Keçid linkləri

2025, 26 Aprel, şənbə, Bakı vaxtı 12:29

Metro işçiləri aeroportda çamadan yığır


Şeremetyevo aeroportunda baqajın sıralanması
Şeremetyevo aeroportunda baqajın sıralanması

Ötən həftə Moskvanın Şeremetyevo hava limanında «çamadan böhranı» yaranıb. Ölkənin nəqliyyat naziri Yevgeni Ditrix Peterburq Beynəlxalq İqtisadi Forumunun kuluarlarında çox sayda baqajın yığılıb qaldığını deyib. Problemi həll etmək üçün Moskva metropoliteninin işçilərindən istifadə olunub.

«Müqavilələrimizi uzatmaya bilərlər»

Moskva metropoliteninin həmkarlar ittifaqından AzadlıqRadiosunun rus xidmətinə bildirilib ki, işçilər təlim və praktika keçmək əvəzinə Şeremetyevoya göndərilib. Həmkarlar ittifaqının sədri Nikolay Qostevin sözlərinə görə, bununla bağlı heç bir sənəd yoxdur. O ehtimal edir ki, sənədlər sonradan düzülüb-qoşulacaq. «Rusiyada təhkimçilik hüququnu 1861-ci ildə ləğv ediblər, ancaq, görünür, Moskvada hələ bu haqda eşitməyiblər», - o deyib. Əməkdaşların kütləvi şəkildə təlimdən ayrılması onsuz da işçi qıtlığı yaşayan metropolitenin özünün işinin pisləşməsinə yol aça bilər.

Bu ilin martından maşinist köməkçisi olmaq üçün oxuyan Andrey (ad dəyişdirilib) deyir ki, onlara sənədləri ilə birlikdə təcili toplaşmaq tapşırılıb və hər saata görə 300 rubl (4.65 dollar) pul vəd edilib. Bütün qrupla bundan imtina etmək istəsələr də, onlara bunun mümkün olmadığı, qərarın şəhər rəhbərliyindən gəldiyi deyilib.

«Mən düşündüm və Şeremetyevoya getmək qərarına gəldim. Çünki... çoxlu imtahanlarımız var, kimi istəsələr kəsə bilərlər. Üstəlik, bizim müqavilələrimizi uzatmaya bilərlər», - Andrey deyir.

Şeremetyevo aeroportunda baqaj. 6 iyun 2019
Şeremetyevo aeroportunda baqaj. 6 iyun 2019

Səhər hava limanına gələn metropoliten işçilərinə verilən əmək müqaviləsinə görə, indi onlar «Шереметьево Handling» MMC-də işləyirlər. Bu şirkət Şeremetyevo hava limanının törəməsi sayılır. 2016-cı ildə hökumətin qərarı ilə Şeremetyevo hava limanının 68%-dən çoxu Arkadi Rotenberq və partnyorlarının mülkiyyətinə keçib. Putinin dostu olan Rotenberq «Forbes» jurnalının 2019-cu il üçün Rusiyanın ən zəngin adamları siyahısında 41-ci yerdədir.

Metropoliten işçilərinin hava limanına bir aylığına göndərildiyi deyilsə də, əslində müqavilə iyulun 31-dək bağlanıb. Onların maaşı 22 min rubl (341 dollar), əlavə məvacibi isə iki ay üçün 17 min rubl (263 dollar) olacaq. Hərçənd, əmək müqaviləsinin özündə əlavə məvacibdən söhbət belə getmir.

Hüquqsuz qastarbayter

«Biz bu sənədləri imzaladıq, ancaq əlimizə heç nə vermədilər. Dedilər ki, səhər saat 8-dən axşam 8-dək işləyəcəyik, sonra istirahət günü olacaq. Sonra isə əksinə, axşam 8-dən səhər 8-dək işləyəcəyik və daha sonra yenə istirahət günü. Sovet vaxtı tələbələri bu qayda ilə kartof yığmağa göndərirdilər, bizim vaxtımızda isə çamadan yığmağa. Özü də bizim metrodakı stipendiyamız saxlanılır. Mən anlamıram, depo niyə hansısa MMC-dəki daydaya görə mənim işim üçün pul ödəməlidir? Bundan başqa, bizim təhsilimizin bitməsi indi bir aylıq təxirə düşür. Bu mənim planlarıma daxil deyildi. Söz verdikləri əlavə maaşdan da heç nə anlamaq olmur. Çünki bizə dedilər ki, orada cərimələr nəzərdə tutulub, ancaq nəyə görə - izah eləmədilər. Özümü hüquqsuz qastarbayter kimi hiss edirəm», – Andrey deyir.

Hava limanında baqajın boşaldılması ilə bağlı problem hələ iki həftə öncə başlayıb. Ancaq yay tətili başlayanda problem daha da kəskinləşib. «HeadHunter» agentliyi bildirir ki, böhrandan öncə «Шереметьево Handling» bu işə görə ayda 45 min rubl (697 dollar) maaş təklif edirdi. Hava limanı strateji obyekt olduğu üçün burada yalnız Rusiya vətəndaşları işləyə bilər. Ancaq belə aşağı maaşa heç kim işləmək istəmir. Bir neçə gün öncə isə işçilərə Əmək Məcəlləsində nəzərdə tutulan bütün təminatlarla birlikdə 60 min rubl (930 dollar) maaş təklif edildiyi haqda elan verilib. Bundan başqa, onlara uşaq bağçası üçün xərclərin ödənilməsi, tibbi sığorta, hava limanındakı kafe və dükanlarda çox sayda endirimlər təklif olunub. Bu haqda «Vedomosti» qəzeti yazıb. Qəzetin yazdığına görə, Şeremetyevoda cəmi bir neçə yüz işçi çatışmır. 250 baqaj yükləyicisi yerinə iş elanı verilib.

XS
SM
MD
LG