Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

ABŞ-ın yeni və sərt Rusiya sanksiyaları ŞimalAxını 2 layihəsini hədəfləməyəcək


Bob Menendez
Bob Menendez

ABŞ senatoru Bob Menendez deyib ki, Rusiyaya, Moskvanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə və Ukraynadakı təcavüzkar hərəkətlərinə görə elan ediləcək yeni sərt sanksiyalar Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək ziddiyyətli ŞimalAxını 2 layihəsini hədəfləməyəcək.

Təhlilçilər bildirirlər ki, Senatın bu addımı prezidenti Trump-ın administrasiyasını Moskvaya qarşı daha sərt cəzalandırıcı tədbirlərə əl atmağa sövq etmək üçündür.

Qanun layihəsi fevralın 13-də demokrat senator Menendez və respublikaçı senator Lindsey Graham, habelə Senat Xarici Əlaqələr Komitəsinin başqa üzvləri tərəfindən təqdim olunub. Demokrat Menendez komitənin rəhbəridir.

Menendez fevralın 18-də Brüsseldə keçirilən media brifinqində deyib:

“Gəlin elə bundan başlayım ki, təqdim etdiyimiz sanksiyalar arasında spesifik olaraq ŞimalAxını 2 layihəsini hədəfləməyi nəzərdə tutan bənd yoxdur. Biz sanksiyalarımızı təkmilləşdirmək üçün Avropa ilə sıx əməkdaşlığa çalışırıq. Bu sanksiyaların əsas məqsədi beynəlxalq qanunları pozan Rusiyanı hədəfləməkdir”.

Tikintisinin 2019-cu ildə başa çatması planlaşdırılan ŞimalAxını 2 kəməri Rusiya qazını Avropanın bir neçə tranzit ölkəsindən yan keçərək Qara dənizin dibi ilə birbaşa Almaniyaya nəql edəcək. Bu, Moskvaya tranzit rüsumlarına dair mübahisələrdən və onun mövcud kəmərlər şəbəkəsinin işinə mane olan qəliz siyasi əngəllərdən xilas olmaq imkanı verəcək.

Bir sıra Avropa liderləri narahatdırlar ki, hazırkı qaydalara heç bir hüquqi dəyişikliklər edilmədən bu kəmərin çəkilişi qitənin Rusiya qazından asılılığını artıracaq və Moskvaya başqa siyasi mübahisələrdə təzyiq imkanı verəcək.

Menendez bu barədə deyib:

“Bizim Avropadakı dostlarımız öz təhlükəsizlikləri barədə özləri düşünməli və bu təhlükəsizliyi Rusiya ilə enerji də daxil münasibətlərdə üzləşdikləri problemlərlə balanslaşdırmalıdırlar. Buna görə də Avropa ilə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində işləyərkən, zənnimcə çox mühümdür ki, onlar Putindən və Rusiyadan asılı vəziyyətə düşməsinlər”.

Menendezin müəlliflərindən olduğu bu qanun layihəsi ötən il onun və Grahamın Senatdan keçirə bilmədikləri layihənin daha sərt variantıdır.

Bu sanksiyalar Rusiyanın xaricdəki seçkilərə müdaxiləsinə dəstək verən banklara, habelə “Putin üçün birbaşa və ya dolayısı ilə qanunsuz və korrupsiyalı fəaliyyətlə məşğul olduqları düşünülən” fərdlərə tətbiq ediləcək.

Sanksiyalar habelə Rusiyanın neft və qaz sektoruna qarşı daha sərt tədbirlərin görülməsini nəzərdə tutur. Bura Rusiyada xam neft hasilatının inkişaf etdirilməsi üçün mallar, xidmətlər və maliyyə ilə dəstək verən fərdlərə qarşı sanksiyalar da daxildir.

Menendez tərəfindən dəstəklənən buna bənzər qanun layihəsi ötən il Senatdan keçməmişdi, lakin onun fikrincə yeni paket ya bütövlükdə, ya da düzəlişlərlə Senatdan keçmək üçün daha böyük şansa malikdir.

Bu qanun layihəsinin qanuna çevrilməsi üçün Trump onu imzalamalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG