Keçid linkləri

2024, 13 İyul, şənbə, Bakı vaxtı 13:48

Ölkədə müxbir hesabı rus banklarında olan banklar var


 Savaş Azərbaycanın bank sektoruna bir o qədər də ciddi təsir göstərməyib.
Savaş Azərbaycanın bank sektoruna bir o qədər də ciddi təsir göstərməyib.

Mərkəzi Bank ilk yarımillə bağlı "Maliyyə Sabitliyi Hesabatı"nı açıqlayıb. Hesabatda həmin zaman dilimində ölkə iqtisadiyyatında və maliyyə sektorunda baş verən hadisələr təhlil edilib. Mərkəzi Bankın ən çox diqqət çəkdiyi məqamlardan biri Rusiya-Ukrayna müharibəsinin ortaya çıxardığı nəticələrdir. Hesabatda vurğulanır ki, fevraldan bəri Rusiyaya tətbiq edilən sanksiyalar, savaşın doğurduğu daşınma-logistika problemləri və nəticədə enerji və əmtəə qiymətlərindəki kəskin artım qlobal maliyyə sabitliyinə riskləri artırır. Hazırda "Geosiyasi risk indeksi" elə həddə çatıb ki, onu yalnız Körfəz Müharibəsi, 11 Sentyabr terror aktı və İraqın işğalı ilə eyni dövrdəki göstəricilərlə müqayisə etmək olar. Ancaq Mərkəzi Bankın fikrincə, savaş Azərbaycanın bank sektoruna bir o qədər də ciddi təsir göstərməyib. Hesabatda qeyd edilir ki, bəzi Azərbaycan banklarının müxbir hesabları Rusiyadakı banklarda yerləşdiyindən Rusiya-Ukrayna münaqişəsi nəticəsində həmin banklar müxbir hesablarla əməliyyatların aparılmasında bəlli əngəllərlə üzləşib. Amma bu çətinliklərin məhdud təsiri olub. Bu baxımdan, yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırıb.

Bank sektorunun mənfəəti artıb

Mərkəzi Bankın məlumatına görə, bank sektorunun mənfəətliliyi postpandemiya dövrünün ən yüksək həddinə çatıb. İlk yarımildə bank sisteminin xalis mənfəəti 401 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.6 faiz və ya 35 milyon manat çoxdur.

2022-ci ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 24-ü mənfəət, ikisi isə zərər etdiyini açıqlamışdı. Zərərlə işləyən bankların məcmu zərəri 5 milyon manat olub. Bu bankların sektorda toplam payı cəmi 0.87 faizdir. Mənfəətlə işləyən 24 bankın xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 9.1 faiz və ya 34 milyon manat artaraq, 406 milyon manat olub.

İlk yarımili zərərlə başa vurmuş iki bankdan biri – Pakistan Milli Bankının Bakı filialı bugünlərdə fəaliyyətini dayandırdığını açıqlayıb. Mərkəzi Bankın bununla bağlı açıqlamasında bildirilirdi ki, Pakistan Milli Bankının Bakı Filialının bank lisenziyasının ləğvi bankın könüllü müraciəti nəticəsində baş verir. Bankın açıqlamasında deyilir ki, sözügedən qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilib.

Bank sektorunun trendləri

Mərkəzi Bankın hesabatında bildirilir ki, 2015-ci ildən bəri gözəçarpan dollardanqaçma trendi davam etməkdədir. Bu ilin ikinci rübünün sonuna bank sistemi öhdəliklərinin 46 faizi, aktivlərininsə 40 faizi xarici valyutadadır. 2015-ci ildə bu göstəricilər, uyğun olaraq, 73 faiz və 58 faiz idi. Məhz bankların xarici valyutada öhdəliklərinin çox olması ölkənin maliyyə sektoru üçün ciddi problemlər doğurmuşdu. Milli valyutanın devalvasiyalar ucbatından dəyər itirməsi bankların xarici öhdəliklərini yerinə yetirməsini çətinləşdirmiş, nəticədə ölkədəki bankların təxminən üçdə biri batmışdı. Mərkəzi Bankın məlumatlarında o da bildirilir ki, 2022-ci ilin ilk yarısında bankların xarici borclarının həcmi 17 faiz (66 milyon dollar) azalaraq 318 milyon dollara enib. Beləcə, öhdəliklərin strukturunda bankların xarici borcunun payı cəmi 1.5 faiz olub. Bankların cəlb etdiyi xarici borc ödənişlərinin yalnız 33 faizi növbəti ilin payına düşür.

Təhlillər göstərir ki, kredit portfelinin illik artım tempi 2016-cı ildən bu yana ən yüksək səviyyəsinə çatıb. İstər biznes, istərsə ipoteka portfeli üzrə illik artım tempi son illərin maksimumundadır. İstehlak portfeli üzrə illik artım tempi yüksək olsa da, 2019-cu il səviyyəsindən aşağıdır. Ölkənin kredit portfelində qeyri-işlək kreditlərin payı isə ötən ildən bəri dəyişməyərək 4.5 faiz qalıb.

Depozitlərdən yüksək asılılıq davam edir

Ötən il iqtisadi fəaliyyətin bərpası və daxili tələbin genişlənməsi fonunda önəmli artım göstərən bank sektorunun balansı ilk yarımildə də genişlənməyə davam edib. Birinci yarımildə bank sektorunun aktivləri 9 faiz artaraq 42 milyard manata yaxınlaşıb. Öhdəliklərsə 9.8 faiz artaraq 37 milyard manata yüksəlib. 2022-ci ilin ikinci rübünün sonu üzrə bank sektoru aktivlərinin 40.7 faizi xalis kredit portfeli, 37.3 faizi likvid aktivlər, 22 faizi digər aktivlərdir.

Bank sektorunun öhdəlikləri isə, əsasən, hüquqi şəxslərin depozitləri hesabına formalaşıb. Belə ki, bank öhdəliklərinin 53.3 faizi hüquqi şəxslərin, 28.2 faizi fiziki şəxslərin depozitləri, 18.5 faizi isə digər öhdəliklərdir. Müstəqil ekspertlər Azərbaycanda bank vəsaitlərinin formalaşmasında depozitlərdən belə böyük asılılığı bank sektorunun ən böyük risklərindən biri kimi qiymətləndirirlər. Bu amilin ölkədə tez-tez narazılıq doğuran kredit faizlərinin yüksəkliyi probleminə də təsiri var. Daha dayanıqlı inkişafa nail olmaq baxımından Azərbaycanda bank vəsaitlərinin formalaşma mənbələrinin çeşidləndirilməsi vacib amillərdən biri sayılır.

XS
SM
MD
LG