Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

'Azərbaycan': Son 6 ayda açılan 58 min iş yerindən 20 mini bağlanıb-media icmalı


Arxiv foto
Arxiv foto

Bu günki media icmalında narkotik aludəçisi olan sürücün işə necə götürülməsindən, Azərbaycanda açılan və bağlanan iş yerlərindən, Paytaxt Bakıda yaşıllıqlarla bağlı problemlərdən söz açılır.

“Narkotik aludəçisi olan sürücünün işə götürülməsinddə qaranlıq məqamlar var”

Bu başlıqlı yazı “Moderator.az”-da dərc olunub. Sayt son günlər KİV-lərdə və sosial şəbəkələrdə müzakirə edilən mövzunu davam etdirir. Söhbət 202 saylı avtobusun sürücüsü, Masallı sakini İlkin Tağıyevin “sükan arxasında narkotik maddə qəbul etməsi” ilə bağlı yayılan görüntülərdən gedir.

“Videonu avtobusda sərnişinlərdən biri çəkib. Polis tərəfindən saxlanılan sürücünün sənədləri yoxlanılarkən məlum olub ki, o, xeyli vaxtdır sürücülük hüququndan məhrum edilib, amma o, buna baxmayaraq avtobus idarə edib. Məsələdən belə məlum olur ki, sürücünü işə götürən şirkət onu heç bir yoxlamadan keçirməyib”, - sayt yazır.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov “Moderator.az”-a açıqlamasında bildirir ki, sürücünün işə qəbul olunması üçün müəyyən edilmiş tələblər var:

Ərşad Hüseynov
Ərşad Hüseynov

"Bu tələblər isə bundan ibarətdir: Sürücünün sürücülük vəsiqəsinin kateqoriyaları yoxlanılmalıdır. Sürücü həkim müayinəsindən keçərkən yoxlanılması önəmli olan onun narkoloji və psixoloji durumudur. Bununla bağlı sürücü həkimdən tibbi arayış təqdim etməlidir. Tələblərə cavab verəndən sonra sürücünü işə götürə bilərlər. Amma işə götürdükdən sonra sürücüyə dərhal avtobus verilmir. Bakı Nəqliyyat Agentliyində ilkin hazırlıq kursu var və sürücü o kursu keçdikdən sonra ona avtobus verilə bilər”.

Ekspertin sözlərinə görə, sürücü hər səhər həkim nəzarətindən keçməli, iş vaxtı ona mümkün olan vasitələrlə nəzarət olunmalıdır.

“İlkin Tağıyevin məsələsində qaranlıq məqamlar var. O, sürücülük hüququndan məhrum edildikdən sonra yenidən işə götürülübsə, sadaladağım qaydaların heç birinə riayət olunmayıb. Buna ictimai nəzarət olmasaydı, sürücü illərlə sükan arxasında olacaqdı. Bununla bağlı çox ciddi adımlar atılmalıdır”, - Ərşad Hüseynov deyir.

20 mindən çox iş yeri bağlansa da ...

arxiv foto
arxiv foto

“Əhalinin məşğulluq probleminin həlli ardıcıl xarakter daşıyır”, - iyulun 28-də dərc olunan rəsmi “Azərbaycan” qəzetinin məqaləsi belə adlanır .Qəzet yazır ki, son 6 ayda ölkədə 67 min yeni iş yeri yaradılıb, bu da əhalinin məşğulluq probleminin həllinə yönəldilən tədbirlərin “ardıcıl xarakterli” olmasının təsdiqidir: “Yeni iş yerlərinin 58 mini daimidir, müxtəlif səbəblərdən 20 mindən çox iş yeri bağlansa da, bu sahədə dinamika müsbətdir”.

Məqalədə deyilir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrasına başlanan 2014-cü ildən 2018-ci ilin yanvarına kimi ölkədə 721,2 min yeni iş yeri açılıb:

“Onlardan 530,4 mini daimidir. Təkcə 2017-ci ildə 179,3 mini daimi olmaqla 281,4 min yeni iş yeri yaradılıb”.

Yeni iş yerlərinin 61 faizinin qeyri-dövlət sektorunda açıldığı, bu iş yerlərinin 24,4 faizinin Bakının, qalanının bölgələrin payına düşdüyü bildirilir.

Qəzet daimi iş yerlərinin 74,2 faizinin fərdi sahibkarlıq subyektləri tərəfindən yaradıldığı qeyd edir:

“Bu, sahibkarlığın inkişafına dövlətin yönəltdiyi tədbirlərin yekunu kimi özünü həm də ədalinin işlə təmin olunmasında göstərir”.

Bununla belə, “Azərbaycan” ölkədə hələ də daimi iş axtaran vətəndaşların olduğunu da yazır. Qeyd olunur ki, 2017-ci ildə bağlanan iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşür:

“Bağlanan iş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi isə müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması səbəbindən bağlanıb. Qalan iş yerlərinin itirilməsi fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədardır”.

Qəzet hesab edir ki, iş yerlərinin sayının artırılması yollarından biri də iqtisadiyyatdakı “qeyri-formal məşğulluğu aradan qaldırmaqdır”.

Ölkənin yarısı Bakıda

Telman Zeynalov
Telman Zeynalov

“Modern.az” yazır: “Bakıda adambaşına düşən yaşıllıq yarıbayrı azalıb”

Sayt sosial mediada geniş müzakirə olunan bir faktı xatırladır, naməlum şəxslər bir neçə gün öncə Bakıda, Şərifzadə küçəsi 130A ünvanında şam ağaclarının dibinə kimyəvi maddə tökməklə yaşıllığı məhv etməyə çalışıblar və “məqsəd həmin ərazini ələ keçirmək, satın almaq, obyekt inşa etmək ola bilər” deyə izah edilir.

Məqalədə deyilir ki, Bakıda “yaşıl soyqırım” davamlı olaraq həyata keçirilir, məmurlar isə buna “göz yumurlar”, nəticədə paytaxtda yaşıllıq zolağının ərazisi ildən-ilə azalır: “Paytaxtda adambaşına düşən yaşıllıq yarıbayrı azalıb.Əslində, adambaşına düşən yaşıllıq minimum 25 kvadrat metr olmalıdır, bununla bağlı BMT-də sənədə imza atılıb”, - sayta danışan ekoloq Telman Zeynalov deyir.

Amma ekoloq bildirir ki, ay yarım bundan öncə Nazirlər Kabineti BMT-nin bu normasını Azərbaycanda 5 dəfə azaldaraq adambaşına düşən yaşıllığın 5 kvadrat metr olması haqda qərar verib. O, bu qərarın hansı arqumentlərə söykənməsindən xəbərsizdir.

T. Zeynalov əyalətlərdən paytaxta axın probleminə də toxunur, meqapolisin böyüdüyünü, Azərbaycan əhalisinin 50%-dən çoxunun paytaxtda yaşadığını iddia edir:

“Axı, niyə bu qədər tikinti aparıb paytaxtı genişləndirirlər ki, rayonlardan da insan axını çox güclü olur?! Daha yaxşı olardı ki, kənd təsərrüfatı kimi sahələri inkişaf etdirsinlər. Bu zaman regionlarda həminsahələri inkişaf etdirməklə işçi qüvvəsi də çox olar, insanlar bölgələrdən iş dalınca paytaxta üz tutmazlar”.

Ekoloq hesab edir ki, paytaxtın böyüməsi də yaşıllıqların məhvinə aparan səbəblərdəndir, üstəlik yaşıllıqların yox olmasıyla xəstəliklər və ölüm riski artır.

Sayt Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinə istinadla yazır ki, son 6 ayda ölkədə ağac və kolların qanunsuz kəsilməsi, zədələnməsi ilə əlaqədar 415 fakt aşkar edilib, 889 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli "məcburi göstəriş” verilib”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG