Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Dizayneri ingilis olan möhtəşəm məscid - Şeyx Zayed


Şeyx Zayed Məscidi
Şeyx Zayed Məscidi

Şeyx Zayed məscidi Əbu Dabinin ən görməli yerlərindən biridir. Hər il milyonlarla insan bu məscidi ziyarət edir. 2017-ci ildə bu məkan 3,4 milyon turist cəlb edib.

Ötən il bu məscid həm də TripAdvisor saytına görə dünyanın ikinci ən çox sevilən məkanı olub. Bununla o, Vatikan şəhərindəki Müqəddəs Pyotr bazilikası və Hindistandakı Tac-Mahalı geridə qoyub.

CNN-nin dərc etdiyi məqalədə deyilir ki, siyahıya Kambocadakı Angkor Vat məbəd kompleksi başçılıq edib.

RƏQƏMLƏR

Əbu Dabinin bu incisi 1996-cı ildə tikilməyə başlayıb və 12 ilə ərsəyə gəlib. Məscidin 545 milyon dollara başa gəldiyi bildirilir. Hazırda dünyada böyüklüyünə görə üçüncü sayılan bu məscidin sahəsi 22 min 412 kvadrat metrdir. Bu, təqribən dörd futbol meydançasının sahəsinə bərabərdir.

Şeyx Zayed məscidində eyni zamanda 40 minədək ziyarətçi ibadət edə bilər. Məscid üç əlamətinə görə Ginnesin Rekordlar Kitabına düşüb. Dünyanın ən böyük əllə toxunmuş xalçası, ən böyük çilçırağı və bu qəbildən olan ən böyük günbəzi bu məsciddədir.

Məscidin 82 mərmər günbəzi, 1096 xarici sütunu yarımqiymətli daşlarla bəzədilmiş 96 daxili sütunu və 24 karatlıq qızılla örtülmüş, Svarovski kristalları ilə bəzədilmiş yeddi iri çilçırağı var.

Böyük Şeyx Zayed məscidi BƏƏ-nin birinci prezidenti və Əbu Dabi əmiri, mərhum Şeyx Zayed bin Sultan ən-Nahyanın şərəfinə adlandırılıb. Onun tikilməsi ideyası da mərhum prezidentə məxsusdur.

BƏƏ-nin ilk prezidenti Zayed ben Sultan al-Nahyan İran şahı Mohammed Reza və onun xanımı Farah Diba ilə (1975-ci il)
BƏƏ-nin ilk prezidenti Zayed ben Sultan al-Nahyan İran şahı Mohammed Reza və onun xanımı Farah Diba ilə (1975-ci il)

O, ölümündən sonra bu məsciddə dəfn olunmasını arzu edib və 2004-cü ildə məscidin ərazisində dəfn edilib. İnsanı heyrətə gətirən bu abidənin müəllifi suriyalı memar Yousef Abdelky-dir. İran, Moğol və Məqrib memarlığından ilhamlanan bu dizaynın icrası əsl beynəlxalq əməkdaşlıq sayəsində baş tutub. Layihənin icrasına 38 beynəlxalq şirkəti təmsil edən 3 mindən çox sənətkar qatılıb.

Bir çoxlarına görə bu abidənin əsl dəyərini anlamaq üçün xırda detallara diqqət yetirmək lazımdır. Sütunları bəzəyən ametist və yaşma, divarlara vurulmuş incə sədəf naxışlar göz oxşayır.

LAYİHƏ HƏYATINI DƏYİŞİB

Məscidin divarlarını bəzəyən çiçək naxışlarının müəllifi britaniyalı rəssam və illüstrator Kevin Dean deyir ki, dünyanın ən maraqlı memarlıq layihələrindən birində iştirak etməsi onun həyatını dəyişib.

"Mən öz portfoliomu göndərdim və artıq bir neçə gün sonra Şeyx Sultanla görüşmək üçün təyyarə ilə Əbu Dabiyə getdim. O, gözəl insan idi, məscidlə bağlı da çoxlu ideyaları var idi. O, məscidin ənənəvi islami həndəsi naxışlarla bəzədilməsini istəmirdi. …Adicə kitab illüstrasiyası layihələrində mənə çox böyük məhdudiyyətlər qoyulur. Bu cür layihədə isə mənə çoxlu yaradıcılıq azadlığı verilmişdi”, – eyni zamanda həm də London Təbiət Tarixi muzeyində çalışan Dean xatırlayır.

Kevin Dean
Kevin Dean

Dean bu layihənin üzərində dörd ilə yaxın işləyib. Bu müddət ərzində o, tez-tez ornamentlərin necə hazırlandığını görmək üçün İtaliyaya səfər edib. Söhbət ümumilikdə 30 milyondan artıq mərmər hissəcikdən gedir. Bütün bunlara baxmayaraq, Dean özünün nəbati dizaynının 17 min 600 kvadrat metrlik əsas həyətdə quraşdırılmış halını görəndə gözlərinə inana bilməyib. Hər şey gözlənildiyindən də gözəl alınıb:

"Əsas həyətdə və əsas ibadət zalında mən Yaxın Şərq regionunda rast gəlinən çiçəklərdən istifadə etmişəm. Şimal girişindəki çiçəklər şimal yarımkürəsinə aiddir. Cənub girişində təsvir olunanlarsa cənuba aiddir…Şeyx Sultan bu ideyanı çox bəyəndi. O hesab edirdi ki, mənim bu dizaynım İslam dininin beynəlxalq din olmasını əks etdirir".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG