Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Baş redaktor 'Mən həbsdə olan jurnalist tanımıram'


"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu

Deputat jurnalistlərin həbsi ilə bağlı suala cavab vermədi

Elmira Axundova: “Təxribatçı suallar verdiyiniz üçün…”

Hikmət Məmmədov: “Azərbaycan mətbuatı öz missiyasını şərəflə həyata keçirdir”

Bugün, 22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 1875-ci ilin bu günü Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin nəşriylə Milli Mətbuatın əsasını qoydu.

Ötən 143 ildə Azərbaycan mətbuatı çarizim, müstəqillik və sovet mərhələlərini keçib.

Azərbaycanda hazırda 5 mindən çox nəşr qeydiyyatdan keçib. Dövlət mətbuatın maddi-texniki bazasını yaxşılaşdırmaq üçün 35 milyon manat ayırıb.

Ancaq bununla belə, medianın problemləri də qalmaqdadır, bir sıra saytlar bloklanıb, jurnalistlər Seymur Həzi, Əfqan Muxtarlı, bloger Rəşad Ramazanov, Mehman Hüseynov həbsxanadadır.

AzadliqRadiosu mətbuatın mövcud durumu ilə bağlı deputat-jurnalistlərə, redaktorlara müraciət edib.

Elmira Axundova: “Təxribatçı suallar verdiyiniz üçün...”

Elmira Axundova, 21 dekabr 2010
Elmira Axundova, 21 dekabr 2010

Deputat Elmira Axundova mətbuatın mövcud vəziyyəti haqda suala cavab vermək üçün hazırlaşmağın vacib olduğunu bildirib:

“Bu məsələ haqda gözlənilmədən danışmaq çətindir. Bugün hələ iyulun 20-dir, vaxt var”.

O, “həbsdə olan jurnalistlərin vəziyyəti ilə deputat və həmkar olaraq maraqlanmısınızmı” sualına “Təxribatçı suallar verdiyiniz üçün mən sizə cavab vermək istəmirəm” deməklə telefonu qapadıb.

Hikmət Məmmədov: “Mən həbsdə olan jurnalist tanımıram”

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan mediası bugün tarixi ənənələrinə sadiq olaraq öz missiyasını həyata keçirməklə dövlətin və millətin maraqları çərçivəsində fəaliyyət göstərir.

- Azərbaycan milli mətbuatı yarandığı tarixdən bugünə qədər heç vaxt indiki qədər dövlət qayğısıyla əhatə olunmayıb. Mediamız bugün böyük ictimai nüfuza malikdir və ən əası odur ki, milli mətbuatımız qlobal media məkanında mövcud olan informasiya savaşında maraqlarını qorumağa qadirdir. Mətbuatımız inkişaf edir, jurnalistlərin peşə nüfuzunun artırılması istiqamətində dövlət xüsusi siyasət həyata keçirir. Peşə seçimiylə bağlı prezidentin qərarı var, jurnalist olmaq istəyənlər məhz jurnalistika fakültəsinə qəbul edilib xüsusi müsabiqədən keçirirlər. Bu isə milli mətbuatmıza yeni keyfiyyət dəyişikliyi gətirəcəkdir. Çünki əvvəlki qəbul vaxtı yalnız balı çatanlar jurnalistika fakültəsinə düşürdü.

- Bununla belə, mətbuatın problemləri də yox deyil, həbsdə olan jurnalistlər var, Əfqan Muxtarlı, Seymur Həzi…

- Bilirsiniz, mən həbsdə olan jurnalist tanımıram. Kimsə hansısa jurnalistin həbsdə olduğunu iddia edirsə, buyursun, Azərbaycan mediasına, izləsinlər mətbuatı, adlarını çəkdiklərinizin hansısa yazısı varmı, peşəkar jurnalistika ilə məşğul olubmu, hansısa mətbuat orqanında ardıcıl çalışıbmı? İndi bir növ dəb olub, kimsə hansısa fəaliyyəti haqda hüquq qarşısında cavab verməli olanda ya özünü siyasi xadim adlandırır, ya da media nümayəndəsi. Düşünürəm ki, bu, doğru deyil. Azərbaycan mətbuatı bugün 143 illik ənənəsinə söykənərək öz missiyasını şərəflə həyata keçirdir.

- Amma Əfqan Muxtarlının araşdırmalarına xarici mediada diqqət olub və beynəlxalq təşkilatlar da bununla bağlı bəyanat verib…

- Siz də, mən də bilirəm ki, jurnalist olmaq və başqa təşkilatlara donos yazmaq başqa şeydir. Olmayanları yazmaq, obyektiv gerçəkliyi təhrif edərək hansısa beynəlxalq təşkilatlara nəyisə yazıb göndərmək jurnalist olmaq deyil.

- Əfqan Muxtarlı donos yox, araşdırma yazıb və bu yazıları mətbuatda dərc olunub.

- Hansısa donos hansısa mətbuat orqanında dərc oluna bilər. Amma bu onun jurnalist olmasını sübut edən fakt deyil.

- Deyirsiniz ki, milli mətbuat qlobal media məkanında mövcud olan informasiya savaşında maraqlarını qorumağa qadirdir. Əgər Azərbaycanda qəzetlərin tirajları azdırsa, satış zəifdirsə, Azərbaycan mətbuatı beynəlxalq aləmdə necə seçilə bilər?

- Düşünürəm ki, alternativ medianın meydana gəlməsi ilə çap mediasının müəyyən problemləri yaranıb. Bu, bütövlükdə dünyadakı çap mediasına şamil olunur. Çünki informasiya əldə etmık üçün son dövrlərdə alternativ mənbələr var, saytlar, sosial şəbəkələr və s. Ona görə çap mediası bütün dünyada ümumi problem yaşayır.

- Məsələ ondadır ki, rəsmi mətbuatın və hökumətin dəstək verdiyi saytları oxu sayı da aşağıdır…

- Əgər mübahisə ediriksə, edək, yox, mənim fikirlərimi öyrənəcəyiksə, dinləyin. Qarşılıqlı dialoq alınsın. Sualınız yoxdursa, sağ olun.

Arif Əliyev: “Dərin böhran qalır”

Arif Əliyev, 13 dekabr 2012
Arif Əliyev, 13 dekabr 2012

“Yüzlərlə qəzet adına rast gəlmək olar, amma bu, böyük qəzet qəbiristanlığıdır”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə deyir. O, Azərbaycanda nəşrlərin sayı ilə heç vaxt ciddi şəkildə maraqlanmadığını söyləyir və əalvə edir ki, say heç vaxt keyfiyyət göstəricisi deyil.

“Bu gün istər tirajına, istərsə də keyfiyyətinə görə elə bir çap orqanı qalmayıb. Bu il elektron və çap mediasında baş verən proseslər mətbuatın hələ də inkişaf mərhələsinə keçmədiyini, dərin böhranın qaldığını göstərir. Əlbəttə, internet mediada maraqlı dəyişikliklər baş verir, amma təəssüf ki, internet medianın kifayət qədər nəzarət və qorxu altında olması öz potensialını aşkarlamasına imkan vermir. Məsələn, hökumət Gəncə hadisələri haqda ciddi izahat vermək və mətbuatla iş aparmaq əvəzinə öz nəzarətindən kənar media orqanlarına xəbərdarlıq etdi, redaktorları prokurorluğa çağırmaqla, saytları bloklamaqla cavab verdi. Beləliklə, il ötsə də, amma bu əlamətdar və yeni prosesin başlanması ilə yadda qalmadı”.

Arif Əliyev bəzən araşdırmaçı jurnalistlərin həbsi, onların ittiham hədəfinə çevrilməsi haqda fikriləri isə belə qiymətləndirir:

“Bilirsiniz, xaricə, ermənilərə işləmək məmurların, bir çox rəsmi orqanların əlində dəyənək kimi bir şeydir. Buna görə nə qədər jurnalist həbs olunub və xəyanətdə ittiham edilib. Təəssüf ki, biz araşdırma müəlliflərinə qarşı hücumların şahidi oluruq. Ancaq deyə bilmərəm ki, bu, dövlətin hansısa informasiya siyasətinin göstəriciləridir. Biz dəfələrlə şahidi olmuşuq ki, rəhbərlik səviyyəsində birinin tutduğunu digəri buraxdırıb, yaxud birinin təkan verdiyi saytı başqası bloka salıb. Çox təəssüf ki, bu sahədə ümumi media siyasəti, yanaşma tərzi yoxdur, həm də ciddi dövlət maraqlarını göstərən struktur yoxdur. İqtisadiyyatda olduğu kimi hərənin öz votçinası var. Hətta yüksək dövlət məmurlarının hərəsinin idarə etdiyi, maliyyə, ideoloji istiqamət verdiyi media vasitələri var”.

“Yeni Nəsil”in rəhbəri hesab edir ki, indiki şəraitdə dövlət orqanları bu məsələyə yenidən baxmalıdır.

“Çünki hərc-mərclik media sahəsində “bulanıq suda balıq” tutmaq siyasətinə gətirib çıxarır”, - deyə o, fikrini yekyunlaşdırır.

Mətbuat Azadlığı indeksinə görə, Azədrbaycan 180 ölkə sırasında 163-cü yerdədir.

Hazırda ən azından 11 jurnalist və iki blogerin həbsdə olduğu deyilir.

Azərbaycan hakimiyyəti heç kimi peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs və ya təqib etmədiyini, jurnalitlərə “dövlət qayğısı” göstərərək evlə təmin etdiyini, hər il qəzetlərə böyük məbləğdə maddi yardım göstərdiyini bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG