Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Azərbaycanda məmurların, vəzifəli şəxslərin nə qədər pulu var?


Məmurlar gəlir bəyannaməsini niyə xalqa açıqlamır? Qanun icra olunmur
Gözlə

No media source currently available

0:00 0:15:09 0:00

Məmurlar gəlir bəyannaməsini niyə xalqa açıqlamır? Qanun icra olunmur

Əksər ölkələrdən fərqli olaraq Azərbaycanda gəlir bəyannamələri niyə açıqlanmır?

Milli Məclisin Korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakimiyyətyönlü deputat Zahid Oruc deyir ki, belə bir qanunu Milli Məclis 18 il əvvəl qəbul edib, hökumətə təqdim edib, amma Nazirlər Kabineti nədənsə qanunun tətbiq mexanizmini hazırlamır.

AzadlıqRadiosu bunun niyəsini soruşmaq üçün Nazirlər Kabinetinə sorğu göndərdi, amma günün sonuna qədər cavab ala bilmədi.

Bir məsələ də var ki, bu qanun işə düşəsi olsa belə, yalnız dövlət qulluqçularının gəlirlərini bəyan etməsini nəzərdə tutur, bütün vətəndaşların yox.

Öz adlarında deyil axı...

Hakimiyyətin daimi tənqidçisi Aslan İsmayılov deyir ki, indi onsuz da Azərbaycanda var-dövləti öz adına olan azdır:

“Bəyan olunanlar ancaq rəsmi şəxsin adına olanlardır. Azərbaycanda isə bütün rəsmi şəxslərin öz adlarına demək olar ki, heç nə yoxdur. Əgər öz adlarına olan əmlakla Azərbaycanda kimin varlı olması müəyyənləşsəydi, mən Azərbaycanda ən varlı adam olardım, çünki bütün əmlakım qeydiyyatdan keçib. Amma vəzifədə olanların hamısı varını ya qohum-əqrabanın, ya da xaricdə yaradılmış anonim şirkətlərin adına rəsmiləşdirib”.

Bəs bütün vətəndaşların gəlir bəyannaməsinin tətbiqi barədə şəffaflığı tam edə biləcək qanun qəbul etmək mümkündürmü?

Millət vəkili Zahid Oruc deyir ki, nə Milli Məclisdə, nə də siyasi elita daxilində belə bir qanun layihəsinin gündəmdə olması barədə eşitməyib. Bununla belə hesab edir ki, Nazirlər Kabineti vəzifəli şəxslərin, gəlir bəyannaməsini təqdim etməsi barədə qanunun mexanizmini tezliklə işləyib hazırlamalıdır.

Millət vəkili Zahid Oruc
Millət vəkili Zahid Oruc

Hazırkı seçki qanunvericiliyinə görə, seçkidə iştirak edənlər öz gəlir bəyannamələrini açıqlayırlar, amma ictimaiyyətə yox, Mərkəzi Seçki Komissiyasına. Demokratiya və Rifah Hərəkatı bu il prezident seçkisində iştirak edən namizədlərin bu məlumatlarını Mərkəzi Seçki Komissiyasından tələb etsə də, qurum bunu açıqlamayıb, hərəkat isə məlumatı gizlətdiyini əsas gətirərək MSK-nı məhkəməyə verib.

Məhkəmə MSK-nın xeyrinə qərar çıxarıb.

Bu gün, avqustun 16-da Bakı Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hərəkatın sədri Qubad İbadoğlu deyir ki, bu gəlirlərin açıqlanması korrupsiya ilə mübarizə üçün önəmlidir.

1 nömrəli məmurun sərvəti

İndiyə qədər jurnalist araşdırmaları Azərbaycan prezidenti İlham Əliyevin də övladlarının adına xaricdə və ölkə daxilində mülklərin, şirkətlərin olduğunu üzə çıxarıb.

Məsələn, bu ilin aprelində Guardian qəzeti yazmışdı ki, Azərbaycan prezidenti İlham Əliyevin qızları Dubayda otel kompleksinin və dəbdəbəli villaların sahibləridirlər.

Prezident İlham Əliyev və qızları
Prezident İlham Əliyev və qızları

Bu araşdırma həm də iddia edir ki, Azərbaycanda ən böyük şirkətlərdən olan Gilan Holding-in yarısı İlham Əliyevin qızlarınındır. Bu şirkətin bankçılıq, tikinti, turizm, kənd təsərrüfatı sektorlarında, “Qəbələ” futbol klubunda maraqları var.

Amma indiyədək hakimiyyət İlham Əliyevlə bağlı belə tənqidləri rədd edib, bildirib ki, dövlət başçısının ailə üzvlərinin bizneslə məşğul olmaq haqqı var.

Bundan bir il əvvəl isə beynəlxalq araşdırmaçılar “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmada Azərbaycanın hakim zümrəsinin 2, 9 milyard dolları yumasını iddia edirdilər.

Rəsmi milyarder yoxdur

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, gəlir bəyannamələri açıqlanmadığı üçün azərbaycanlıların əslində nə qədər pulunun olması aydın deyil:

“Məndə belə bir təsəvvür yoxdur. Bununçün araşdırma aparılmalıdır. Azərbaycanda uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar var, amma biz bu gün Azərbaycanda bir rəsmi milyarder və ya milyonerin olduğunu bilmirik. Heç kim rəsmi milyoner və ya milyarder elan olunmayıb”.

AzadlıqRadiosu bu mövzu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Vəkil Aslan İsmayılov isə deyir ki, gəlir bəyannaməsi barədə qanunun tətbiq edilməsi qeyri-realdır, onun fikrincə, bu durumda çıxış yolu maliyə amnistisiyasının elan olunmasıdır, yəni, hər kəs nə qədər pulunun olduğunu açıqlasın, ancaq buna görə sorğu-sual edilməsin. Aslan İsmayılov deyir, ki, bu halda xaricdəki pulları hətta gətirib ölkəyə yatırmaq, vergi vermək də real ola bilər.

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır. O 180 ölkə arasında 122 -ci yerdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG