Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Aqil Abbas: 'Mənim qəzetim qəbiristanlıqda deyil'


Aqil Abbas
Aqil Abbas

Mətbuat Şurasının ötən həftəki qurultayında bir təklif də müzakirə edildi və hələ də ara-sıra götür-qoy edilməkdədir: Mətbuat Şurası haqqında qanun qəbul edilsin və ya quruma KİV-lərə nəzarət imkanı yaradacaq səlahiyyətlər verilsin. Bunu senzuranın bərpası, mətbuat üzərində nəzarətə cəhd kimi dəyərləndirənlər daha çox oldu. Təbii ki, qurultaydan kənarda...

AzadlıqRadiosu sözügedən mövzuda Mətbuat Şurasının sədri Əflatun Amaşovla danışmaq istəsə də, mümkün olmayıb. Qurumun İdarə Heyətinin üzvü, deputat Aqil Abbas sualları cavablandırıb.

- Aqil müəllim, Mətbuat Şurası haqda qanunun qəbuluna zərurət varmı? İctimai bir təşkilata rəsmi səlahiyyətlər verilməsi haqda siz nə düşünürsünüz?

- Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır. Bu gün Azərbaycanda televiziya, radio verilişləri ilə bağlı rəsmi dövlət qurumu var. Amma Azərbaycanda elə bir şərait yaranıb ki, mətbuatla, qəzetlərlə, saytlarla bağlı belə bir qanun qəbul edilsin və Mətbuat Şurasına da müəyyən hüquqlar verilsin. O da rəsmi quruma çevrilsin, quruma müəyyən səlahiyyətlər verilsin. O səlahiyyətləri Ədliyyə Nazirliyi yerinə yetirməlidir.

- Dəqiqləşdirərdiniz söhbət nədən, hansı səlahiyyətlərdən gedir?

- İllərlə çıxmayan qəzetlər, yalançı saytlarla bağlı Mətbuat Şurasının əlində bir səlahiyyət olsun ki, onlarla əlaqədar məsələ qaldıra bilsin. Onların bir ay və ya müəyyən müddətə fəaliyyətini dayandıra bilsin, Milli Televiziya və Radio Şurasının etdiyi kimi. Yalniz budur təklif. Yoxsa Mətbuat Şurasını nazirlik, dövlət qurumu etmək fikrində deyilik. Sadəcə olaraq, müəyyən səlahiyyətlər verilməlidir ki, kimlərəsə nəsə tətbiq edə bilək. Yəni, saytları görürsünüz, nələri görürsünüz də, nə istəyirlər edirlər.

- Mətbuat Şurası haqqında qanun deyirsiniz...

- Yox, mən demirəm. Heç o qanun da olmayacaq yəqin, qəbul edilməyəcək. Çünki Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır. Sadəcə olaraq, qanunla Mətbuat Şurasına səlahiyyət vermək istəyirik. Kimsə reketlik edir, amma həmin reket nəşrini davam etdirir. Çünki Azərbaycanda azad sözdür, mətbuat azaddır, senzura yoxdur. Bundan da istifadə edənlər var. Məsələn, qəzet var ayda bir dəfə də çıxmır, ancaq 100 nəfərə vəsiqə verib.

- Bu problemləri həll etməkdən ötrü məhkəmə, hüquq-mühafizə orqanları da var. Onlar bunu yoluna qoya bilməzmi? Şuraya əlavə səlahiyyətlər verməyə nə ehtiyac?

- Məhkəmə var. Amma mətbuat haqqında qanun yol vermir ki, məhkəmə və hüquq-mühafizə orqanları onların işinə qarışsın. Buna görə də ya mətbuat haqqında qanuna nəsə edilməlidir ya da... Əgər bir qəzet çıxırsa, sayt işləyirsə, onun da işçiləri varsa və onlar şəffaf deyillərsə, Dövlət Sosial Fonduna pul ödəmirlərsə, vergi ödəmirlərsə... Dünyada vergi ödəməyən bir təşkilat adı çəkmək olarmı? Ya Almaniyada, ya İngiltərədə, ya haradasa bir təşkilat vergi ödəmədən fəaliyyət göstərə bilərmi?

Prezident İ.Əliyev Mətbuat Şurasının yeni binasının açılışında. 2010
Prezident İ.Əliyev Mətbuat Şurasının yeni binasının açılışında. 2010

Məsələn, mənim baş redaktoru olduğum «Ədalət» qəzeti ayda 1400 manat təkcə Sosial Fonda pul ödəyir. Hələ mən sadələşdirilmiş vergini, 4 faizi filanı demirəm. «Ədalət» olmasın, «Yeni Müsavat» olsun, «525-ci qəzet» olsun, hamısı ödəyir. Amma o biriləri heç nə ödəmirlər, özləri də fəaliyyət göstərirlər. Bizim də tələbimiz odur ki, sən işləyirsənsə, qeydiyyatdan keçmisənsə, xahiş edirik, dövlətin qanunlarına riayət et. Ayrı məsələ yoxdur. Həmin o qanun da bununla bağlıdır. Əslində, bu məsələ Mətbuat Şurası haqqında qanun qəbul edilmədən mətbuat haqqında qanuna əlavə edilməklə də həll oluna bilər.

- Siz parlament üzvüsünüz. Bununla bağlı qanun layihəsi artıq hazırdırmı?

- O layihələr artıq hazırlanıb. Mən Əflatun Amaşovla parlamentdə həm parta yoldaşıyam, bir yerdə otururuq, həm də Mətbuat Şurasının üzvüyəm. Bu məsələləri birlikdə müzakirə edirik, Əflatun Amaşov parlamentdə də qaldırıb, mən də dəstək vermişəm. İndi onun qanuna salınması yönündə iş görürük. Yaxınlarda müzakirəyə çıxarıla bilər. Amma bu, Şuranın hüquqlarının artırılması ilə bağlı deyil.

- Aqil müəllim, Mətbuat Şurasına internet resursları üzərində nəzarət imkanlarının verilməsi haqda təklifdən sonra narahatlıqlar dilə gətirildi. Bu addımın saytlar üzərində senzura yarada biləcəyini güman edənlər də var.

- Azərbaycanda senzuranı möhtərəm, ulu öndərimiz ləğv edib. Senzura itib gedib. Bunun senzuraya nə dəxili var? Mən sənə deyirəm ki, a bala, qəzet açmısan, sayt açmısan, bunun vergisini ödə.

- Bunu Vergilər Nazirliyi araşdıra bilməz? İşə mütləq Şura qarışmalıdır?

- Buna Vergilər Nazirliyindən başqa Ədliyyə Nazirliyi də baxmalıdır. Vergilər Nazirliyi vergisini alan təşkilatdır. Bu nazirlik deyə bilməz ki, filan sayt, dayan, sən vergi ödəmirsən! Amma Ədliyyə Nazirliyi deyə bilər, ya da Sosial Fond deyə bilər. Biz də deyirik ki, mətbuat haqqında qanuna bununla bağlı əlavə edilsin. Heç Mətbuat Şurası haqqında qanun o qədər də vacib deyil. Qanuna əlavə olunmalıdır ki, saytın, qəzetin işi şəffaf olmalıdır. Necə ki QHT-lərin işi şəffafdır, nə iş gördükləri haqda məlumat verirlər və ya siyasi partiyalar məlumat verirlər, istərdim mətbuat da məlumat versin. Sən bu məlumatı verə bilmirsənsə, deməli, ayrı işlə məşğulsan.

- «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev Mətbuat Şurasının qurultayından yazıb və...

- Arif Əliyev bizim dostumuzdur. O, Azərbaycanda qəbul olunan jurnalistdir. Mətbuat Şurasının yaradılmasında xidmətləri olan adamdır. Hətta Şuraya sədrlik ona təklif ediləndə özü kənara çəkilib, Əflatun Amaşovun namizədliyini irəli sürüb.

Arif Əliyev
Arif Əliyev

- Amma qurultaya dəvət edilməmişdi və...

- Qurultaya, adətən, Mətbuat Şurasına üzv olanlar dəvət olunurlar. Amma gərək, Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı ora fəxri qonaq kimi dəvət olunardılar. Onların fikirləri bizim üçün çox önəmlidir. Onlar Azərbaycan mətbuatında yeri və sözü olan adamlardır. Arif Əliyevin yazılarını qəzetimdə çap etməkdən ləzzət alıram. Mətbuatı sevən, bilən, inkişafına yardım edən adamdır, Qulu Məhərrəmli, Elçin Şıxlı kimi.

- Arif Əliyev qurultaydan sonrakı yazısına belə bir başlıq qoyub: «Canlı qəzet məzarlığı üzərindən uçarkən». Bugünkü mətbuatın «qəzet məzarlığı» adlandırılmasını oxuyanda nə düşündünüz?

- Arif Əliyevin dediyi sözə bir söz deyə bilmərəm. Amma Azərbaycanda qəzet məzarlığı yoxdur, mətbuat məzarlığı yoxdur. Mənim qəzetim qəbiristanlıqda deyil. Ayrısını deyə bilmərəm.

- Aqil müəllim, sizcə, Mətbuat Şurasının V qurultayı nə ilə yadda qaldı? Çoxları onun çox sönük keçdiyini düşünürlər.

- Qarşımızda duran məqsədlər açıqlandı, nöqsanlarımızdan danışdıq, içi mən qarışıq, problemlərimizdən danışdıq. Dövri mətbuata dövlət yardım edir, eləmi? Təklif olundu ki, bu yardım təkcə qəzetlərə olmasın, saytlara da edilsin. Bir də bu dəfə əsas diqqət verildi internetə, saytlara. Sabah nə olacaq, mən bilmirəm. Amma yəqin ki, olacaq.

- Sizcə, internet resurslarına yardım çap mətbuatı kimi saytların da fəaliyyətini iflic etməyəcək? Axı, təcrübə göstərir ki, bu yardım müəyyən mənada asılılıq, nəzarət imkanları yarada bilər.

- Orda nəzarət söhbəti yoxdur. Xahiş edirəm, məni şey eləməyin də. Əgər bir sayta, deyək ki, «Trend», musavat.com, azxeber.com, moderator.az, modern.az – bunlar vaxt tapıb baxdığım saytlardır – bunlara dəstək vermək, inkişaf etdirmək ziyan etməz, axı. Eləcə də baxmadığım saytlara.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG