Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Deputat: 'Cəza verməklə, istefa verməklə iş bitməz'


Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

YAP-çı deputat Məlahət İbrahimqızı Mingəçevir İES-də olub-bitənlərlə bağlı AzadlıqRadiosu-nun bəzi suallarını cavablandırıb

Mingəçevirdə İstilik Elektrik Stansiyasında (İES-də) olub-bitənlər çox sayda sual doğurur. Di gəl, bu suallar yalnız sosial mediada, mətbuatda səslənir və ən yaxşı halda ekspert səviyyəsində cavablandırılır. O cavabların qaneedici olub-olmaması da bir başqa məsələdir.

İlkin rəsmi versiyanı – qəzanın isti havadan qaynaqlandığına dair ehtimalı elə ölkə başçısı İlham Əliyevin özü müşavirədə yalanlayır və bunun inandırıcı olmadığını bildirir, “Azərenerji” ASC-nin rəhbərindən cavab tələb edir, “siz xalq, ölkə qarşısında utanmalısınız” deyir. Səhiyyə nazirinin ona yalan məlumat verdiyini, bunun “həqiqətəuyğun olmadığını”, yumşaq şəkildə də olsa, bəyan edir.

Sual olunur: Bəs sonra? Hanı günahkar? Niyə komissiya üzvlərinin sadaladığı nöqsanlara görə qurumun rəhbərindən hesabat tələb olunmur? O, niyə cəzalandırılmır və ya özü istefa vermir? Niyə heç nə olmamış kimi hər kəs işində-gücündədir?

AzadlıqRadiosu bir neçə gündür hökumətdən, hakim partiyanın Milli Məclisdəki üzvlərindən son günlərin hadisələri ilə bağlı müsahibə, açıqlama almağa çalışır. Amma onlar ya telefona cavab vermir, ya da məşğul olduqlarını deyirlər.

Məsələn, prezidentin köməkçisi Əli Həsənov ancaq gələn həftə danışa biləcəyini söylədi. Baş nazirin köməkçisi isə mətbuat xidmətinə müraciət etməyi məsələhət gördü.

Nəhayət iyulun 6-da YAP-çı deputat Məlahət İbrahimqızı, ayaqüstü də olsa, suallardan bir neçəsini cavablandırdı. Hərçənd, səlahiyyət sahibi olmadığını özü də etiraf etdi, amma...

Məlahət xanım, son günlərin hadisələrini – Mingəçevirdəki İES-də baş verənləri, ölkənin qaranlıqda qalmasını necə qarşıladınız?

Olan şeydir. Gündə sönmür, həftədə sönmür, ayda sönmür, ildə sönmür. İndi bir hadisə olub. Məsuliyyətsizlər, səriştəsizlər, işini yarıtmazlar cəzalandırılacaqlar, onlara adekvat cavab veriləcək. Siz prezidentin müşavirəsinə də baxdınız. Möhtərəm prezident necə sərt çıxış etdi. Bu iş araşdırılır. Dövlət komissiyası yaradılıb. Bir daha deyirəm, cavabdeh adamların zərrə qədər məsuliyyətsizliyi varsa, buna görə adekvat cavab veriləcək.

Bu müşavirənin ardından bir sual da səslənir ki, niyə prezident “Azərenrji”nin rəhbərini işdən çıxartmadı və ya niyə o şəxsin özü istefa vermədi?

Cəza verməklə, istefa verməklə iş qurtarırmı ki? Siz hesab edirsiniz ki, ən yaxşı hal istefa verməkdir?

Adam işini yarıtmayıbsa...

İstefa verməklə problem həll olunmaz. Nə bilirsiniz qərar necə olacaq? Ona görə tələsdirmək də lazım deyil, arada katalizatorluq da etməməliyik. Əksinə, bu tək Azərbaycanda olmayıb ki. Seçkiöncəsi Türkiyədə partiya sədrlərindən birini güllələdilər. Onda gərək istefa verəydi, deyəydi ki, ölkədə fövqəladə haldır? Avropada da belə hallar olur. Fransada neçə vaxtdır tətildir, Macron-un istefasını istəyirlər. Belə populist... istefayla iş həll olunurmu? Olunmur. Ona görə möhtərəm prezidentimiz... O açıq iclas idi. Prezidentin də hər sözünü sadə insanlar dəyərləndirməyə bilərlər. Bu, vacib də deyil. Amma ziyalı adamlar, ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti, ekspertlər bilirlər ki, prezidentin o sözləri, cavabı nədir. Ona görə də aranı qızışdırmamalıyıq. Sakitcə nəticəni gözləməliyik.

Sizcə, işi yarıtmaz vəzifəli şəxs vəzifədən uzaqlaşdırılmamalıdır?

Birincisi, o səviyyədə olan məsələlər mənim səlahiyyətimdə deyil, nə də sizin səlahiyyətinizdədir. Prezidentin səlahiyyətindədir. Prezident də o sözləri deyibsə, deməli, o sözlərin arxasında nəsə var. Biz bunu müzakirə etmirik. Mən müzakirə etmək fikrində deyiləm. Yəqin müşavirəyə siz də qulaq asmısınız. Prezident aidiyyatı adamlara o sözləri ki deyirdi, yəqin dəyərləndirirsiniz, yəqin bilirsiniz hər sözdən sonra atılan addım nə ola bilər. Bu sualınıza cavab verilib. Düzdür?

Prezident, sadəcə, cavabdeh qurumun rəhbərinə dedi ki, ölkə, xalq qarşısında utanmalısınız. Məsələ utanmaqla bitir, sizcə?

Bir də qulaq asın. Yaxşı? Oldu? Sağ olun...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG