Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Gürcüstan vətəndaşlarının Almaniyadan sığınacaq alması çətinləşə bilər


Almaniya kansleri Angela Merkel və Gürcüstanın baş naziri Mamuka Bakhtadze
Almaniya kansleri Angela Merkel və Gürcüstanın baş naziri Mamuka Bakhtadze

Almaniya kansleri Angela Merkel Tbilisiyə səfəri əsnasında deyib ki, Gürcüstana miqrantların qayıtması üçün “salamat ölkə” dərəcəsi verilməlidir. Belə bir yeni dərəcə Gürcüstan vətəndaşlarının gələcəkdə Almaniyadan sığınacaq istəməsini xeyli çətinləşdirərdi.

Merkel avqustun 23-də deyib ki, Avropa İttifaqı 2017-ci ilin martından Gürcüstanla viza rejimini liberallaşdırandan bəri Almaniyadan sığınacaq istəyən gürcülərin sayı xeyli artıb, hərçənd son aylarda bu rəqəmin bir qədər azaldığı deyilir.

Merkel Gürücstanın baş naziri Mamuka Bakhtadze ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, “Gürcüstan qəti şəkildə salamat ölkədir”. Xanım Merkel Tbilisidən sonra Ermənistana və Azərbaycana da səfərlər edəcək.

Gürcüstanın “salamat çıxış ölkəsi” elan edilməsi Almaniyaya bu ölkədən olan miqrantların sığınacaq ərizələrini daha asan rədd etmək imkanı verəcək.

Bakhtadze deyib ki, Gürcüstan bundan sonra da onun ölkəsindən olan miqrantların Almaniyaya axınını azaltmaqda Berlinə kömək edəcək. Baş nazir əlavə edib ki, onun ölkəsi Avropa İttifaqına və NATO-ya daxil olmaq niyyətindədir:

"Biz Avropa dəyərlərinin formalaşmasına öz töhfəmizi vermişik, amma özümüzə arxayın olmuruq. Biz hələ çox iş görməliyik”.

Merkel deyib ki, Almaniya bir gün bu iki bloka qoşulmaqda Gürcüstana dəstək verəcək. Lakin kansler əlavə edib ki, Gürcüstanın hələlik aktivləşdirilmiş namizədliyi yoxdur.

Moskva Gürcüstanın NATO-ya üzvlük niyyətinə qarşı çıxır. Rusiya-Gürcüstan müharibəsinin 10-cu ildönümündə Rusiyanın baş naziri Dmitry Medvedev NATO-ya sərt xəbərdarlıq edib. O deyib ki, Tbilisinin alyansa qoşulması yeni “dəhşətli” münaqişəyə aparar.

Medvedev avqustun 6-da Kommersant FM radiosuna müsahibəsində deyib ki, NATO-nun Gürcüstana üzvlük təklif etmək planları “tamamilə məsuliyyətsiz”dir və “sülhə təhdid”dir.

2008-ci ildə qısamüddətli müharibənin ardınca Rusiya qoşunları Gürcüstandan qopmuş separatçı Abxaziya və Cənubi Osetiya bölgələrində yerləşdirilib.

Moskvanın Gürcüstana hücumunun ardınca Abxaziya və Cənubi Osetiya müstəqilliklərini elan ediblər. Bu iki separatçı bölgənin müstəqillyi Moskvadan başqa bir neçə ölkə tərəfindən tanınıb.

Merkel Rusiya qoşunlarının hələ də Gürcüstan ərazisində olmasını tənqid edib və xatırladıb ki, “10 il əvvəl olmuş ötən səfərimdə mən Rusiya qoşunlarının çıxmasını tələb etmişdim”.

Kansler deyib ki, Almaniya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir.

Angela Merkel avqustun 24-də Ermənistana, oradan isə Azərbaycana gedəcək.

Onun ofisi bildirib ki, xanım Merkel bu iki ölkəyə səfəri zamanı Bakını və Yerevanı Dağlıq Qarabağ münaqişəsinə “dinc və qarşılıqlı məqbul həll” tapmağa çağıracaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG