Vəzifəsini tərk etməkdə olan Almaniya kansleri Angela Merkel deyib ki, Avropa İttifaqı Ukrayna sərhədləri yaxınlığında və Belarus-Polşa sərhədində vəziyyətin pisləşdiyi təqdirdə Rusiya üzərinə sanksiyaları artırmağa hazır olmalıdır.
Avropa və ABŞ rəsmiləri Rusiyanı Belarusun miqrant böhranı yaratmaqla Avropa İttifaqına qarşı apardığı “hibrid müharibəni” dəstəkləməkdə, Ukrayna sərhədləri yaxınlığında qoşun cəmləşirməkdə və Ukraynanın şərqindəki separatçılara dəstək verməkdə ittiham edirlər.
Merkel noyabrın 25-də Berlində Polşa baş naziri Mateuş Moravieski Polşa-Belarus sərhədində yaranmış vəziyyəti müzakirə edib.
Burada Avropa İttifaqının üzvü olan Polşa ilə Belaruisun sərhədinə Yaxın Şərqdən olan minlərlə miqrant toplaşıb. Onlar Avropa İttifaqı ərazisinə daxil olmağa cəhdlər göstərirlər.
Merkel deyib ki, onun fikrincə Polşa öz sərhədində eskalasiyanın baş verməməsi üçün “mümkün olan bütün tədbirləri” görür.
Belarus-Rusiya birgə hava patrulu
Noyabrın 25-də Polşa sərhədçiləri yenə də yüzlərlə miqrantı Belarus ərazisinə sıxışdırmalı olublar.
Bu da xəbər verilir ki, Belarusun təhlükəsizlik qüvvələri miqrantlara sərhəd hasarlarının dağıdılmasında kömək edir.
Baş nazir kürsüsünü tezliklə Olaf Şoltsa təhvil verəcək Merkel deyib ki, Almaniya sərhəd böhranında Polşanı dəstəkləməkdə davam edəcək.
Belarusun Müdafiə Nazirliyi noyabrın 25-də bildirib ki, Belarus və Rusiyanın hərbi-hava qüvvələri ölkənin qərb sərhədləri boyunca birgə keşik çəkir.
Bu da bildirilir ki, bu əməkdaşlıq ötən həftədən başlanıb.
Moravieski deyib ki, Polşa belə “siyasi şantajın” qarşısında boyun əyməyəcək.
O deyib ki, Avropa İttifaqı Belarusun üzərinə ticarət sahəsi də daxil yeni sanksiyalar qoymalıdır.
Polşa baş naziri bildirib ki, onun ölkəsi Almaniyanı və “bütün Avropa İttifaqını” böyük miqrant axınından qoruyur.
Hər tərəfdə manevrlər
Merkel habelə Ukraynanın şərq sərhədləri boyunca vəziyyətə dair xəbərdarlıq verib. Burada Rusiyanın qoşun cəmləşdirməkdə davam etdiyi xəbər verilib.
Merkel bildirib ki, de-eskalasiya həmişə daha yaxşı variant olub, amma Ukraynanın suverenliyinə qarşı təcavüzün bundan sonra da artması “baha başa gələ bilər”.
Rusiya bu həftə Qara dənizdə, Ukraynanın cənub tərəfində hərbi təlimlərə başlayıb.
Rusiya bildirib ki, NATO ölkələrinin Rusiya sərhədləri yaxılnlığında artan fəallığı Moskvanı özünün adi və nüvə silahlarını hazır saxlamağa vadar edir.
Bu arada Ukrayna da ölkənin şimal hissəsində Polşa-Belarus sərhədində baş verən gərginliyin mümkün nəticələrinə hazırlıq üçün manevrlərə başlayıb.
Bununla belə Rusiya Ukrayna sərhədləri boyunca qoşun yığması barədə xəbərləri təkzib edir.