Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 20:13

Mərkəzi Bank hansı qiymətli kağızlara yatırım edir?


Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Respublikasının Mərkəzi Bankı ötən il üzrə maliyyə hesabatını açıqlayıb. Açıqlanan rəqəmlərə görə, bu il mayın 1-inə Mərkəzi Bank aktivlərinin toplam dəyəri 34.8 milyard manatdır. Bir il öncə ilə müqayisədə həmin aktivlər təxminən 13 faiz artıb. Ötən il boyunca Mərkəzi Bankın aktivləri ilə yanaşı, öhdəlikləri də 11 faiz çoxalıb. Bu ilin əvvəlinə Mərkəzi Bankın öhdəlikləri 33.2 milyard dollar həcmində olub. Mərkəzi Bank 2022-ci ildən fərqli olaraq, 2023-cü ili mənfəətlə başa vurub. Qurum ötən il 349 milyon manat mənfəət əldə edib. 2022-ci ildə Mərkəzi Bank təxminən 64 milyon manat zərər etmişdi. Qlobal maliyyə bazarlarında gözə çarpan əlverişsiz ortam həmin zərərin başlıca səbəbi sayılmışdı. İnişil valyuta aktivlərinin yönəldilməsindən Mərkəzi Bankın əldə etdiyi gəlirlər təxminən 42 milyon dollar azalmışdı. Qurum ötən ili mənfəətlə başa vursa da, dövlət büdcəsinə vəsait köçürmədiyini bildirib.

Ən çox yatırım xarici dövlətlərin xəzinədarlıq notlarınadır

Maliyyə hesabatının təhlili göstərir ki, Mərkəzi Bankın vəsaitləri müxtəlif investisiya alətlərinə yatırılır. Qurumun borc qiymətli kağızlarının toplam dəyəri 27 milyard manatdır. Bu, bir ildə 5 milyard manat və ya 23 faiz artım deməkdir. Mərkəzi Bankın borc qiymətli kağızlar portfelində ən böyük paya xarici dövlətlərin xəzinədarlıq notları sahibdir. 27 milyard manatlıq portfelin 11.3 milyard manatı - təxminən 42 faizi bu tip qiymətli kağızlardır. Ötən il ilə müqayisədə xarici dövlətlərin xəzinədarlıq notlarına yatırımlar 6 milyard manata yaxın artıb. Bu baxımdan, Mərkəzi Bankın borc qiymətli kağızlar portfelindəki artımlar məhz bu tip istiqrazlara yatırımların çoxalmasından qaynaqlanır.

Mərkəzi Bankda kadr dəyişikliyi nədən xəbər verir?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Mərkəzi Bankın yatırım etdiyi qiymətli kağızlar arasında qeyri-rezident yerli hakimiyyət orqanları və bələdiyyə istiqrazları da var. Bu istiqrazlar Almaniya, Yeni Zelandiya, Kanada, İsveç, Yaponiya, Danimarka və Hollandiyanın yerli hakimiyyət orqanları tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir. Borc qiymətli kağızlar həm birbaşa Bankın, həm də kənar menecerlərin yönəltdiyi portfeldə saxlanılıb. Ötən il dekabrın 31-nə bu qiymətli kağızlar üzrə orta illik faiz dərəcəsi 2.13 olmaqla, illik 0.0-5.13 faiz dərəcə ilə sabit faiz hesablanıb. Mərkəzi Bankın qeyri-rezident yerli hakimiyyət orqanları və bələdiyyə istiqrazlarına toplam yatırımı 391 milyon dollardır.

Mərkəzi Bank xarici dövlət istiqrazlarına daha 167 milyon manat yatırım edib. Maliyyə hesabatında göstərilir ki, bu istiqrazlar "Bank of England" və Çin hökuməti tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları özündə birləşdirir. Başqa deyimlə, Mərkəzi Bank Böyük Britaniya və Çin tərəfindən buraxılan istiqrazlara yatırım edib. Bu qiymətli kağızların orta illik faiz dərəcəsi 3.09-dur. İpoteka ilə təmin olunmuş ABŞ istiqrazları da Azərbaycan Mərkəzi Bankının yatırım portfelində yer alır. Bu tip istiqrazların dəyəri ötən ilin sonunda 468 milyon manatı aşır. Belə ipoteka ilə təmin edilmiş istiqrazlar Federal Milli İpoteka Assosiasiyası (FNMA), Dövlət Milli İpoteka Assosiasiyası (GNMA) və Federal İpoteka Kredit Korporasiyası (FHLMC) tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir. Borc qiymətli kağızlar xarici menecerlərin yönəltdiyi portfeldə saxlanılır və orta illik faiz dərəcələri 3.88-dir.

Mərkəzi Bank xarici dövlətlərlə yanaşı, xarici şirkətlərin də qiymətli kağızlarına yatırım edir. 2023-cü ilin sonuna Mərkəzi Bankın xarici korporativ istiqraz portfeli 370 milyon manatdır. Belə qiymətli kağızlar üzrə orta illik faiz dərəcəsi 3.81-dir.

Əliyevlərin bankları devalvasiya hesabına necə varlandı?
Gözlə

No media source currently available

0:00 0:08:33 0:00

Yerli yatırımlar

Mərkəzi Bankın borc qiymətli kağız yatırımlarında yerli yatırımlar da yer alır. Qurumun maliyyə hesabatına görə, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun da qiymətli kağızlarına yatırım edilir. Bu yatırımın toplam dəyəri 584 milyon manatdır. İllik orta faiz dərəcəsi isə 3.05-dir.

Mərkəzi Bankın borc qiymətli kağızlar portfelində "Aqrarkredit" QSC də yer alır. Hazırda "Aqrarkredit" üzrə yatırımların toplam dəyəri 9 milyard manatdır. Mərkəzi Bank tərəfindən bu istiqamətdə yatırımlar 2015-2016-cı ildə gerçəkləşdirilmişdi (10 milyard manat). Həmin vaxt hökumət Azərbaycan Beynəlxalq Bankının maliyyə durumunu düzəltmək üçün onun toksik aktivlərini "Aqrarkredit"ə ötürmüşdü. Mərkəzi Bankın maliyyələşdirdiyi həmin 10 milyard manat isə sözügedən toksik aktivləri qarşılamaqdan ötrü dövlət zəmanəti ilə həyata keçirilmişdi. O dövrdə Beynəlxalq Bankdakı yoxlamalar bu maliyyə qurumunda ciddi pozuntuları üzə çıxarmışdı. Bu hadisələrdən sonra həbs edilən bankın sabiq sədri Cahangir Hacıyev hələ də həbsdədir. O da var ki, Mərkəzi Bankın "Aqrarkredit" üzrə yatırımının illik orta faiz dərəcəsi cəmi 0.15-dir. Başqa sözlə, demək olar ki, Mərkəzi Bank bu yatırımından ciddi gəlir götürmür. Sadəcə, məmurların pozuntuları ictimai vəsait hesabına bağlanıb.

Mərkəzi Bank Maliyyə Nazirliyinin buraxdığı istiqrazlara da yatırım edib. Bu yatırımın toplam dəyəri 152 milyon manatdır. Onun da böyük bölümü Mərkəzi Banka gəlir gətirmir. Belə ki, Maliyyə Nazirliyinin ötən il buraxdığı 148.8 milyon manatlıq və illik 0 faizli vekseli məhz Mərkəzi Bank alıb.

Maliyyə hesabatına görə, 2023-cü ildə Mərkəzi Bank toplam 515 milyon manat faiz gəliri qazanıb. Bu, əvvəlki illə müqayisədə faiz gəlirlərinin iki dəfədən çox artması deməkdir. Qurumun faiz xərcləri də 2022-ci illə müqayisədə iki dəfəyə yaxın artaraq 300 milyon manata çatıb.

XS
SM
MD
LG