Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:54

Metroda gediş haqqı qalxmalı, qalxmamalı…


Bakı metrosu
Bakı metrosu

İyunun 1-dən metronun fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün proqnozlaşdırılan 132.6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0.97 manat təşkil etməsi gözlənilir.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) açıqlamasında bildirilib.

Hazırda koronavirus səbəbi ilə fəaliyyəti dayandırılan metroda gediş haqqı 30 qəpik olsa da, sözügedən açıqlama qiymətlərin bahalaşacağı barədə təxminlərə səbəb olub. (Koronavirus pandemiyası səbəbindən metronun fəaliyyəti ötən il martın sonundan dayanıb. Arada fəaliyyəti bərpa edilsə də, Bakı metrosu hələ də qapalıdır).

Ötən ilin avqustun 6-da prezident İlham Əliyev Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videomüşavirədə dövlət şirkətlərinin fəaliyyətinə da toxunmuşdu. "Əgər dövlət şirkətlərinin vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz", - o qeyd etmişdi.

Vəkil:"Tağı Əhmədovun 44 illik maaşı da heç 3 milyon etmir"
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Dotasiya azalıb

Bu ilin fevralında isə prezident İ.Əliyev "Bakı Metropoliteni" QSC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.

"Bakı Metropoliteni" QSC-yə verilən dövlət dotasiyasının məbləği də azalıb. Ötən il quruma dövlət büdcəsindən 40 milyon manat verilsə də, bu il dotasiyanın məbləği 39.2 milyon manata düşüb.

"Bakı Metropoliteni"ndən izah

"Bakı Metropoliteni" QSC-dən "Turan"a bildirilib ki, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Burada planlaşdırmadan söhbət gedir. Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir".

Tarif Şurasına müraciət olunmayıb

Qurumdan vurğulanıb ki, 2019-cu ildə bir sərnişindaşıma 51 qəpiyə başa gəlsə də, sərnişin 30 qəpiyə daşınıb: "2020-ci ildə bir sərnişinin daşınması isə 1 manat 54 qəpiyə başa gəlib, amma yenə də 30 qəpiyə daşınıb".

"Bakı Metropoliteni"ndən, hələlik, Tarif Şurasına müraciət olunmadığı vurğulanıb.

N.Bəydəmirli
N.Bəydəmirli

"…Həmin rəqəm çox şişirdilib"

İqtisadçı Nazim Bəydəmirlinin AzadlıqRadiosuna bildirməsinə görə isə, hökumət metropolitenə nəzarəti, demək olar ki, başlı-başına buraxmışdı: "Həm də, ictimai nəzarət olmadığına görə həqiqətən də metroda bir sərnişindaşımanın 97 qəpik olması istənilən şəxsdə şübhə yaradır. Əgər təbii inhisarçı olan bir şirkətin, - hansının ki, əsaslı vəsait qoyuluşu dövlət büdcəsi vasitəsilə həyata keçirilir və həmin əsaslı vəsait qoyuluşuna bir o qədər də amortizasiya xərcləri tələb olunmur, - istismar xərci bir sərnişinə görə 97 qəpik çıxırsa, deməli, həmin rəqəm çox şişirdilib".

O hesab edir ki, Azərbaycan metrosunda bu qədər xərcin haradan qaynaqlanması ictimaiyyətə açıqlanmalıdır: "Əgər idarəçilər bunu öz əlavə xərcləri kimi yazırlarsa, müxtəlif maliyyə mexanizmlərini gizlədirlərsə, bunun bir məsuliyyəti olmalıdır".

N.Bəydəmirlinin fikrincə, nə Hesablama Palatasının, nə də Maliyyə Nazirliyinin yoxlamalarına ictimai etimad var: "Hətta müstəqil və xarici auditorların Azərbaycanda necə işləməyi məlumdur. Azərbaycan Beynəlxalq Bankının defolt olacağı ərəfəsində xarici audit şirkətləri onun necə şəffaf işlədiyi haqqında audit rəy yazmışdı. Belə olan halda digər dövlət qurumlarının auditini aparan eyni şirkətlərin rəyinin düzgün olub-olmaması şübhə doğurur".

Metronun bağlanması yenə avtobuslarda basabas yaradıb
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

"İctimai fikri ona hazırlayırlar…"

İqtisadçı vurğulayıb ki, metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qədər qaldırılan zaman (2018-ci ildə) bir sərnişindaşıma xərci 47 qəpik kimi göstərilmişdi: "İndi isə 97 qəpik göstərirlər və nəticə etibarilə ictimai fikri ona hazırlayırlar ki, qiymətlər minimum 40-50 qəpik olacaq".

Onun fikrincə, hökumət effektiv idarəetməni istəmir: "Effektiv idarəetməni istəyən hökumət özündən başlamalıdır, Nazirlər Kabinetinin tərkibini azaltmalıdır, baş nazir müavini postunu ləğv etməlidir".

"Xərclər optimallaşdırılsa, tarifin qaldırılmasına ehtiyac qalmayacaq"

N.Bəydəmirli hesab edir ki, Bakı Metropolitenin maliyyə-təsərrüfat fəaliyyəti dəqiq araşdırılmalıdır: "Araşdırılsa, görəcəksiz nə qədər ixtisar olunan xərclər var, hansıların ki, maya dəyəri süni şəkildə şişirdilir. Xərclər optimallaşdırılsa, tarifin qaldırılmasına ehtiyac qalmayacaq".

Səslənən tənqidə, hələlik, Azərbaycan Hesablama Palatası və Maliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG