Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 00:18

Melburn ən yaşamalı şəhərdir


Melburn
Melburn

Avstraliyanın Melburn şəhəri dünyanın ən yaşamalı şəhəridir. Altı ildir ki, bu şəhər «The Economist Intelligence Unit»in hazırladığı reytinq siyahısında birinci yeri tutur.

Yaşamağa ən yaxşı şəraitli ilk beşlik dəyişməyib. Melburndan sonra Vyana (Avstriya), Vankuver (Kanada) və Toronto (Kanada) gəlir. Adelaida (Avstraliya) və Kalqari (Kanada) şəhərləri beşinci yerdə qərarlaşıb.

QLOBAL SABİTLİK ZƏİFLƏYİR

Reytinq 140 ölkə üzrə hazırlanıb. Ən pis şəraitli ölkələrdə münaqişələr, vətəndaş itaətsizliyi gedir. Bu siyahıda birinci yeri Suriyanın paytaxtı Dəməşq tutur. Ölkədəki vətəndaş müharibəsi ucbatından Dəməşq son beş ildə 26.1 bal geriləyib. Geriləmə göstəricisinə görə, Dəməşqdən sonra Ukrayna paytaxtı Kiyev gəlir, 25.1 bal geriləyərək 131-ci yerə düşüb. Səbəb də Rusiyayla münaqişədir.

Həyat şəraitinin kəskin düşdüyü digər şəhərlər Paris (-3.7), Detroyt (-5.7) və Moskvadır (-5.6).

Yaşamağa əl verməyən beş şəhər içində Dəməşqdən sonra Tripoli (Liviya), Laqos (Nigeriya), Dəkkə (Banqladeş) və Papua Yeni Qvineyanın paytaxtı Port-Morsbi gəlir.

Qurum bildirir ki, qlobal sabitlik davamlı olaraq zəifləyir. Ötən bir ildə Türkiyədə, Avstraliyada, Banqladeşdə, Pakistanda, Fransa, Belçika və ABŞ-da terror aktları baş verib.

Liviya, Suriya, İraq və Ukraynada silahlı münaqişələr gedir. Nigeriya kimi bir sıra ölkələr isə silahlı qruplarla mübarizə aparmaqdadır.

BAKI ADDIM-ADDIM İRƏLİLƏYİR

Dünyada diplomatik gərginlik də qalmaqdadır. Rusiya Ukrayna və Yaxın Şərqdə varlığını getdikcə daha çox hiss etdirir. Çin Cənubi Çin Dənizində aqressiv davranır, Hindistanla Pakistan arasında mübahisəli Kəşmir əyaləti ilə bağlı gərginlik qalır. Bu səbəbdən sabitlik ballarının getdikcə düşməsi təəccüblü deyil.

Bəzi şəhərlərin göstəriciləri yüksəlməkdədir. Bunlar bir müddət nisbi sabitlik dövrü yaşayan şəhərlərdir, məsələn, İranda Tehran, Səudiyyə Ərəbistanında Əl-Xubar, Tailandda Banqkok. Son 12 ayda altı şəhər reytinqdə irəliləyib.

Bakı da yaşayış şəraiti yaxşılaşan şəhərlər sırasındadır. 100 baldan 62.3 toplayan Bakı 140 şəhər içində 103-cü yerdədir. Bakının 1.6 bal irəlilədiyi qeyd olunur.

MELBURN vs. SİDNEY

Müqayisə üçün, Melburn şəhəri 97.5 balı beş kateqoriya üzrə toplayıb –sabitlik (95), tibbi xidmət (100), mədəniyyət və ətraf mühit (95,1), təhsil (100), infrastruktur (100).

«The Guardian» qəzeti yazır ki, bu reytinq Avstraliyanın paytaxtı Sidney şəhərinə bir zərbə sayılır. Sidney ötən il yeddinci yerdəydi, bu il 11-ci yerə düşüb, səbəb terror təhlükəsinin yüksəkliyidir.

Melburnun meri Robert Doyle deyib ki, altı il ard-arda bu titulu saxlamaq şəhərdən ötrü fantastik göstəricidir və «hamımız bununla fəxr etməliyik».

«Bu titulu «belə də olmalıdır» kimi qəbul etmirik, daima həyat şəraitimizi yaxşılaşdıracaq siyasət hazırlayıb həyata keçiririk», - mer sözlərinə əlavə edib.

XS
SM
MD
LG