərnişinin 36-sı gedişhaqqı ödəməyib.

Metro deposu.
Metro deposu.

GÜZƏŞTLİ SƏRNİŞİNLƏR KİMLƏRDİR?

Bakı Metropoliteninin baş mühəndisi Etibar İsayevin mediaya açıqlamasına görə, aşağıdakı şəxslərin metroda pulsuz gediş-gəliş hüququ var: metropoliten işçiləri, vaxtilə metropolitendə çalışmış və «veteran» statusu almış şəxslər, 7 yaşadək uşaqlar, polis əməkdaşları, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin əməkdaşları, Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, eləcə də həqiqi hərbi xidmətdə olan şəxslər.

Buna da bax-Yerin altından pul çıxarmaq

MAYA DƏYƏRİ ARTIR VƏ BU, SON DEYİL

Xərclərin artımı, eləcə də ödəniş edən sərnişin sayının azalması sərnişindaşımanın maya dəyərinə də təsir göstərib. Ötən ilin birinci yarısında bir nəfərin daşınması 52.4 qəpiyə başa gəlirdisə, 9 ayda bu göstərici 52.7 qəpiyə yüksəlib və bu, son hədd deyil.

Nəsimi Paşayev müsahibəsində 2016-cı ildə tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artmasının metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracağını söyləmişdi.

DOTASİYA AZALIB

Metropolitenin xərcləri artsa da, hökumət dövlət büdcəsindən ayrılan dotasiyanı təxminən 8 milyon manat azaldıb. Bu il «Bakı Metropoliteni» QSC-yə büdcədən 30 milyon manat yardım göstəriləcək.

XS
SM
MD
LG