Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:04

Məmməd İbrahimin oğlundan xəbər yoxdur


Turan İbrahim

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Turan İbrahimi fevralın 25-də günorta vaxtı naməlum şəxslər qeyri-müəyyən istiqamətdə aparıblar”.

Bunu AXCP-dən Azadlıq Radiosuna bildiriblər.

Turan İbrahim yenicə həbsdən çıxan AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğludur.

Partiyadan deyiblər ki, gənc fəalın taleyi ilə bağlı narahatlıqlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan aydınlıq gətirə bilməyiblər .

Bu deyilənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 40-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 10-25 sutkalıq həbs cəzası alıb.

Bundan başqa, bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər.

AXCP onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib.

Rəsmilər isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərə məruz qalması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar ölkədə bütün fundamental azadlıqların qorunduğunu deyirlər.

Xatırlatma

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunmuşdu. Xuliqanlıqda ittiham olunan siyasətçi 3 il azadlıqdan məhrum edilmişdi.

Həmin cəza 2018-ci il sentyabrın 29-da başa çatıb. Amma AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılmışdı. Həbsdəki siyasətçinin yatağından kəsici alət tapıldığı iddia olunurdu.

Ona 5 ay 22 gün əlavə həbs cəzası verilmişdi. M.İbrahim bu ittihamı da rədd edirdi.

Nəhayət, bu il fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası onun cəzasını təqribən bir ay azaldaraq, siyasitçini azadlığa buraxıb.

XS
SM
MD
LG