Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 06:52

E.Məmmədyarov: 'Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb'


Elmar Məmmədyarov və Aloyzio Nunyes Ferreira

«Braziliya ilə münasibətləri dərinləşdirmək barədə razılığa gəlmişik. Ötən 6 ay ərzində ticarət dövriyyəsinin həcmi 160 milyon dollar olub. Bu, yetərli deyil. Qərara gəlmişik ki, bu həcmi genişləndirək».

APA-nın xəbərinə görə, bunu noyabrın 15-i xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

E.Məmmədyarov gələn il Bakıda iki ölkə arasında siyasi, Braziliyada isə iqtisadi mövzularda məsləhətləşmələr keçiriləcəyini də söyləyib:

«Gələn ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının nazirlər səviyyəsində görüşü olacaq. Braziliya da ora dəvət olunub. Bu gün ADA Universiteti ilə Braziliyanın müvafiq universiteti arasında saziş imzalanıb».

MOSKVA SƏFƏRİ

E.Məmmədyarov görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulduğunu bildirib. O, Moskva səfərindən də bəhs edib:

«Bu gün axşam Moskvaya yola düşürəm, sabah həmsədrlərlə görüş olacaq».

Nazir bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-u və 20-də Bakıda səfərdə olacaq:

«Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticələr olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Bu mövqe ilə Moskvaya gedirəm. Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa olmalıdır. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək».

S.Lavrov və E.Məmmədyarov
S.Lavrov və E.Məmmədyarov

A.FERREİRA: «MƏQSƏD ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏKDİR»

A.N.Ferreira isə deyib ki, Azərbaycana səfərimin məqsədi əlaqələri genişləndirmək və münasibətlərə yeni impuls verməkdən ibarətdir:

«Görüşdə bir sıra beynəlxalq məsələləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik».

Qonaq bildirib ki, Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

«Biz istəyirik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticəsi olsun və sülh bərpa edilsin. Biz əlaqələrimizdə hüquqi çərçivənin yaradılmasını müzakirə etdik. Bu, iş adamları arasında əlaqələrə təkan verəcək. Gömrük və vergi sahəsində məlumat mübadiləsi barədə danışdıq».

BMT-DƏ İSLAHATLARA EHTİYAC VAR

A.N.Ferreira deyib ki, ölkəsinin mövqeyi sülh, təhlükəsizlik, dialoq, beynəlxalq hüquqa hörmət və ərazi toxunulmazlığına əsaslanır.

«Braziliyanın uzunmüddətli yanaşması var və qonşularına da bunu tətbiq edir. BMT-də islahatlar vacib məsələdir, bu təşkilat dünyanı daha yaxşı təqdim edən qurum olmalıdır. BMT Təhlükəsizlik Şurasının daha demokratik və effektiv fəaliyyəti üçün islahatlar həyata keçirilməlidir», - deyə o vurğulayıb.

Braziliya xarici əlaqələr naziri A.N.Ferreiranın başçılıq etdiyi nümayəndə heyəti bu gün, noyabrın 15-də Azərbaycanda rəsmi görüşlərə başlayıb. O, günün birinci hissəsi prezident İlham Əliyevin qəbulunda olaraq, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair müzakirə aparmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG