Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Mətbuat Şurası haqqında qanunun hazırlıqlarına başlanıb


Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov
Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov

Mətbuat Şurası haqqında qanun layihəsi hazırlanacaq.

Bu haqda qərar Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibinin aprelin 18-də keçirilmiş ilk iclasında qəbul edilib.

Şuranın yeni tərkibdəki ilk iclasında şura sədri Əflatun Amaşovun müavinləri seçilib.

Toplantıda şura komissiyalarının sədrləri və tərkibləri də təsdiqlənib.

İclasda müzakirə olunan mövzulardan biri də Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması olub. Bununla bağlı işçi qrupun yaradılması məsələsinin müzakirə edildiyi, Milli Məclisin deputatı Çingiz Qənizadənin qrupa rəhbər seçildiyi bildirilir.

Mətbuat Şurasının fəaliyyətinin ayrıca qanunla tənzimlənməsi məsələsi indiyədək bir neçə dəfə gündəmə gətirilib. Ancaq bu istiqamətdə real addımlar atılmamışdı.

Qurumun mart ayında keçirilmiş qurultayında bu təklif yenidən gündəmə gətirilmişdi. Ardınca, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin fevralın 1-də keçirilmiş iclasındakı çıxışında sözü gedən qanunun qəbulu məsələsini qaldırmışdı.

Bəzi media ekspertləri ictimai qurum olan Mətbuat Şurasının fəaliyyətinin ayrıca qanunla tənzimlənməsinin, bu tip qurumların fəlsəfəsinə zidd olduğunu bildirirlər. Onlar deyirlər ki, əslində, şuralar ona görə yaradılır ki, medianın dövlətin tənzimləməsinə ehtiyac olmadığını nümayiş etdirilsin.

Həmin ekspertlərə görə, qanunun qəbulu mediaya dövlət nəzarətinə gətirib çıxara bilər.

Xatırlatma

Mətbuat Şurası 2003-cü ilin martında, ölkə jurnalistlərinin birinci qurultayında 100-dən artıq informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin ilin aprelində Şura Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının məqsədinin jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi olduğu bildirilir.

Dövlət orqanları, ictimaiyyətlə mətbuat arasında əlaqənin, etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması da qurumun məqsədlərindəndir.

Şura həmçinin, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasına da məsul olduğunu bəyan edir.

Mətbuat Şurasının fəaliyyətinə yanaşma birmənalı deyil.

Bəzi ekspertlərin fikrincə, bu təşkilat söz azadlığının müdafiəsində yetərli fəaliyyət göstərə bilmir. Ancaq rəhbərlik tənqidləri haqlı saymır.

Təşkilata 2003-cü ildən Əflatun Amaşov rəhbərlik edir.

XS
SM
MD
LG